PƏRVANƏ MƏMMƏDLI: MIRZƏ İBRAHIMOV IDEYALARININ DAVAMÇISI, MILLI RUHLU, ƏQIDƏLI ZIYALI

Elmi-ədəbi  ictimaiyətimizə   ağır  itki üz  verib. Daha bir ziyalımızı,”Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru, AMEA-nın Ədəbiyyat  İnstitutunun şöbə   müdiri professor Teymur Əhmədovu  itirdik. Onu ”Respublika” qəzetindən  tanıyırdım. Sonralar yazdığım dissertasiyanın  elmi rəhbəri və çalışdığım şöbədə  müdirim oldu. Teymur  müəlllim milli  ruhlu, əqidəli, vətənsevər, ədalətli ziyalı idi. Bir insan kimi xeyirxah və haqqın tərəfdarı idi. Milli  düşüncəlilərə və  istedadlı  gənclərə hər zaman qəlbinin  və  redaksiyanın  qapılarını  açıq idi. Etibarsızlığı, üzüdönüklüyü bağışlaya bilmir, prinsipiallığı  ilə  seçilir, heç zaman  da təbiətinə dönük çıxmazdı. Teymur müəllimi pinsipiallığına görə, qəbul  etməyənlər də az  deyidi, tərəfdarları sevənləri daha  çox idi. Professor Əhmədovdan bəhs açmazdan əvvəl  onun yölgöstərəni, elmi  rəhbəri,  ümumiyyətlə həyatında böyk rol  oynayan görkəmli  ictimai  xadim , xalq yazıçısı və  ədəbiyyatşünas alim  Mirzə İbrahimovın adını çəkib, xatırlamamaq mümkünsüzdür. Mirzə İbrahimov gənc yetirməsində  olan elmi  potensialı və  səmərəli iş qabiliyyətini görüb onun  gələcəyinə  böyük  ümid  bəsləmişdi. Və Teymur  Əhmədovda  olan bu  və  başqa  müsbət keyfiyyətləri qiymətləndirib onu Elmlər Akademiyasına işə  dəvət  etmişdi.

Teymur Əhmədov məhz Mlirzə İbrahimovun tövsiyyəsi  ilə Nəriman Nərimanovun yaradıcılığını  geniş araşdırıb müdafiə (həm  namizədlik, həm  də doktorluq elmi işi kimi)  etmişdi. Bildiyimiz  kimi,  M.İbrahimov  “Pərvanə” romanını  xalqımızın  böyük vətənpərvər oğlu Nəriman Nərimanovun  həyatına  və ideya  mücadiləsinə  həsr etmiş və əsərində onun gözəl bədii  obrazını yaratmışdı.  Teymur  Əhmədov ustadının və  elmi  rəhbərinin  ona tövsiyə  edib sevdirdiyi bu şəxsiyyətlə – Nəriman Nərimanovla  bağlı gərgin axtarışlar aparıb işi elmi baxımdan davam etdirmişdi. Teymur  Əhmədov cəmiyyətdə fərqli  münasibət  bildirilən Nəriman Nərimanovun şəxsiyyətini, bədii və  elmi   yaradıcılığını ciddi  araşdırmaya  cəlb  edib ömrünün  50  ilini  bu  işə  sərf  etmişdi.

Nəticədə,  Mirzə İbrahimovun bədii  ədəbiyyatda yaratdığı Nəriman Nərimanovun mükəmməl obrazına tən  gələn gerçək istedad, bacarıq  və şəxsiyyətini üzə  çıxarıb elmi ədəbiyyatda  da təsdiq etmişdi.

Professor Teymur Əhmədovun elmi, ədəbi-bədii və publisistik yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Mən  daha  çox filologiya elmləri doktoru, professor Teymur Əhmədovun  Cənubla  bağlı fəaliyyəti  haqda yazmaq  istəyirəm.

Xatırladaq  ki, bu gün ədəbi, ictimai-siyasi  leksikonumuzda  işlənən “Cənubi Azərbaycan” terminini  ilk  dəfə elmi  dilə Mirzə müəllim  gətirmişdi. O vaxta qədər elmi və siyasi ədəbiyyatda “İran Azərbaycanı” məfhumu işlənirdi.

