İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın Qalib Prezidenti, Fateh Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətindən sonra Vətənin bütün fədakar oğulları ölkə başçısının ətrafında vahid dəmir yumruq kimi birləşərək 44 gün ərzində 30 illik işğala son qoydular, əzəli, əbədi torpaqlarımız olan Qarabağı azad etdilər. Bütöv Azərbaycan gəncliyi üçrəngli bayrağa və silaha sarılaraq ayağa qalxdı. Neçə-neçə oğullar döyüşdən qazi kimi geri döndülər, üç minə yaxın Vətən övladı isə adlarını ən yeni tariximizə canları və qanları bahasına şəhid kimi yazdılar.
Bir qrup ziyalı ölməzliyə qovuşan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “Qələbə şəhidləri” adlı silsilə kitablar nəşr etmək təşəbbüsündə oldular. Bu işə başlabılıb, “Radius” mətbəəsində işıq üzü görən “Qələbə şəhidləri”nin 1-ci cildi geniş oxucu kütləsinə təqdim olunmaqdadır.
Kitabın redaktorları respublikanın Əməkdar jurnalisti, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynazadə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Leyla Nəsirlidir. Toplayıb tərtib edəni “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovdur.
528 səhifəlik birinci cildə “Yeni dünya” mükafatı laureatı, şair Zabil Pərviz ön söz yazıb. “Tovuz təxribatı” və “II Qarabağ müharibəsinin tarixçəsi” sərlövhəli yazılarda müharibə alovunun yenidən şölələnməsinə səbəb olan erməni təxribatlarından, döyüşlərin xronoloji ardıcıllıqla qələbəyə aparan günlərindən müfəssəl söhbət açılır.
kitabda 300-ə yaxın igidimizin- şəhidlərimizin adları və barələrində konkret məlumatlar yer alıb. Toplunun Azərbaycanın Milli Qəhrəmanı, ölkəmizdə və Türkiyədə adı küçələrə verilən general Polad Həşimovla başlaması bir növ rəmzi xarakter daşıyır. Respublikamızın hər bir bölgəsindən olan oxucu orada həmin yurdun təmsilçisinin ölməz şücaətləri ilə tanış ola bilər.
“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynov deyir ki, biz bu kitabı ilk növbədə gələcəyimiz olan balalar üçün hazırlamışıq. Qəhrəmanlarla tanışlıq onlarda kimlərdən nümunə götürmək duyğularını aşılayacaq.
Şərhlər bağlıdır.