İran dalana dirənib: 81 il öncəki 12 Şəhrivər Bəyannaməsi bu gün də açar sözdür!

Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin İsmayılov "Azərbaycan Ruznaməsi"nə müsahibəsində İranda son üç ayda gedən proseslər — Hörmüz boğazı ətrafındakı hərbi-siyasi gərginlik, ölkəni bürüyən ağır iqtisadi böhran, ABŞ ilə imzalanmış, sonra isə icrası dayandırılmış İslamabad Memorandumu və 81 il öncə elan olunmuş, lakin bu gün də aktuallığını itirməyən 12 Şəhrivər bəyannaməsi barədə danışdı.

Ayda Əmir Haşimi, 11 sentyabr 2026

  • Sədrəddin müəllim, gəlin başlayaq. Son üç ayda İranda vəziyyət ümumilikdə necə dəyişib?

Son üç ayda İranda bütün istiqamətlərdə vəziyyət ağırlaşıb. Ölkədə yaxşılığa doğru heç bir hadisə baş verməyib. Bu baxımdan İranda ən mühüm hadisələr sırasına Hörmüz boğazı rayonunda ABŞ və İsraillə hərbi gərginlik, müvəqqəti atəşkəs sazişlərinin müəyyən mənada iflası və daxili iqtisadi dalğalanmalar daxildir.

  • Bu hadisələr sırasında Hörmüz boğazı məsələsi xüsusi yer tutur. Bu, əslində nə vaxtdan bu qədər gərgin mövzuya çevrilib?

Əvvəllər Hörmüz boğazı ilə bağlı məsələ heç vaxt İranla ABŞ, yaxud ərəb ölkələri ilə Tehran arasına mübahisə mövzusu olmayıb. Son illər Tehran hakimiyyəti beynəlxalq ictimaiyyəti Hörmüz boğazının bağlayacağı ilə bağlı hədələməyə başladı. Bu, isə beynəlxalq ictimaiyyəti ciddi narahat etdi. Çünki söhbət dünyanın dünyanın vacib nəqliyyat yolundan gedirdi. Bu həm də boğaza iddiaçıların artmasına da təsir göstərdi. Eyni zamanda boğazdan istifadə edən ölkələr alternativ yolla axtarmağa başladı.

  • Bəs dünya bu təhdidə necə reaksiya verir? Hansı alternativ yollar axtarılır?

Məlumatlara əsasən, Yaxın Şərqdəki böhranın güclənməsi fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Türkiyənin Ticarət Nazirliyindən bildirilib ki, Bəsrə körfəzi (Kəngər körfəzi) bölgəsindən enerji daşıyıcılarının nəql edilməsi üçün bir neçə marşrut nəzərdən keçirilir: İraq və Suriyadan keçərək quru yolu ilə tədarük, Süveyş kanalı, Qırmızı dəniz, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə kombinə edilmiş marşrut, habelə Omanın BƏƏ-dəki limanı və bölgənin digər dövlətlərindən keçən yol. Yaxud Səudiyyə Ərəbistanı neftini Qırmızı dənizdən Aralıq dənizinə daşıyan Süveyş-Aralıq dənizi boru kəməri (gündə 2,5 milyon barel tutuma malikdir) mühüm alternativlərdəndir. Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra neft terminalı vasitəsilə ixrac gücünün artırılması və Hörmüzdən asılılığın azaldılması istiqamətində işlər aparılır.

  • Bu proses bizim regionu, konkret desək, Orta Dəhlizi necə təsir edir?

Yaranmış vəziyyət Xəzərdən keçən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) də əhəmiyyətini artırır. Bu yol Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirməklə yanaşı, gələcəkdə Yaxın Şərq ölkələrinin də bu marşrutdan istifadəsini mümkün edir.

-Hazırda Hörmüz boğazı ətrafında konkret olaraq nə baş verir?