1976-cı ilin mayında Heydər Əliyevin xeyir-duası və Mirzə İbrahimovun təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatını öyrənən və araşdıran  şöbə yarandı. “Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda açıq yazmağa və danışmağa imkan verilmədiyi bir vaxtda Ədəbiyyat İnstitutunda xüsusi şöbənin açılması çoxları üçün  gözlənilməz idi və “XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi” adlandırılması özlüyündə bir ədəbi hadisə oldu.”

M.İbrahimov özü də əslən  cənublu  idi. O, uzun  müddət  öyrənilməyən Cənubi Azərbaycan, ədəbiyyat tarixini meydana  qoymağı öhdəsinə götürmüşdü.

Cənubi  Azərbaycanı tanıdıb,tədqiq  etmək bunun üçün bir  elmi  Mərkəz  yaratmaq  böyük  bir  hünər və qeyrət tələb  edirdi. Bir  zamanlar   Ana  dili  ugrunda  mücadilə  aparan,bu  işdə hətta yüksək  vəzifəsindən  keçən belə  bir  fədakar ziyalı o dövrdə  az qala  yasaqlanmış Cənubi  Azərbaycan  məsələsini meydana  atıb bu  işi  görə  bilərdi.

Mirzə İbrahimov özü bu barədə sonralar yazacaqdı: “Cənubi Azərbaycan ədəbiyyatını toplamaq, tədqiq etməkdə ilk addımdaca qarşımıza çıxan vacib məsələ haradan və nədən başlamaq məsələsi idi. Ayrı-ayrı yazıçıların əsərlərini toplayıb çapa vermək cəlbedici təsir bağışlayırdı. Lakin bu yol uzun yol idi, ədəbiyyatın ümumi mənzərəsini yaratmaq işini xeyli uzağa atırdı. Halbuki müəyyən konkret dövrdə, məsələn, XIX əsrin birinci yarısındakı kitablarda, tədqiqat əsərlərində, cari mətbuatda çap olunmuş əsərlərdən mümkün qədər ən yaxşılarını toplayıb antologiya şəkilində çapa verməyi əməkdaşlarımız razılıqla qarşıladılar. Beləliklə də işə başladıq”.

Şöbə  yaradılarkən  Mirzə İbrahimov  Teymur  Əhmədovu  işə  dəvət  etmişdi.  Qarşıda  görülməli  çox  işlər  var  idi. Cənubi Azərbaycan ədəbiyyatı müxtəlif qaynaqlardan toplanmalı, tərtib  olunub hazırlanmalı, şərh  və  izahlarla nəşr  olunub xalqa çatdırılmalı idi.Bütün  bu  işləri başda  Mirzə  İbrahimov  olmaqla  şöbə  əməkdaşları və  Mirzə  müəllimin müavini və  köməkçisi Teymur  Əhmədov özlərinə  vətəndaşlıq  borcu  bilirdilər.

Yeni  qurulan  şöbəyə Mirzə müəllim başqa  şöbələrdə çalışan, ümumilikdə fars-ərəb dilini,ərəb  əlifbasnı  bilənlərləri  toplamışdı.

Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri dördcildlik “Azərbaycan ədəbiyyatı antologiyası” bu sahədə ilk monumental elmi abidə oldu.

Şərqdə  geniş  yayılan ilk yarandığı dövrlərdə  təzkirə  adlanan  “ədəbi  toplu  sevdası”ndan Teymur  müəllim ömür  boyu ayrılmadı. Sonralar  onun böyük səriştə, elmi-metodiki yanaşma, səbr və enerji tələb edən ensiklopedik nəşrləri və bu  kimi  başqa  kitablar,  albomlar buna  əyani  misaldır.

T.Əhmədov Mirzə İbrahimovun vəfatından sonra fəaliyyəti dayandırılan “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin bərpasına çalışmışdı. Eyni  zamanda Teymur müəllim 1996-cı il iyulun 1-dən şöbə müdiri vəzifəsinə təyin edilmiş,yarıda qalan  işlərin tamamlanması ilə yanaşı yeni tədqiqatların əsasının qoyulmasına nail olmuşdu.

