ATIL-BATIL ÇƏRŞƏNBƏ, BAXTIM AÇIL ÇƏRŞƏNBƏ!

Əslində bahar türk dünyasının bayramıdır. Belə ki, uzun əsrlər və qərinlər boyu əsasən köçəri həyat tərzi sürmüş, xüsusilə maldarlıqla məşğul olaraq ilin fəsillıərini daha çox yaylaq-qışlaq mövsümləri ilə tənzimləyən türklər ilin bu fəslini təbiətin oyanışının başlanğıcı hesab edərək, bütün işlərini və hesablarını baharın gəlişinə, iş-gücün bu zaman başlanmasına bağlamışlar, hətta türk sultanları bahar fəslinin ilk gününü – 21 martı təqvim ilinin ilk günü kimi təyin edərək vergilərin toplanması zamanını da həmin günə nisbətdə təyin etdilər.

Yazın ilk günü xalq qarın, qışın getmsindən və təbiətin ayılmasında sevinib öz şadlıqlarını müxtəlif mərasimlərdə əks etdirməklə baharı qarşılamışlar. Baharda nəinki təbiət canlanır, al-əlvan geyinir, bütün çöl-çəmən, dağ-meşə yaşıllığa bürünür, eyni zamanda bütün canlı aləm hərəkətə gəlir, coşur, cütləşir, valideynlər oğulları-qızları üçün ən yaxşı geyimləri tədarük edir, onlar üçün ən yaxşı və xoşbəxt anlar bəxş edəcək günləri arzulayır və yalnız bəxtəvərlikdən danışırlar.

Həftənin çərşənbə axşamı günü xalq arasında yüngül və yaxşı gün hesab edildiyindən, həmin günlərdə təmizləmə, yuma işlərini görərdilər, “əzizi ölənlərin ürəyi açılmaz” deyə tanışlar, yaxınlar gedib onun da evinin tozunu alardılar.

El-obamızda adətdir ki, bayrama qırx gün qalmışdan pay yollamaq fikrinə düşərlər. Gəlinlərə ata və ya qardaş evindən, adaxlı qızlara isə oğlan evindən pay gedər, imkan olarsa, xala və bibini də yaddan çıxarmazlar, payın üstünə onlar üçün də “xələt” qoyarlar.

Dahi Şəhriyarın “Heydər babaya salam!” poemasında “Novruz”un bu adət-ənnənələri beləcə tərənnüm edilir:

Bayram idi, gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamq!
Bəy şalına bayramlğı bağlamaq!
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər
Taxçalara düzmələri düzərlər
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
Bakiçinin sözü, sovu kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, cəvizi
Qızlar deyər: “Atıl-batıl çərşənbə,
Ayına təkin baxtım açıl çərşənbə!”

Evin kişik yaşlı oğlan uşaqları üçün “su bülbülü”, tütək və kiçik yaşlı qız uşaqları üçün isə “dülgə” qoyardılar. Kuzəçilər bu əşyaları saxsıdan düzəldər və onların üzərində də gül və ya başqa şəkillər çəkərdilər. Su bülbülünə su töküb lüləyindən üfürərdilər və o da bülbül səsi çxarıb bülbülün yazda cəh-cəh vurmasının yaxınlaşmasını bildirərdi. Dülgənin içərisinə müxtəlif rənglərlə boyanmış yumurta qoyardılar.

Çərşənbə axşamlarında gün batandan od yandırmağa başlayarlar. Oddan qabaq evdə qalan qızları çubuq və ya süpürgə ilə bayıra qovan, onların tez ərə getməsini istəyən analar da olardı. Uşaqlar “taraqqa” adlı fitil düzəldib yandırar və göyə atardılar və göyə atılan həmin yanar fitil ulduz saçan fişəng rolunu oynayardı. Əgər həmin gün yerdə qar olsaydı, uşaqlar qaş-qabaq sallayıb deyərdilər: “Ulduzlu fişəng top-taraqqa, çərşənbə qaldı qar altda”. Od qaladıqdan sonra evə gedib qarışıq məcməyinin (sininin) başında oturarlar. Həmin məcməyidə iydə, qax, noxud, kişmiş, quru tut və qorğa olardı. Məcməyidə ailə üzvlərinin sayı qədər şam yanardı. Boş otaqlarda və dəhlizdə də şam yandırarlar.