İndiki şəraitdə Hörmüz boğazı üzrə Omanla İran arasında məsələ müzakirə olunur. Başqa sözlə, Tehran hakimiyyəti bu davranışı və iddiası ilə yada düşməyən məsələni qabartmaqla bölgə və ondan kənar ölkələrin bu istiqamətdə də düşünməsi, addım atmasına təkan verdi. Gələcəkdə bu akvatoriyada ABŞ-nin də payı olacağı, yaxud müəyyən nəzarəti əldə edəcəyi istisna olunmur. İranın daha çox etibar etdiyi Çin də Hörmüz boğazı ilə bağlı Tehrana təzyiqlər etdiyi bildirilir. Bu baxımdan boğazı Tehran hakimiyyətinin qarşı tərəfə fənd işlətmək üçün yaratdığı şərait olaraq qiymətləndirmək olar. Bu baxımdan İslam Respublikasının Hörmüz uğurunda mübarizəsi mövcud rejimin gələcəyinin də həllində əsas rol oynaya bilər. Tehran bu addımını “müqavimət” adlandırsa da, əslində iddialı və israrlıı hərəkətləri, addımları ilə ölkəni diz çökdürür, İranın iqtisadiyyatını din pərdəsi altında siyasi mülahizələr üzündən onu məhvə sürükləyir.

  • Bu yaxınlarda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də bu mövzuda açıqlama verib. O, nə deyib?

Bu günlərdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İran İslam Respublikasının vəziyyətini daha aydın xarakterizə edib: “Əminliklə deyə bilərəm ki, sonda ABŞ bu məsələdə daha üstün mövqedə olacaq, İran nüvə silahına sahib olmayacaq və Hörmüz boğazındakı vəziyyət də elə bir həddə çatacaq ki, ABŞ xalqı üçün qaz və neft qiymətləri sabitləşəcək. Məsələ burasındadır ki, iranlılar bəzən öhdəliklər götürür, ancaq bunlara əməl etmirlər; razılaşma əldə edirlər, amma ona riayət etmirlər”.

O əlavə edib ki, bu məsələnin dəyişkən və sabit olmayan mahiyyəti ilə bağlı məqamı anlayır: “Lakin hesab edirəm ki, məqsədlərimizi həyata keçirmək üçün çoxlu yol və vasitələrimiz var. Sadəcə bəzən diqqətimizi enerji məsələsinə yönəldirik, çünki amerikalıların neft və qaz qiymətlərinin öhdəsindən gələ bilməsini istəyirik. Təbii ki, bəzən diqqəti məsələnin hərbi tərəfinə də yönəldirik. Bəzən isə gücümüzü İranın nüvə proqramına sərf edirik”.

  • Gəlin İranın öz daxilinə qayıdaq. Orada vəziyyət necədir?

Deməli, ölkədəki vəziyyət hakimiyyətin ört-basdır edə bilməyəcəi dərəcsində ağırdır.

  • Pezeşkian özü bu barədə nə deyir?

Prezident Məsud Pezeşkian bunu daha aydın açıqlayıb: O, prezident səlahiyyətlərini icra etməyə başlayandan diqqəti iqtisadiyyata yönəldib, qərblə danışıqlara üstünlük verib: “Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır”.

O, iqtisadiyyatın inkişafını nüvə sənayesindən öndə sayır. Məsud Pezeşkian bəyan edib ki, İranın nüvə fəaliyyətlərinin əsas məqsədi hərbi güc nümayişi deyil, mülki sahələri inkişaf etdirmək, xalqın sosial-iqtisadi problemlərini həll etmək və insanların rifahını təmin etməkdir.

Hökumət başçısı ölkənin gələcəyinin nüvə qarşıdurmalarından deyil, güclü daxili istehsaldan və iqtisadi islahatlardan asılı olduğunu müdafiə edir.

  • O, konkret hansı faktları, rəqəmləri açıqlayıb?

