Otuz ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə azərbaycanlını doğma yurdundan didərgin salan, şəhər və kəndlərimizi viran qoyan ermənilər indi də Qarabağ mövzusundan beynəlxalq təbliğat vasitəsi kimi istifadə etməyə çalışır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bu dəfə kino sənayesi vasitəsilə özünə yeni informasiya meydanı açmaq istəyir.
Musavat.com xəbər verir ki, bununla bağlı erməni teleqram kanalları məlumat yayıb. Qeyd edilir ki, erməni əsilli rejissor Diana Medisonun qondarma “Artsax” mövzusunda çəkdiyi “Evdən yaxşı yer yoxdur” (There’s No Place Like Home) adlı sənədli film 99-cu “Oskar” mükafatının “Ən yaxşı sənədli film” kateqoriyası üzrə mükafata iddialı ekran əsərlərinin siyahısına daxil edilib.
Filmdə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror tədbirlərindən sonra Ermənistana köçən 100 mindən artıq erməninin taleyindən bəhs olunur. Ekran əsərinin müəllifləri bu prosesi “zorla köçürülmə” kimi təqdim edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini isə qondarma “Artsax” adı ilə dünyaya tanıtmağa çalışırlar.
Əslində, bu filmin təqdimatında diqqət çəkən əsas məqam hadisələrin necə birtərəfli və seçmə şəkildə təqdim edilməsidir. Otuz il ərzində Azərbaycanın ərazilərini işğal altında saxlayan, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan tərəf indi özünü zərərçəkmiş kimi göstərmək istəyir.
Bəs doğma yurdlarından qovulan azərbaycanlıların taleyi? İşğal illərində dağıdılan şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz, viran qoyulan evlərimiz? Onilliklər ərzində öz evinə qayıtmaq həsrəti ilə yaşayan, doğma torpağının yolunu gözləyən yüz minlərlə insanın yaşadıqları niyə bu cür filmlərin müəlliflərinin maraq dairəsindən kənarda qalır?
Erməni təbliğatının qurduğu ssenaridə, görünür, tarix yalnız 2023-cü ilin sentyabrından başlayır. Ondan əvvəlki otuz illik işğal, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Azərbaycanın ərazi bütövlüyünün pozulması və azərbaycanlıların məcburi köçkün həyatı isə bu ssenariyə sığmır.
İndi isə qondarma “Artsax” adından istifadə etməklə Qarabağın Azərbaycan torpağı olması reallığını kölgədə qoymağa, köç prosesini birtərəfli şəkildə beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışırlar. Bir sözlə, işğal dövründə baş verənləri unutdurmaq, tarixə yalnız özlərinin seçdiyi səhifələrdən baxılmasına nail olmaq istəyirlər.
Qeyd edək ki, filmin “Oskar”a iddialı filmlər siyahısına daxil edilməsi onun mükafata namizəd göstərilməsi demək deyil. Amerika Kino Akademiyasının açıqlamasına görə, 99-cu mərasimdə sənədli film kateqoriyası üzrə 190 ekran əsəri ilkin seçim hüququ əldə edib. Qısa siyahı dekabrın 15-də açıqlanacaq.
Afaq Mirayiq,
Musavat.com
Şərhlər bağlıdır.