Təbriz zindanlarında firqəçilərin başına nə gəldi?!

38 il öncə 1357-ci ilin (1979 miladi) səltənət inqilabından çox keçmədən qara buludlar yenə Azərbaycan səmasını bürüdü. Yeni canlanan Azərbaycan Demokrat Firqəsi bu dəfə İran İslam Respublikasının darğalarının və şəriət hakimlərinin hücumlarına məruz qaldılar. Gənc və orta yaşlı inqilab nəslli firqəçilər sədaqətlə yeni yaranan cümhuriyyəti müdafiə etmələrinə baxmayaraq molla rejiminin qəzəbinə tuş gəldilər. Yeni dövrdə mərd, mübariz ideyalı Səttərxan, Xiyabani və Pişəvəri varisləri doğma vətənləri olan Azərbaycan yolunda apardıqları mübarizə üçün töhmət və iftiralara məruz qaldılar. Azərbaycanın mərd oğul qızları, azadlıq və səadət uğrunda 21 Azər nehzətində babaları  kimi tarixin sınağı ilə üzləşdilər. Bu dəfə də Azərbaycan Demokrat Firqəsinin üzvlərinin yaratdıqları maarif və mədəniyyət ocaqları, partiya evləri, kitab satış mağazaları, hətta yaşadıqları evlər də vəhişicəsinə dağıntılara məruz qaldı. Təbriz zindanları Azərbaycanın digər şəhərləri kimi Azərbaycan Demokrat Firqəsinin üzvləri ilə doldu.

Təbrizin Daravaza Tehran zindanından başqa “Mənzəriyyədə”, “Xanda”, Tübayədə yerləşən “Sipah Mərkəzində”, “Şah gölü caddəsində” 1150-dən artıq məhbus firqəçi var idi. Təkcə Xandada 150-dən artıq firqəçi yerləşdirilmişdi. Məhbusların bir çoxu isə Təbrizdə sabiq ABŞ konsulluğunda, sonralar isə Sipahın Mərkəzi Komitəsinin yerləşdiyi iqamətgahda saxlanılırdı. Qandallanan məsum insanlar, nə üçün həbs olunduqlarını heç təsəvvür də edə  bilmirdilər. Ancaq onlar döyülür, söyülür, təhqir edilir, gözləri bağlı, qolları qandallı vəhşicəsinə hücumlara şahid olduqlarını duyurdular.

İsti ocaqlarından gecə yarısı hərbi əsirlər kimi çıxarılan, ailələrinin göz yaşlarına baxmayaraq, ayaqyalın, başıaçıq yaşadıqları evlərdən çıxarılan, əşyaları təftiş adına dağıdılan, talanan 3000-dən çox firqəçi bir gecədə dəhşətli hadisələrlə üzləşdilər. Onlar həbs olunan andan belə, müxtəlif bəhanələrlə döyülür və ağır işgəncələrlə rastlaşırdılar. Təbriz zindanlarında məhbuslar içərisində Firqənin Mərkəzi Komitəsinin üzvlərindən tutmuş, sadə hövzə üzvləri də var idi. Ağbirçək və ağsaqqaldan tutmuş, 13 yaşlı yeniyetmə qız-oğlanlar da həbsdən kənarda qalmamışdılar. Onlar müxtəlif bəhanələrlə şərlənirdilər.

Molla rejiminin darğaları aylarla məhbusları gözü bağlı saxlayaraq havaya çıxmaqdan da məhrum etmişdilər. Məhbusların bir-birilə danışması  qadağan idi. Onların hamısının üstünə qəzəblə qışqırır, tezliklə güllələnəcəklərini bəyan edirdilər. Hətta əksər vaxtlarda məhbuslardan bəzisini divara söykəyərək başlarının üzərindən güllələr yağdırırdılar. Belə ruhi işgəncələrlə üzləşən firqəçilər, ölümlərini gözlərinin qabağına gətirirdilər. Bununla rejim onları təslim olmağa məcbur etmək, məsləklərindən döndərmək, sındırmağa çalışırdılar. Lakin qəhrəman firqəçilər bütün işgəncələrə dözərək bu kimi cinayətləri nifrətlə, qəzəblə rədd edirdilər.

