Süleyman Əmini Azərbaycanın görkəmli şairlərindəndir. Onun şeirlərindən bir neçəsi qəzetimizdə indiyə kimi dərc edilmişdir. Aşağıdakı şeir şaririn ədəbi yaradıcılığından bir nümunədir.
(12 yaşındakı Nərimanın və 13 yaşındakı Malikin Sərab fədai başçısı Əbdüləli Mərdaninejada müraciətləri)
Malik və Nəriman
Malik: Yaz fədai məni, ey şanlı komandan, gedirəm
Gedirəm yurdumun uğrunda verim can, gedirəm
Nəriman: Sevərəm xidmət edəm mən də müqəddəs vətənə
Sırıyam gülləni şəmşir kimi ta əhrimənə
Yaz fədai məni də, əsləhə lütf eylə mənə
Fədai başçısı Əbdüləli Mərdani Nejad:
Siz uşaqsız, gücünüz çatmaz oğul, avtomata
Qamətiz qısadır, əlbəttə minəmməzsiz ata
Siz oğulsuz mənə, mən də sizə istəkli ata
Sizə xidmət edirəm, mən özüm əlan gedirəm.
Malik: Neylər, olsun uşağam, məndə ərənlər gücü var
Yurdumun aşiqiyəm, eşqdə nərlər gücü var
Diqqət ilə baxsan, şöleyi-Azər gücü var
Gedirəm, mən qoyaram düşmənə tufan, gedirəm.
Nəriman: Yaz, sən Allah məni, fikr eyləmə, neylər uşağam
Babək övladıyam, əlbəttə atam tək qoçağam
Gər boyum qısadısa, bir dənə kəskin bıçağam
Gedirəm bağrın edən xainin al-qan, gedirəm.
Fədai başçısı: Hələ vaxtız deyil, oğlum, qayıdun mənzilizə
Siz səadət tapasız, ax necə ləzzətdi bizə
Biz gərək xidmət edək həm vətənə, həm də sizə
Mən özüm zülm ocağın etməyə viran gedirəm.
Malik: Doğrusu, əsləhənin səbrimi almış həvəsi
Anamın lay-layı tək xoşdu mənə güllə səsi
Yatar asudə bu günlərdəmi babək nəvəsi
Gedirəm, əmr eləyir çün mənə vicdan, gedirəm.
Nəriman: Mənə rahətlik olarmı belə günlərdə halal
Tapmayıb ta ki, vətən düşməninin ömrü zaval
Çalışıb vurmamışam sinəmə ta şanlı medal
Qayıda bilmərəm ölsəm də bu yoldan, gedirəm.
Fədai başçısı: Var kifayət qədəri şanlı fədailərimiz
Həmdi, qeyrəti, imanlı fədailərimiz
Yurdumuz hafizi, vicdanlı fədailərimiz
Tutmuşam onlar ilə əldə bir ünvan, gedirəm
Malik: Azəristan öz anamdır, qucağı aşyanım
Anamın ismətinə qoy ola qurban bu canım
Cuş edib durmuru, Vallahi, damarlarda qanım
Səni Tanrı, mənə də ver gələ fərman, gedirəm.
Nəriman: Becəribdir qucağında məni bu şanlı vətən
İndi vacibdir, onu hifz eləyim sidq ilə mən
Mən fədayam vətənə, köynəyim əynimdə kəfən
Vermişəm öz anama sidq ilə peyman, gedirəm.
Fədai başçısı Əbdüləli Mərdani Nejad:
Belə israr eləyib qoymusuz heyrətdə məni
Çox sevərsiz, edəsiz hifz müqəddəs vətəni
Gəlin indi, götürün, sevdiyiniz əsləhəni
Gətirib mən də sizin eşqizə iman, gedirəm.
Süleyman Əmini,
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 184, 28 aprel 1946-cı il
Şərhlər bağlıdır.