LÜTFƏLİ ƏRDƏBİLİ (FƏLƏKİ) – FƏDAİLƏR

(1929, Ərdəbil – 2009, Bakı)

Lütfəli Ərdəbili (Fələki) bütün yerli kəndlilər kimi bölgə xanlarının zülmü və təcavüzü ilə qarşılaşan, eyni zamanda fürsət düşdükdə mülkədar sisteminə qarşı döyüşənlər sırasına qoşulan Ərdəbil vilayətinin kəndlilərindən biri idi. Azərbaycan Demokratik Firqəsinin Gənclər Təşkilatına üzv olmuş, 1945-ci ildə baş vermiş 21 Azər hətəkatında iştirak etmiş və Ərdəbildə firqənin fəallarından biri kimi yetişmişdir. 21 Azər hərəkatının məğlubiyyətindən sonra Azərbaycan Respublikasına mühacirət etmişdir.

Mühacirət illərində əvvəl sənaye müəssisələrində, sonrakı illərdə isə Azərbaycan Demokratik Firqəsinin müvafiq təşkilatlarında çalışdı və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü oldu. Bu firqədə şöbə rəhbəri kimi fəaliyyətini ömrünün sonuna qədər davam etdirdi.

Lütfəli Ərdəbili Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsində fəaliyyəti ilə yanaşı 21 Azər hərəkatında silahlı fədai qüvvələrinin formalaşmasına həsr edilmiş geniş elmi araşdırmalarını da davam etdirdi  və  tarix doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi yazdı. Bu elmi-tədqiqat işi Azərbaycan Demokrat Firqəsinin fədailərinə dair ən dəyərli və sənədləşdirilmiş araşdırmalardan biridir.

L.Ərdəbilini 1978-ci il inqilabından əvvəl tanıyanlar və bu inqilabdan sonra ölkədə yeni qurulmuş islam rejiminin demokratik təşkilatlara, eyni zamanda Tudə partiyasına məlum hücumlarından sonra İrandan Bakıya mühacirət edib onunla yaxından tanış olanlar, həmsöhbətləri, hamısı onun sağlam nəfsi, insani keyfiyyətləri və özünə yetərincə tələbkarlığı, İrandakı Azərbaycan xalqının milli hüquqları uğrunda fədakar, davamlı və dönməz mübarizə ruhuna malik olması barədə danışırdılar.

L.Ərdəbili nəinki Azərbaycan və rus dillərini yaxşı bilirdi, həm də gənc yaşlarında vətənlərini tərk etmək məcburiyyətində qalan Azərbaycan Demokrat Firqəsininn bir çox üzvündən fars dilini daha səlis bilirdi.

1978-ci il İran inqilabından sonrakı illərdə təşkil olunan plenumlarda, milli konfranslarda daha çox İran və Azərbaycanın yeni mühiti, xalqın mədəni və dil dəyişikliyi barədə İrandan mühacirət etmiş insanlar vasitəsilə daha çox məlumat əldə etməyə, Azərbaycan Demokrat Firqəsinin milli mübarizəsinin yeni taktikasının  işlənib hazırlanmasında onlardan yetərincə faydalanmağa çalışırdı.

Lütfəli Ərdəbili 80 yaşında Bakı şəhərində vəfat etmişdir.

(“Rah-e Tude” qəzetinin 11 may 2009-cu il tarixli 222-ci sayında Lütfəli Ərdəbili barədə dərc olunmuş məlumatdan istifadə edilmişdir)

 

 

          

Lütfəli Ərdəbilinin (Fələki) “Fədailər Azərbaycan xalqının 21 Azər hərəkatında (1324-1325)” (“Azərbaycan” ruznaməsinin nəşriyyəsi, 1982) adlı kitabından iqtibaslar:

Iran tarixində “21 Azər (1945-1946)” hərəkatı adı ilə tanınmış Azərbaycan xalqının milli-demokratik hərəkatı İran xalqlarının istiqlal və demokratiya uğrunda apardığı mübarizələrin davamı, təkmilçisi və eyni zamanda yeni mərhələsi olmuşdur.

21 Azər hərəkatının qələbə çalmasında, Azərbaycan Milli Hökumətinin yaranmasında, inqilabın nailiyyətlərinin qorunmasında fədailərin mühüm rolu olmuşdur. Fədailər inqilabın ilk silahlı dəstələrini təşkil etmişlər.