Qulaq asmaq, qapı pusmaq, qurşaq atmaq (şal sallamaq) çərşənbə gecəsinin mərasimlərindəndir. Niyyət eləyib özgənin evinə gedib qapı və ya pəncərə arxasından qulaq asarlar, yaxşı sözü xoş və pis sözü də bəd əlamət kim bilərlər. Ona görə də bu günlərdə uşaqlara tapşırırlar ki, evdə yaxşı söz danışsınlar ki, birdən qulaq asmağa gələn olar.

El adətinə görə kənd yerlərində evlərin bacasından və ya da qapıdan içəriyə qurşaq atarlar (biz indi buna “torba atdı” və ya “papaq atdı” da deyirik). Ev yiyəsi də məcməyidə olan qarışıq sovqatlardan və ya da bir xələt qoyub qurşağın başından tərpədərək “day çək apar” sözünü deyər. Oğlana sevdiyi qızı verməyəndə, oğlan özü və ya da qohum-qardaşdan biri qız evinə qurşaq atar. Bəzi vaxtlar qız evi “day əziz gündə gəliblər” deyib qurşağa bir şey qoymaqla öz razılıqlarını bildirərlər.

Çərşənbə axşamı gecəsi evdə zibil qoymazlar qalsın. Mis qabları qalaylatdırarlar. Kimsə həmin axşam öz evindən başqasına qonaq getməz, qonşuda da qab qalmaz, onu qaytararlar. Xanımlar da yatmamışdan öncə əllərinə həna qoyarlar. Səhər çağı ala qaranlıqdan durub su novunun üstünə gedərlər, nov üstündən atlanıb “diş ağrım, baş ağrım, göz ağrım burda qalsın deyərlər, təzə kuzədə nov üstündən evə su gətirər, o sudan evin 4 bucağına səpib “qoy qurd-quş olmasın” deyə söyləyərlər. “Bəxtim açılsın” deyib suyu qıçları ilə kəsərlər. Uşağı olmayan qadınlar, gəlinlər “çilləm kəsilsin” deyib su üzərindən atılarlar və həmin suda əl-üzlərini də yuyarlar. Beləliklə, gecə əllərinə qoyduqları xınanı yuyub yaxın tanışlarla görüşməyə, çərşənbələri təbrik etməyə gedərlər. Uşaqlara da boyanmış yumurta verirlər və bundan sonra küçələrdə yumurta oynu başlayır. Şəhriyar demişkən:

Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanları soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə Noruz gülü dərərdi!

Elimizin adətinə görə, çərşənbə günü küsülüləri barışdırıb düşmənçiliyi aradan qaldırmağa çalışırlar. Barışıq niyyəti olan tərəf “gəlmişəm çərşənbələşməyə, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də” deyərək qarşı tərəfin ürəyində bir məhəbbət və mərhəmət hissi yaradaraq son nəticədə sülhə nail olur.

Çərşənbə axşamı günü qonşu-qonşuya, dükan-dükana od verməz. Deyərlər “od verilən yerdən işıq kəsilər!”

Bayramda il təhvili süfrəsi üzərinə toyuğun sinəsini, balıq, qiymə, kükü, sumaq, sarmısaq (və ya da turşusunu), gülab, göyərti və məcməyidə çərşənbə qarışığı qoyarlar.

Aynanın (güzgünün) üzərinə Quran və onun da üzərinə sikkə qoymaq adəti də var. Belə ki, sübh tezdən evin çörək qazananı işə gedəndə ailənin ən kiçik üzvü həmin sikkəni ona verir. İl təhvil olan kimi gəlin qaynananın əlinə gülab tökür, qaynananın üzündən, qaynatanın isə sağ çiynindən öpür.