Əhmədov öz müsahibələrindən birində yazmışdı  ki, Universitetdə  oxuyarkən məllimi  olmuş  Abbas Zamanov onu “ədəbiyyatın fəhləsi”  adlandırmışdı. Görünür, professor bu  fikrində yanılmayıb.  Professor T.Əhmədovun  Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin nəşrlərinin hər birinin təşkili, hazırlanması redaktəsi və çap edilməsində həm müəllif, həm də ümumi rəhbərlik əməyi böyükdür, təqdirəlayiqdir.

Professor T.Əhmədov çoxcildlik Azərbaycan ədəbiyyatı tarixini beşinci cildinin də müəlliflərindən biridir.

2005-ci  ildə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın rus dilində iki cildliyinin şöbənin əməkdaşlrı  Elmira Axundova və Xuraman Quliyeva tərəfindən  hazırlanıb    nəşr olunması təqdirəlayiq bir hadisə idi. Bununla  cənublu yazıçıların oxucu dairəsinin daha  çox genişlənmisinə  yol açıldı.

Ötən əsrin 80 ci illərinə  qədər Cənubi Azərbaycan ədəbiyyatı bütövlükdə tədqiqat obyekti olmamışdı. Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri nəşrlər bu sahədə ilk monumental elmi abidə oldu. Son illər Azərbaycanda və onun hüdudları xaricində Cənubi Azərbaycan ədəbiyyatı mövzusundabir  çox  kitabların, tədqiqat əsərlərinin, dissertasiyaların yazılması fikrimizi təsdiq edir.

Özəlliklə IV cildlik “Azərbaycan ədəbiyyatı antologiyası” Bütöv Azərbaycan ədəbiyyatını öyrənib  araşdıran tədqiqatçılar üçün  masaüstü bir kitaba  çevrilib.  Belə  ki,Turkiyədən Ali Kafkasyalı  İran Türk Edebiyatı Antolojisi ( 2002), İrandan Həmid Arğış “80 il hekayəmiz”(2005), Quzey və Güney  Azərbaycandan Vaqif Sultanlı və İrəc  İsmayıl ” Güney Azərbaycan Nəsri antologiyası” adlı  tərtib edib  hazırladıqları  kitablarda IV cildlik “Azərbaycan ədəbiyyatı antologiyası”ndan örnək gətirmiş ilkin faydalı  mənbə kimi bəhrələnmişlər.

Professor Teymur Əhmədov elmi kadrların hazırlanması işində də səmərəli fəaliyyət göstərib. Onun elmi rəhbərliyi ilə iyirmidən çox adam müxtəlif mövzularda dissertasiya müdafiə etmişdir.  Teymur müəllim məqalələrindən  birində  yazır  ki, ”Azərbaycanın folkloru, yazılı ədəbiyyatı, tarixi dərindən-dərinə öyrənilməlidir. Çox təəssüflər ki, müvafiq  cavabdeh qurumlar  bu məsələnin dövlət səviyyəsində həlli barədə düşünmür. Mirzə İbrahimov adına Cənubi Azərbaycan İnstitutu yaradılmalıdır. Müstəqil ölkəmizdə bu qurumu cəsarətlə yaratmağın vaxtı çoxdan çatmışdır. Sovet dövründən qalma, gözüqıpıq mütilik azarından əl çəkilməlidir. Günəş zenitə qalxmışdır!..

2016-cı  ildə “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin  yaranmasınnın 40  ili tamam  oldu.Şöbənin  əməkdaşı   Lətifə Mirzəyevanm “Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi” (2017)  kitabında son qırx ildə şöbə əməkdaşlarının elmi fəaliyyəti dolğun, hərtərəfli işıqlandırılmış, onların gördüyü işlərin ədəbi ictimaiyyət tərəflndən təqdir olunmasını nəzərə çarpdırmaq üçün tədqiqatçı alimlərin rəyləri verilmişdir.

Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi 1996-cı ildə bərpa olunduqdan sonra da elmi tədqiqat işləri Mirzə İbrahimovun layihə və tövsiyələri yönündə Teymur  Əhmədovun rəhbərliyilə  yenidən davam etdirilmiş və Cənubi Azərbaycan ədəbiyyatı tarixi, onlarla monoqrafiya, bir sıra şair və yazıçıların tərcümə transliterasiya və tərtib edilmiş “Əsərlər”, “Seçilmiş əsərlər”i, məqalə məcmuələri, dövri mətbuatda dərc olunmuş çox sayda araşdırma, tərtib-tanıtım xarakterli   əsərlər meydana gəlmişdir. Cənubi Azərbaycanm demək olar ki, bir çox qələm sahiblərinin həyat və yaradıcılığı, əsərləri şöbə əməkdaşlarmın rəngarəng mözulu saysız-hesabsız əsərlərində geniş işıqlandırılmışdır. Şöbədə çalışanların Azərbaycan sınırlarından uzaqda  da əsərləri nəşr olunmuşdur, Türkiyədə, İranda, Rusiyada, İraqda, Almaniyada, Bosniyada, Ukraynada və başqa  ölkələrdə Şöbənin  əməkdaşlarının əsərləri yayınlanmışdır.

Şöbədə Cənubi Azərbaycan ədəbiyyatı  tarixinə həsr  olunmuş silsilə  məqalələrin, kitabların nəşri ürəkaçandır.

Teymur Əhmədovun  rəhbərliyi  ilə bu  illər  ərzində şöbədə S.C.Pişəvəriyə (V.Əhməd), Şəhriyara (E.Şükürova), Cavad Heyətə (P.Məmmədli), Bulud Qaraçorlu  Səhəndə, (S.Əmirov, F.Süleymanoglu), Z.Marağaiyə (M.Mehdibəyova) S.Behrəngiyə (S.Əmirov), Balaş  Azəroğluya (B.Bərdəli)  Kərim  Məşrutəçi  Sönməzə (L. Mirzəyeva) həsr olunmuş monoqrafiyalar  və onlarla başqa kitablar nəşr  olundu.

2015-ci  ildə  Ədəbiyyat  İnstitutunun  və  Azərbaycan mədəniyyətini  Avropada tanıdan  TEAS mərkəzinin birgə  layihəsi əsasında şöbənin  əməkdaşı P.Məmmədlinin tərtib edib transliterasiya, müqəddimə,izah  və  şərhlərlə birgə  hazırladığı   Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)  toplusu IV cildlik “Azərbaycan ədəbiyyatı antologiyası” sının müasir  dövrümüzdə bir növ davamı idi.

Vaxtilə tanınmış  ədəbiyyatşünas-alim Əziz Mirəhmədovun  Teymur Əhmədovun  “Yazıçı ömrünün salnaməsi” kitabı haqqında yazdıqlarını onun bütün  yaradıcılığına  da şamil  etmək  olar: ”Kitabın əhəmiyyətini qeyd edib necə ağır, mürəkkəb, gərgin əmək sayəsində başa gəldiyi barədə danışmamaq insafsızlıq olardı. İstər biblioqrafik oçerklər, istər nəşrə yazdığı müqəddimə, kitabda verdiyi biblioqrafik və sair siyahılar müəllifin öz qarşısına çox nəcib məqsəd qoyduğunu və bu məqsədə çatmaq üçün hər cür çətinliyə qatlaşdığını aşkar göstərməkdədir.

Azərbaycanın tam halda təmsil olunması, həm Şimal, həm də Cənub yazıçıları haqqında məlumat verilməsi nəşrin diqqətəlayiq xüsusiyyətlərindəndir.”

Professor Teymur Əhmədov müxtəlif səpgili araşdırmalarında, yazılarında Cənubi  Azərbaycana  ayrıca  yer  ayırır və  nəzəri olaraq hər iki  Azərbaycanı  birləşdirir.

Ruhu  şad  olsun, nur  içində  yatsın!

Şərhlər bağlıdır.