Fədai dəstələri 21 Azər hərəkatının qələbəsinin zamini və Azərbaycan Milli Hökumətinin təşkilinin əsas qüvvəsi, Azərbaycan xalqının silahlı mübarizəsini təmsil edən ilk hərbi qüvvə olmuşdur.

Fədai sözü Azərbaycan tarixində hələ orta əsrlərdən işlədilməyə başlamışdır. “İstəyi olmadan zorla və yaxud bir padşahın, bir şəxsin hökmü ilə deyil, öz meyli və razılığı ilə canından keçməyi tələb edən bir işə əl atan şəxsə fədai deyilir. Başına ox və daş yağdırılsa da öz məqsədindən fədai əl çəkməz!” (“Dehxuda lüğəti”, cild 79, s.81).

Fədai sözü Azərbaycanda xüsusilə Məşrutə hərəkatı zamanı öz həqiqi mənasında səslənmiş və orada xalq mənafeyi xatirinə irtica və imperializmlə üz-üzə gələrək qəhrəmanlıqlar yaradan dəstələr və şəxslər özlərini fədai deyə adlandırmışlar (Kərim Tahirzadə Behzad. Qiyam-e Azərbaycan dər enqelab-e Məşrutiyyət-e İran, Tehran, 1334/1955, s.44-46). Azərbaycan xalqı həmişə bu fədailərin xatirəsini əziz saxlamış və onlara dərin hörmət bəsləyərək başladıqları inqilabi mübarizəni davam etdirmək, qələbəyə çatdırmaq əzmində olmuşlar. Ona görə də 21 Azər (1945-1946) hərəkatının inkişafında silahlı mübarizəyə əl atan xalq nümayəndələri ilk gündən özlərini fədai adlandıraraq Azərbaycan xalqının demokratik mübarizəsini qələbəyə çatdırmaq uğrunda canlarını verməyə hazır olduqlarını bildirmiş, bunu da həyatda və əməldə qəhrəmancasına sübut etmişlər. Fədailərin 21 Azər hərəkatında iştirakını  və xidmətini yüksək qiymətləndirərək Azərbaycan Demokrat Firqəsinin banisi və milli hökumətin başçısı S.C.Pişəvəri  Milli Məclisin 2-ci iclasında  fədailərin rolundan danışaraq demişdir: “Milli azadlığımızın birinci zamini Azərbaycan Demokrat Firqəsidirsə, onun ikinci zamini fədailərimizdir” (S.C.Pişəvəri.Seçilmiş əsərləri, Bakı, 1965, s.354).

21 Azər hərəkatının izlərini, Azərbaycan xalqının milli şüurunda yaranmış mühüm dəyişiklikləri aradan aparmaq üçün İran irticası və beynəlxalq imperializm 21 Azər

hərəkatına, onun fəal qüvvəsi olan fədailərə qarşı olmayan töhmətlərə və

 

iftiralara əl atmış və atmaqdadırlar. Beləliklə də onlar özlərinin Azərbaycanda törətdikləri qanlı fitnələrə bəraət qazandırmaqla Azərbaycan və eləcə də bütün İran

xalqlarının azadlığı uğrunda böyük mübarizənin mahiyyətini pərdələyir və tarixi saxtalaşdırmağa can atırlar.

Həmin məqsədlə də İran irticası və onların müdafiəçiləri olan jurnalistlər, tarixçilər 21 Azər hərəkatı və bu hərəkatda böyük rolu olan fədailər haqqında 30-a yaxın kitab və kitabçalar nəşr etmişlər. Həm də onlar mürtəce mətbuatda Azərbaycan və Kürdüstandakı milli-demokratik hərəkatın mahiyyətini saxtalaşdırmağa, məqsədlərini təhrif etməyə, Azərbaycan və eləcə də kürd xalqına  böhtanlar atmağa cəhd etmişlər.