Türk ellərinin bahar bayramı ilə bağlı keçirilən el şənliklərində bir “Təkə” (Təkəm və ya da Təkəmçi) totemi də vardır. Maldarlıqla məşğul olan köçəri türk tayfalarında yaz-yay qıvraq və sürünün başında qabaqda gedən erkək keçiyə təkə deyərlər. Təkə yağışı-qarı sevməz və belə şəraitlərdə acizləşər. Ona görə də türk ellərinin adət-ənələrindən qaynaqlanmış şifahi xalq ədəbiyyatı nümunələrimizdə belə bir deyim də var. Yazda təkədən soruşurlar “ay təkə bu sürü kimindir?”. Təkə sinəsini qabağa verib deyir “Mənimdir!”. Amma qar-yağışda özünü itirər və deyər “Bilmirəm!”. Beləliklə, baharın gəlməsindən hamıdan çox təkə sevinər.

Bəlkə, elə buna görədir ki, baharla bağlı el şənliklərində Təkəm və ya Təkəmçi boynuna bir torba salıb aldıqlarını ora yığar və taxtadan düzəltiyi təkə fiqurunu oynada-oynada özü də belə oxuyar:

 Təkəm oyun eylər,
Qurdu qoyun eylər.
Yığar Gilan düyüsün,
Çəpiş bəyin toyun eylər!

Həmin taxta fiqurdan olan təkənin belinə fərş bağlayar, boynuna zınqırov salar və başına da qotaz taxarlar. Təkəni bəzəmək üçün güzgü və muncuqdan da istifadə edilir. Elə buna görə də həmin təkə fiqurunu oynadıb, oxuyan şəxsə “Təkəm” və ya “Təkəmçi” deyirlər. Hər təkəmçinin özünəməxsus küçələri olar və ayrı təkəmçi ora gəlməz. Təkəmçi ərə getməli qızlara zarafatla öz qoşduğu şeirləri oxuyar, onları güldürər və onlardan ənamlarını alar:

Yaşlılar, ay yaşlılar,
Divardan boylaşallar,
Bu əyyamın qızları,
Ər üstə dalaşallar.
Ağ dumanın üzləri,
Yerə gəlməz dizləri,
Bu əyyamın qızları
Kəbin kəsir özləri.

Yazın gəlişini qarşıladığımız ən gözəl adətlər sırasında hamı üçün əziz olan 4 çərşənbə axşamı günləri vardır ki, Azərbaycanın Quzeyində onları belə sıralayırlar:

Su çərşənbəsi;

Od çərşənbəsi;

Yel çərşənbəsi;

Axır (torpaq) çərşənbəsi.

Çərşənbələrin içərisində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik və bütün pis əlamətlərdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, və s. kimi şirniyatlar hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə aid şam, boyadılmış yumurtalar qoyulur. Stolda yeddi növ yemək olur. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.

Güney Azərbaycanda da 4 (dörd) çərşənbə mərasimi mövcuddur və bu cür sıralanır:

  1. Xəbərçi çərşənbə;

El içində belə rəvayət edirlər ki, “xəbərçi çərşənbə” bayramın yetişməsi müştülüğunu verir və qar soyuğun getməsindən söz açır.

  1. Kölə çərşənbə;

“Kölə çərşənbə”də toyuqların tükünü yolub, qoyunlarln yununu qırxırlar. Bu gözəl dəb Azərbaycan xalqının təsərrüfat həyati, məşğuliyyəti və öz ellərinə, onun inkişafına, illərlə formalaşmız iş-güclərinə bağlılığı ilə izah oluna bilər.

  1. Qara çərşənbə;

“Qara çərşənbə”də el qadınları ev-eşiyin hisini-pasını alıb səliqə və sahman yaradarlar.

  1. Axır çərşənbə.
    “Axır çərşənbə”də ot-küləş yığıb yandırar, odun üstündən atılıb şənlik edərlər. Səhər çağı yuxudan durub mal-davarın üzünə su səpərlər və suyu aydınlıq bilib bayramın yetişməsini gözləyərlər.

Müstəqil Vətənimiz Azərbaycanda “Novruz”un qeyd edilməsi mərasimi artıq rəsmi bayram şəklini almışdır. Qeyd etməliyik ki, “Novruz” adlı bahar bayramımız, onunla ilgili mərasimlərimiz, adətlərimiz Azərbaycandan kənarda başqa şərq elləri arasında da geniş miqyasda yayılmış və qeyd edilir və bu gözəl mərasimlər sözün əsl mənasında sülh, dostluq, qardaşlıq və əmin-amanlıq bayramıdır.

Səməd Bayramzadə

Şərhlər bağlıdır.