Məsud Pezeşkian bu günlərdə ölkəsinin iqtisadi vəziyyətindən danışarkən, neft sata bilmədiklərini, fabriklərin dağıldığını deyib. O, xərclərin artması, neft satışının azalması və sənaye müəssisələrinə dəyən ziyanın dövlət gəlirlərinə ciddi təsir etdiyini də vurğulayıb.

Prezidentin sözlərinə görə, idxal olunan məhsullar artıq ölkəyə əvvəlki kimi birbaşa yollarla çatdırılmır. Müxtəlif marşrutlardan istifadə olunması isə məhsulların son qiymətinin artmasına səbəb olur: “Gəlirimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”.

O, sənaye müəssisələrinin də müharibə zamanı zərər gördüyünü də bir çox fabrikə zərbələr endirildiyini, nəticədə dağıdıldığını da bildirib. Bu kimi səbəblərdən müəssisələrdən vergi toplaya bilmədiklərini, onların dirçəlməsi üçün isə əlavə kapital yatırmalı olacaqlarını vurğulayıb.

  • Adi vətəndaşın gündəlik həyatına gəlsək — yanacaq və valyuta bazarında son aylarda nə baş verir?

Məlumatlara görə, iyul və avqust aylarında valyuta və qızıl bazarları, eləcə də yanacaq, o cümlədən benzin təchizatı məsələsi siyasi xəbərlərin və xarici gərginliyin təsiri altında çoxsaylı dalğalanmalara məruz qaldı.

İranda sentyabrın 17-dən benzin ikiqat bahalaşacağı gözlənilir. Sentyabrın 17-dən İranda yanacaqdoldurma məntəqəsinin kartı ilə alınan benzin üçün yeni tarif qüvvəyə minəcək.

Hər gün yanacaqdoldurma məntəqələrində kilometrlərlə avtomobil karvanı benzin növbəsində gözləyir.

  • İnflyasiya rəqəmləri əslində nədən xəbər verir?

Ölkədə illik inflyasiya 54–66%-dən yuxarı səviyyədə qalır, ərzaq inflyasiyası isə 100%-i keçir. Milli valyuta rial sürətlə dəyərdən düşür. Başqa ölkələrlə ticarət əməliyyatlarının ümumi həcmi təxminən 40 faizədək azalıb.

  • Bütün bunların fonunda sadə əhalinin güzəranı necə görünür?

Əhalinin güzəranı ağırlaşır. İşsizlik, yoxsulluq, əməkhaqlarının azlığı, maaşların bazara uyğunlaşmaması və s. ölkədə sosial cəhətdən yoxsul təbəqənin sayının artması ilə müşahidə olunur. Bildirilir ki, İran əhalisinin təxminən 38%-i yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır.

Ölkə əhalisinin təxminən 70%-i hazırda yoxsul təbəqəyə aid edilir və ya yoxsulluq həddi arasında balanslaşır.

Hökumət ölkə iqtisadiyyatın neftdən asılı olduğunu, onun isə hasilatı və satışında yaranan problemləri hər kəsdən daha yaxşı bilir.

  • İranın əsas gəlir mənbəyi olan neft ixracında vəziyyət necədir?

“BBC-nin farsca redaksiyasına Kepler şirkəti tərəfindən təqdim edilən məlumatlar görə, İran neftinin tədarük həcmləri martda təxminən gündə 1,83 milyon barreldən avqustda təxminən 255 000 barrelə qədər azalıb.

Bir müddət əvvəl “Reuters” agentliyi də bildirmişdi ki, ABŞ-nin dəniz blokadası iyulun 14-dən, bərpa edildiyi andan etibarən Hörmüz boğazından Çinə İran xam neftinin əhəmiyyətli partiyaları daxil olmayıb. Məlumatda deyilir ki, hazırda Çində boşaldılan neftin böyük hissəsi blokadanın sərtləşdirilməsindən əvvəl yüklənib.

