TEHRANIN TƏHLÜKƏLİ QARABAĞ PLANI: “ZƏNGƏZURDA HƏRBÇİLƏRİNİ YERLƏŞDİRMƏYƏ ÇALIŞIR”

İran Məsləhət Şurasının katibi Möhsün Rzayi ölkəsini Qarabağda atəşkəsə nəzarət və bərpa işləri üzrə komitənin üzvü olmağa çağırıb.

Martın 1-də Qum şəhərində Dağlıq Qarabağın işğaldan azad olunması münasibətilə toplantı keçirilən toplantıda çıxış edən Rezayi faktiki olaraq, İran silahlı qüvvələrini Dağlıq Qarabağa göndərmək iddiasını irəli sürüb.

Öz çıxışında həm də İsrailə qarşı bəyanatlar səsləndirən Möhsün Rzayi deyib ki, İran Dağlıq Qarabağa girməli, onun yenidənqurma işində rol oynamalı, atəşkəs komitəsində iştirak etməli və Laçın dəhizinə nəzarət işini öz əlinə almalıdır: “Bu gün Azərbaycan məsələsi bizim üçün təkcə qonşuluq məsələsi deyil.

Biz iki ölkədə yaşayan bir millətik və Azərbaycan bizim bir çox digər qonşularımızdan fərqlidir. Biz ortaq tarixi xüsusiyyətlərlə yanaşı, eyni mədəniyyətə və məzhəbə malik bir millətik. Hesab edirəm ki, İran İslam Respublikasının bu günə qədər yürütdüyü ən böyük səhvlərindən biri Azərbaycanı özü üçün qonşu ölkə saymasıdır. Halbuki bizim millət Azərbaycanın rus çarlarının əlindən azad olunması uğrunda minlərlə şəhid verib.

Belə ki, Bakı qəbiristanlığında İranın bütün əyalətlərindən olan igidlər yatıb. Elə igidlər ki, Azərbaycan uğrunda fədakarlıq etdikləri ilə fəxr ediblər. Bu gün bəzi ölkələr Dağlıq Qarabağa daxil olublar. Lakin İranın atəşkəs komitəsində iştirak etməsinin qarşısını alıblar. İsrailin bu regiona gəlməsinə, onun özü üçün keçid məntəqələri yaradıb əkin sahələrini ələ keçirməsinə imkan verilməməlidir.

Hesab edirəm ki, İran Dağlıq Qarabağa girməli, onun yenidənqurma işində rol oynamalı, atəşkəs komitəsində iştirak etməli və yaradılmış koridorlara nəzarəti öz əlinə almalıdır. Həm də muxtar Dağlıq Qarabağ Azərbaycana məxsus olmalı, bütün digər ölkələr oradan çıxıb getməli, Ermənistan qalan digər əraziləri təhvil verməli və Azərbaycan xalqı özü öz ərazilərini yenidən qurub çiçəkləndirməlidir”, -deyə, Möhsün Rzayi bəyan edib.

“Erməni hərbi texnikası Qarabağda İran yanacağı ilə hərəkət edib”

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Azerbaycan-ruznamesi.org -a açıqlamasında bildirdi ki, Möhsün Rzayi panfarsist düşüncə tərzi ilə tanınan siyasətçidir. Yəni o, İran mərkəzli, fars düşüncə sisteminin, ideologiyasının daşıyıcılarındandır. İranın Qum şəhərində şəhərində Rzayinin etdiyi çıxış yaxın tarixi təhrif etməkdən başqa bir şey deyil: “Əvvəla, İranın Azərbaycan qaçqınlarına 43 milyon dollar yardım xərcləməsi ilə bağlı məlumat yanlışdır. Məcburi köçkünlər yalnız Araz çayını keçdikdən sonra yalnız Azərbaycan ərazisinə yola salınmışdı. Hətta onları İran ərazisində incitmişdilər. Bununla bağlı dəqiq faktlar var. Sonra İran Azərbaycanda məcburi kökçünlər üçün çadır şəhərciyi inşa edərkən jurnalistlərin, Azərbaycan dövlət rəsmilərinin həmin əraziyə daxil olmasına icazə vermirdi. Çadır düşərgələri bir növ İran hakimiyyətinin adamları tərəfindən qorunurdu. Bu yardımlar İranın “İmdad Xomeyni” cəmiyyəti tərəfindən həyata keçirilirdi. Sonralar bu qurum Azərbaycandan qovuldu və fəaliyyəti dayandırıldı. Möhsün Rzayinin çıxışına gəlincə, o, səlahiyyətlərini aşaraq Dağlıq Qarabağdakı ermənilərə muxtariyyət vəd edir. Yəni Rzayi özbaşına danışaraq Azərbaycanda hansısa bir etnik qrupa muxtariyyət vəd edir.

