L.ƏRDƏBİLİNİN FƏDAİLƏR BARƏDƏ KİTABIMIN DAVAMI OLARAQ CƏSARƏTDƏN BİR NÜMUNƏ

Azərbaycan xalqı müqəddəs olan öz vətənini hər cür hücumdan müdafiə etmək üçün hazırdır. Keçmiş Rza xanın zülmkar və mürtəce hökuməti azərbaycanlıları zülm və sıxıntı altında saxlayıb əzirdi. Amma bu əzmək heç zaman Azərbaycanın zəka və düşüncəsini və eyni halda onların qəlbində işıqlanan azadlıq şöləsini söndürə bilmədi. Əksinə, daha da işıqlandırdı. İndi tək cavanlar yox, eyni zamanda 11-12 yaşlarında uşaqlar da öz xalqının səadət və azadlığı yolunda hər cür fədakarlığa hazırdır.
11 aprel 1946-cı il tarixində Sərabda fədailər könüllü olaraq xidmətə yazıldığı zaman birinin adı Nəriman Mahmud oğlu, o birisinin adı Malik Manaf oğlu olan iki nəfər kəndçi uşaqları çox hərarət və sevinc ilə fədai başçısı və firqə nümayəndəsinə müraciət edib adlarının fədailər sırasında yazılmasını ciddi şəkildə xahiş edirlər. Fədai başçısı və firqə nümayəndəsi tərəfindən bəyan olunan “siz uşaq olduğunuza görə silah götürməyinizə icazə yoxdur, buna görə də siz fədai ola bilməzsiniz” xəbərini uşaqlar eşitdikləri zaman məyus bir qiyafə alıb azca sükutdan sonra ağlaya-ağlaya dedilər ki, biz uşaqlığımızdan hazırıq son damla qanımız qalana qədər müqəddəs olan vətənimizi müdafiə edib düşməndən qoruyaq. Ona görə də xahiş edirik ki, bizi bu səadətdən məhrum etməyib məyus qaytarmayasız. Əgər Yaşımız kiçik və biz uşaq olsaq da amma bizim damarlarımızdakı qan Azərbaycan qanıdır, bizdə uşaq-böyüyə təfavüt yoxdur.
Budur Azərbaycan xalqının öz millət və vətəninə olan marağı, azərbaycanlıların fədakarlıq və cəsarətindən bir nümunə. Çünki Azərbaycan övladı yaxşı başa düşür ki, onun səadət və xoşbəxtliyi azadlığı saxlamaqdadır. Buna görə bizim körpə balalarımız da çox kiçik yaşdan vətən uğrunda öz vəzifəsini yerinə yetirməkdə bir-birinə dəstək verib öz kiçik qəlblərində vətənlərinə olan eşqlərini və məhəbbətlərini xalqa sübut edirlər.
Yaşasın Vətənimizi müdafiə edən canfəşan fədailər, damarlarında həqiqi azərbyacanlı qanı axan cavanlarımız.

Sərab, Mir Vahab Əfxəm,
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 183, 26 aprel 1946-cı il

Şərhlər bağlıdır.