AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN NEKROLOQU

TEYMUR ƏHMƏDOV HƏM DƏ GÜNEY ƏDƏBİYYATINA MÜSTƏSNA XİDMƏTLƏR GÖSTƏRİB

Nekroloqda deyilir:

Ötən çərşənbə günü Milli jurnalistikamızın görkəmli nümayəndəsi, “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əhmədovun vəfatı ilə bağlı ağır xəbər aldıq. Bu itkidən Azərbaycanın elə bir qəzeti və saytı olmadı ki, təəssüf hissi ilə yazmasın, mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verməsin.

Teymur müəllimin dünyasını dəyişməsi Azərbaycan Demokrat Firqəsi üzvlərində də, əslən Güney Azərbaycandan olan soydaşlarımızda da eyni hissləri yaşadıb. Nekroloqlarda 25 mart 1930-cu ildə Şəmkirdə anadan olan, deportasiya həyatını yaşayan, 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alan, jurnalistlik fəaliyyətinə  “Sovet Ermənistanı” qəzetində başlayan, 1961-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantı olan, “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri kimi fəaliyyət göstərən, 22 il Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdiri işləyən Teymur Əhmədovun bioqrafiyasına nəzər salınır.

Aktiv ictimai mövqeyi ilə də seçilən tanınmış qələm sahibi xalqımızın taleyüklü dövrlərində – ötən əsrin 90-cı illərində “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru olaraq öz sözünü dediyi, cəsarət nümayiş etdirdiyi göstərilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtmasının fəal təbliğatçılarından olub.

“Şöhrət” ordenli T.Əliyev 1995-ci ildən ömrünün sonunadək “Respublika” qəzetinə rəhbərlik edib,  “Füyuzat” jurnalına ikinci həyata verib.

Çoxsaylı kitablar müəllifi olan alimi daim Güney Azərbaycan ədəbiyyatına aid nümunələrin oxuculara təqdimatı qayğılandırıb. Təkcə həmin istiqamətdə işıq üzü görən  antalogiyaya görə T.Əhmədovu böyük Azərbaycanlı adlandırmaq mümkündür. Onun barəsində həmin şöbədə sayca çoxluq təşkil edən firqəçi alimlər həmişə xoş sözlər söyləyiblər. Bu baxımdan Teymur Əhmədovu bütövlükdə xalqımızın dəyərli oğlu adlandırmaq mümkündür.

Allah rəhmət eləsin, ruhu şad olsun!

 

Şərhlər bağlıdır.