OĞRU ELƏ BAĞIRDI….
Təbrizdə bir M.Nalbandyan (Nalbəndi, olsun Nalnallayan) adlı Qafqaz üzrə ekspert var. Yeri-gəldi gəlmədi, düz və nahaq İran “dini”nin və şiəliyinin müdafiəsinə qalxır.
Bu dəfə Qarabağın işğalı zamanı iranlıların Şuşa məscidlərindən birini o vaxtkı erməni işğalçılarının “icazəsi” ilə guya təmir etdiklərinə edilən irad Nalbandyana yaman təsir edib. O, bir siyasi ekspert kimi iranlıların həmin əməlinin daha geniş kontekstdə nə demək olduğunu guya anlamayaraq, həmin iradı nə az-nə çox, İran şiəliyinə qarşı mübarizə adlandırır. Demə, bizim hakimiyyət məscidləri dağıtdığı (?!) zaman İran gedib Şuşadakı məscidi məhv olmaqdan qoruyub (?).
İndi kimsə belə eksperti hansısa obyektiv bir fikrə inandıra bilərmi, əlbəttə, yox!Çünki o, ancaq “xoşxidmət”lə məşğuldur. İran şiəliyinin hüquqlarının müdafiəçisi onların hüquqlarının “pozulması “, yəni iranlıların Şuşa məscidinin təmirinin, əslində onların işğala dini legitimlik vermək əməllərinin rədd edilməsi ətrafında hay-küy qaldırmaqla kifayətlənməyərək mollaları hərəkət etməyə çağırır.
Azərbaycanlılığından/türklüyündən (əgər azərbaycanlıdırsa) ancaq şiəliyi İRS almış bu ekspert yazır: “İndi üləmaların etiraz zamanıdır…Qarabağda ..məscidlərin dini (?) və şiə irsinin məhv olmasına(?) yol vermək olmaz… Bu, binaların məhv olması (?) eyniylə əlifbanın (?) dəyişdirilməsinə bənzəyir…”
40 milyonluq, yaxşı 30 milyonluq, lap olsun 20 milyonluq bir xalqın nümayəndəsini Ana dilinin (bəlkə ana dili türki deyil) bütün rəsmi/dövlət səviyyələrində işlənməsinin qadağan olunması, ev və həyət-bacada əsir-yesir edilməsi yox, fars millətinin hakimiyyətinin iki əsas qolundan biri olan fars şiəliyinin Şimali Azərbaycanda vəziyyəti ciddi narahat edir. Doğrudanmı anlamır ki, Şimali Azərbaycanda İslam dini var fars şiəliyi yox.
Tanınmaq istəyən, indilərdə təbrizli, “azərbaycanlı ” ekspert bunu başa düşsə, güman var ki, bəzi digər məsələləri də bəlkə başa düşər.
AMMA ÇƏTİN Kİ, BAŞA DÜŞƏ
Vidadi Mustafa
Şərhlər bağlıdır.