Bu, Möhsün Rzayi kimi İran rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, dövlət suverenliyinə müdaxilədir. Azərbaycanda heç bir rəsmi şəxs bəyan edə bilməz ki, İranın Bəlucistan əyalətindəki bəlluclara, yaxud Xuzistandakı ərəblərə muxtariyyət verilsin. Xuzistan ərəbləri və bəlluclar sünni təriqətinə mənsubdur və onların farslarla heç bir bağlılığı yoxdur. Heç bir başqa dövlətin rəsmi nümayəndəsi onlara siyasi status istəyə bilməz. Amma Rzayinin açıqlaması İranın Qarabağdakı ermənilərə muxtariyyət vəd etməlidir. Bu onu göstərir ki, İran perspektivdə Qarabağdakı ermənilərə muxtariyyət verilməsi istiqamətində fəaliyyət göstərəcək. Yəni İran bundan sonra da Azərbaycana qarşı təxribatçı fəaliyyətini davam etdirəcək. Möhsünün Rzayinin çıxışı da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdiddir. O ki, qaldı Qarabağın azad olunmasında İranın guya yardım etməsinə bu da ağ yalandır.

Hər kəsə məlumdur ki, İranın 30 il ərzində Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə etdiyi yardımlar səbəbindən işğal bu qədər uzanıb. Erməni hərbi texnikası İrandan alınan yanacaqla Qarabağda, Azərbaycan torpaqlarında hərəkət edib. Azərbaycanın çar Rusiyasından İran tərəfindən azad edilməsi barədə Rzayinin dedikləri də tarixin saxtalaşdırılmasıdır. Xatırladım ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edəndə İran bu qərarı tanımadı. Bəyan etdilər ki, Azərbaycan adlı ərazi İranda da var və ona görə Azərbaycan Xalq Cümhuriyyəti adını dəyişməlidir. Sonrakı proseslərdə də İrandan Azərbaycana yardım edilmədi. Halbuki, həm tayda, həm bu tayda yaşayan azərbaycanlılar üçün vətən birdir. Bu vətənin azad olunması da onların vahid işidir. Möhsün Rzayi kimiləri də bu prosesə qarşıdır”.

“Bu, Azərbaycan üçün böyük təhlükədir”

Sədrəddin Soltan hesab edir ki, M.Rzayinin çıxışı əslində İranın Cənubi Qafqazda hərbi iştirakını reallaşdırmaq planından xəbər verir. Bu isə Azərbaycan üçün böyük təhlükədir: “İran uzun illərdir ki, Azərbaycanda hərbi mövcudluğunu göstərməyə çaılışır. Amma Rusiya buna imkan vermir. Rusiya bəyan edib ki, sülhməramlılara başqa ölkələr də qoşula bilər. İran da bu bəyanatı əlində rəhbər tutaraq, Rusiya ilə birlikdə Qarabağda, o cümlədən Laçın dəhlizində sülhməramlı adı altında hərbi varlığını göstərsin. Bundan başqa, İran Zəngəzur dəhlizində öz təhlükəsizliyini təmin etmək üçün hərbi qüvvələrini yerləşdirməyə çalışır. Amma İranın Ermənistanla 30 illik ticari, iqtisadi və digər sahələrdə əlaqələri deməyə əsas verir ki, rəsmi Tehran Qarabağda Rusiya və Ermənistanla birləşib Azərbaycana qarşı fəaliyyət göstərəcək. Rzayinin ad çəkmədən Türkiyəyə qarşı çıxış etməsi bunu təsdiq edir.

Çünki Türkiyənin bölgədə mövcud olmasından ən çox Ermənistan və İran narahatdır. Bu İran rəsmilərinin ilk çıxışı deyil. 44 günlük Vətən müharibəsi zamanı İranın prezidenti Həsən Ruhani, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Xarici İşlər Nazirliyinin mətbuat xidməti, İranın məhşur xəbər agentlikləri Rusiya, Fransa, Ermənistan mətbuatının “Qarabağda terrorçular döyüşür” kimi yalanını təbliğ edirdi. Möhsün Rzayinin çıxışı da bu yöndədir. Heç kimə sirr deyil ki, İranın əsas hərbi strukturlarından olan və vaxtilə Möhsün Rzayinin komandanlıq etdiyi İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) ABŞ tərəfindən terror təşkilatı elan edilib.

Deməli, öz ölkəsində terrorçu təşkilatı saxlayan, himayə edən bir rejimin qonşu ölkələrdə terrorçu axtarması gülünc və cəfəngiyyatdır. Bu fikir Möhsün Rzayiyə də, Həsən Ruhaniyə də, Azərbaycana qarşı şər-böhtan kampaniyasında iştirak edən hər kəsə aiddir”.

Şərhlər bağlıdır.