Mərd mübarizlər Azərbaycan xalqının azadlıq və səadəti uğrunda döyüş yoluna sədaqətlərini fədakarcasına öz qanları ilə tarixə yazmağa qərar vermişdilər. Molla rejiminin işgəncəgərləri, pasdarların və müstəntiqlərin yanlış itthamları firqəni Azərbaycanda çevriliş etmək suçu kimi yanlış məqsədə yönəlmişdi. Onlar zindanlarda dəhşət, hədə-qorxu yaratmaqla məqsədlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Məhbuslar arasında edam olunanların adların çəkməklə daha da məqsədlərinə çatmağa cəhd edirdilər.

İran İslam Respublikasının mərkəzi olan Tehranın hakimləri tərəfindən Təbriz və digər Azərbaycan şəhərlərində yerləşən hökumət orqanlarına xüsusi tapşırıqlar verilmişdi. Müstəntiqlər və zindan nəzarətçiləri ən fanatik, ruhi xəstə  və zidd demokrat olan adamlardan ibarət idi. Onlara təqlin olunmuşdu ki, Azərbaycan Demokrat Firqəsinin üzvləri çox təhlükəli insanlardı. Onların bir çoxu Sovet Azərbaycanında xüsusi təlimlər almışlar. Əgər İran İslam Respublikası geciksəydi, firqəçilər çevriliş aparıb məmləkəti Sovetlərə təslim edəcəkdilər. Müstəntiqlər firqəçiləri yollarından döndərmək üçün təbliğat aparırdılar ki, sizin özünüzün xəbəriniz olmasa da, bizim sizin rəhbərlərinizin çevriliş etmək niyyətlərinizdən xəbərimiz var.  Zindanbanlar və  müstəntiqlərin çoxu pozğun, insani kefiyyətdən uzaq qara qarğalar idilər ki, məhbusları hətta oturmağa, ayaq yoluna getməyə, bağlı gözlərini açamağa imkan vermirdilər. Müxtəlif bəhanələrlə şillə, yumruqla, təpiklə cəzalandırıb sorğu-sula çəkirdilər.

Məhbusları uzun aylar bu kimi işgəncələr əsasında ruhi və cismi xəstəliklərə yoluxdururdular. Q. Hüseyn və bir çoxları dəri xəstəliklərinə yoluxdu. N. Məcid və bir çoxları ruhi xəstəliklərə tutuldu. Ə. və başqalarını beyzə xəstəliyinə düçar etdilər. Təbrizdə yerləşən  məhbuslarının saydığımız həbsxanalarda dəfələrlə nəzarətçilər tərəfindən süni edam nümayişləri keçirilirdi. Gecə yarısı vəhşicəsinə onlara qarşı yürüş aparır, kötəkləyirdilər. Niyə gözlüyün sürüşüb, niyə yaxın yatmısız, niyə pıçıladayırsız, niyə züm-zümə edirsiz, niyə ağlayırsız, niyə gülürsüz, niyə oturubsuz, niyə durubsuz, niyə sağ tərəfə baxırsız,  sola baxmırsız… bəhanələrlə saatlarla onları kötək altına salıb əzişdirirdilər.  Bunlarla qane olmayan nəzarətçilər məhbuslardan şəriət hakiminə və müstəntiqə müraciət edərək müttəhim üçün “şəriət hökmü” alırdılar. Şəritət hökmlərinə dayanaraq  hər gün məhbusları ayaqlarından şunurlarla şallaxlayırdılar. Bir çox firqəçinin həmin işgəncə əsasında ayaq dırnaqları təmamilə tökülürdü.

Təbriz məhbusxanalarında bu dəhşətli işgəncələrlə bərabər gigiyenanın olmaması, lazımi təmiz oksigen qıtlığı, qida kefiyyətsizliyi məhbusları daha ağır şəraitlərə dözməyə məcbur edirdi. Bəzi yaşlı və xəstə məhbuslar dəfələrlə müraciət etmələrinə baxmayaraq, xəstaxana xidmətlərindən məhrum idilər. Onları uzun müddət yuxusuz saxlamaqla, dözülməz əziyyətlər verirdilər. Məhbusların bu kimi ağır işgəncəyə ən kiçik ehtirazı olduqda,  firqəçi məhbuslara qandallar vururdular,  karserə salırdılar. Mübariz yoldaşlarımız böhtan və iftira kompaniyasına məruz qalsalar da, ləyaqətlərini itirmədilər,  əqidələrindən dönmədilər, nikbinliklərini qoruyub saxladılar, gələcəyə ümidlə baxdılar, tutduqları yoldan dönmədilər.

Abdulla Əmir Haşimi Cavanşir       

Şərhlər bağlıdır.