Bütün bunlarla əlaqədar 1945-1946-cı illərdə Azərbaycanda baş vermiş milli-azadlıq və xalq demokratik hərəkatının, həmin hərəkatın silahlı qüvvələri olan fədailərin rolu və əhəmiyyətini müəyyən etmək, onun tarixi, eləcə də iqtisadi, ictimai və milli köklərini müəyyənləşdirmək, rəhbər və hərəkətverici qüvvələrini aydınlaşdırıb aşkara çıxarmaq mühüm vəzifələrdəndir.

L.Ərdəbilinin (Fələki) “Fədailər Azərbaycan xalqının 21 Azər hərəkatında (1324-1325)” adlı kitabında da 21 Azər hərəkatında mühüm rol oynamış, onun ilk və əsas silahlı qüvvələrini təşkil etmiş fədai dəstələrindən bəhs etməyi, onların sinfi tərkibini, eyni zamanda hansı mərhələlərlə hədəfə doğru irəlilədiklərini və nəhayət 1945-1946-cı illər İran azadlıq mübarizəsinin tərkib hissəsi olmaq etibarilə Azərbaycan xalqının milli-demokratik hərəkatında fədailərin oynadığı rolu təhlil etməyə təşəbbüs göstərilmişdir.

 

                   

L.Ərdəbilinin bu əsəri Azərbaycan və eləcə də bütün İran xalqlarının azadlığını təmin etmək uğrunda şəhid olmuş ata, qardaş və bacılarımızın xatirəsini gənc nəsillərin zehnində əbədiləşdirmək və fədai hərəkatı barədə bəzi fikirlər və nəticələr irəli sürmək məqsədilə yazılmışdır.

21 Azər hərəkatında fədai dəstələrinin rolu və mövqeyi məsələlərini tədqiq edən müəllif mənbələr içərisində birinci yeri hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinə, bu firqənin və onun yaratdığı milli hökumətin nəşr etdiyi rəsmi qərarlar və sənədlərə vermiş, eyni zamanda İran daxilində bu hərəkata dəstək verən, onu müdafiə etmək mövqeində dayanan Tudə partiyasının və digər mütərəqqi təşkilatların nəşriyyələrindən də faydalanmışdır. Müəllif fədailərin 21 Azər hərəkatında rolunu araşdırarkən və dəyərləndirərkən İranın mürtəce mətbuatının diqqətli və tənqidi şəkildə nəzərdən keçirilməsini də zəruri hesab etmiş, onlardakı materialları və tarixi faktları elmi dövriyyəyə cəlb etmişdir. Göstərilən illərdə fədailərlə bağlı araşdırmalarında müəllif Sovet İttifaqında, xüsusilə Azərbaycan Respublikasında nəşr olunmuş qəzet və dərgilərdə getmiş bir sıra mühüm xəbər və məqalələri də diqqət mərkəzində saxlamış, onlardan istifadə etmişdir.

21 Azər hərəkatı və həmin hərəkatın hərbi qüvvəsi olan fədailərin milli mübarizəsi haqqında İranda nəşr olunan kitab və məqalələrdə bu hərəkata münasibətdə bir-birinə zidd olan fikirlər öz əksini tapmışdır. Müəllif onları da elmi təhlil etmiş, məntiqi və tarixi həqiqətləri əks etdirən nəticələr çıxarmış, bundan sonra onları oxucusunun diqqətinə təqdim etmişdir.

Adıgedən kitabın müəllifi L.Ərdəbili fədailərlə bağlı araşdırmalarında bir sıra arxiv materiallarına müraciət etmiş, hadisələri doğru-düzgün dəyərləndirmək imkanı verən çox gərəkli sənədləri elmi tədqiqat işinə cəlb etmiş, eləcə də 21 Azər hərəkatının bu və ya başqa dərəcədə iştirakçısı olmuş, yaxud hərəkatın ayrı-ayrı mərhələlərinin, hadisələrinin şahidi olmuş şəxslərin xatirələrindən də istifadə etmişdir.

Material Səməd Bayramzadə tərəfindən hazırlanmış və “azərbaycan-ruznamesi.org” saytının dəyərli oxucularının diqqətinə təqdim edilir.

P.S.Sonrakı saylarımızda imkan olduqca fədailərin 21 Azər hərəkatında iştirakını və rolunu əks etdirən materiallar ardıcıllıqla dərc ediləcəkdir.

Bakı, 21 fevral 2021-ci il

 

 

Şərhlər bağlıdır.