Yeni məlumatlar da bildirilib ki, neftin ixracının azalması istehsala da təsir edib. Kepler-in təxminlərinə görə, İranda neft hasilatı martda gündə 3,24 milyon barreldən avqustda gündə 1,755 milyon barrelə düşüb. Bu da təxminən 46 faizlik azalmanı təşkil edir. Kondensat hasilatı da ilin əvvəlindəki gündə təxminən 800 000 barreldən gündə 625 000 barrelə enib.

Məlumatlara əsasən, hasilatın azalma tendensiyasına baxmayaraq, İran terminallarında, neft emalı zavodlarında və digər yerüstü yataqlarda mövcud olan ümumi neft həcmi iyulun 14-dəki təxminən 58,2 milyon barreldən avqust ayının sonuna qədər 67,4 milyon barrelə yüksəlib.

Neft ehtiyatlarının artması ixracatın kəskin düşməsi ilə birlikdə bu məhdudiyyətlərin təzyiqinin neft yataqlarına təsir etməsinə gətirib çıxaracaq və İranı hasilatı azaltmağa məcbur edəcək.

  • Azalan gəlirlərə baxmayaraq, bu vəsait harada xərclənir?

Tehran hakimiyyəti, daha düzü, Sepah müxtəlif yollarla neftdən əldə etdiyi gəlirləri, qazancları və s. Rusiya, Çin və şimali Koreyadan silah və hərbi quruğular, qırıcılar, texnologiya almağa sərf edir.

Bu günlərdə Sepah Çindən “Chengdu J-10C” (yaxud “J-10B”) qırıcılarını almağa dair müqavilənin imzalandığını bildirib.

Rusiya isə İrana “C430L” kod adlı hipersəs qanadlı raketlərin hazırlanmasında kömək edəcək. Əməkdaşlıq körfəzdə ABŞ hərbi gəmilərinə təhlükə yarada bilən ultra sürətli gəmiəleyhinə raketlərin yaradılması üçün birbaşa axınlı hava-reaktiv mühərrik texnologiyasının ötürülməsini əhatə edir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin amerikalılara ciddi olduğumuzu göstərmək üçün naməlum raketi Amerika hərbi gəmisinin üzərindən sınaqdan keçirəcəklərini bəyan etməsi Tehranın yeni hərbi avadanlıq və qurğular əldə etmək istiqamətində Moskva, Pxenyan və Pekinlə əməkdaşlığından xəbər verir.

  • Bu silahlanma siyasəti adi vətəndaşın həyatına necə əks olunur?

Sepahın silahlanmaya başının qarışması İran əhalisinin güzəranının günü-gündən ağırlaşması ilə müşayiət olunur. Qarşı tərəfdən qat-qat zəif olan, arxasında heç bir blok olmayan, yalnız ABŞ-yə qarşı alət olaraq istifadə olunan bir rejimin silahlanma, müharibə hazırlıqları isə İranın iqtisadi iflası ola bilər. Hökumət aztəminatlı ailələrə aylıq yardımları isə yetərli olmur. Ərzaq talonu paylamaq isə vəziyyətdən çıxış yolu sayılmır. Hökumət iki illik iqtisadi dayanıqlılıq proqramını təsdiqləsə də onun icrası üçün əlavə maliyyə vəsaitinə ehtiyac duyulur.

  • Bu qədər mənfi hadisələrin fonunda müsbət bir şey oldu mu?

Ötən 3 ayda ABŞ İran münasibətlərində uğurlu hadisə olaraq İslamabad Anlaşmasını, yaxud İslamabad Anlaşma Memorandumuni saymaq olar.

  • Bu Memorandumda konkret olaraq nələr nəzərdə tutulub?

Memorandumun 14 maddəsi aşağıdakı kimidir:

  1. ABŞ, İran İslam Respublikası və mövcud münaqişədəki müttəfiqləri Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan etmək məqsədilə bu Anlaşma Memorandumunu imzalayırlar. Tərəflər bundan sonra bir-birinə qarşı hər hansı müharibə və ya hərbi əməliyyata başlamamağı, güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinməyi, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyini təmin etməyi öhdələrinə götürürlər. Yekun saziş bu müddəaları təsdiqləyəcək.
  2. ABŞ və İran İslam Respublikası bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərməyi, daxili işlərinə müdaxilə etməməyi öhdəsinə götürür.
  3. Tərəflər qarşılıqlı razılıq əsasında uzadıla biləcək şəkildə, maksimum 60 gün ərzində yekun saziş üzrə danışıqları başa çatdırmağı və razılığa gəlməyi öhdələrinə götürürlər.
  4. Memorandumun imzalanmasından dərhal sonra ABŞ İran ətrafında tətbiq olunan dəniz blokadasını və bütün maneələri aradan qaldırmağa başlayacaq və 30 gün ərzində blokadanı tam dayandıracaq. Bu müddət ərzində gəmiçilik müharibədən əvvəlki səviyyəyə qaytarılacaq. ABŞ həmçinin yekun sazişdən sonra 30 gün ərzində qüvvələrini İranın yaxın ətrafından çıxarmağı öhdəsinə götürür.
  5. İran İslam Respublikası memorandumun imzalanmasından sonra Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə hərəkət edən ticarət gəmilərinin təhlükəsiz və ödənişsiz keçidini təmin etmək üçün zəruri tədbirlər görəcək. Bu rejim ilkin olaraq 60 gün müddətində tətbiq olunacaq. Gəmi hərəkəti dərhal bərpa ediləcək, texniki və hərbi maneələrin aradan qaldırılması, eləcə də İranın mina təmizləmə işləri nəzərə alınmaqla 30 gün ərzində tam normallaşdırılacaq. İran gələcəkdə Hörmüz boğazının idarə olunması və dəniz xidmətləri ilə bağlı Oman Sultanlığı və digər körfəz ölkələri ilə məsləhətləşmələr aparacaq.
  6. ABŞ İranın yenidən qurulması və iqtisadi inkişafı üçün regional tərəfdaşlarla birlikdə minimum 300 milyard ABŞ dolları həcmində maliyyə planı hazırlamağı öhdəsinə götürür. Planın həyata keçirilməsi mexanizmi 60 gün ərzində yekun sazişin tərkib hissəsi kimi müəyyənləşdiriləcək. ABŞ bunun üçün tələb olunan bütün lisenziya və icazələri verəcək.
  7. ABŞ BMT Təhlükəsizlik Şurasının qərarları, AEBA qərarları və ABŞ-ın bütün birincili və ikincili sanksiyaları da daxil olmaqla, İrana qarşı tətbiq olunan bütün məhdudiyyətlərin müəyyən olunacaq təqvim əsasında ləğv edilməsini öhdəsinə götürür. Tərəflər bu məsələnin xüsusi əhəmiyyət daşıdığını qəbul edir və dərhal müzakirələrə başlamaq niyyətlərini bildirirlər.
  8. İran nüvə silahı əldə etməyəcəyini və inkişaf etdirməyəcəyini bir daha təsdiqləyir. ABŞ və İran zənginləşdirilmiş nüvə materiallarının taleyinin AEBA nəzarəti altında, qarşılıqlı razılaşdırılmış mexanizm çərçivəsində həll olunması barədə razılığa gəliblər. Tərəflər həmçinin zənginləşdirmə fəaliyyəti və İranın nüvə ehtiyacları ilə bağlı digər məsələləri yekun saziş çərçivəsində müzakirə etməyə razıdırlar.
  9. Yekun saziş imzalanana qədər tərəflər mövcud vəziyyəti qoruyacaqlar. İran nüvə proqramının hazırkı vəziyyətini dəyişməyəcək, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və regiona əlavə hərbi qüvvə göndərməyəcək.
  10. ABŞ memorandumun imzalanmasından dərhal sonra və sanksiyalar tam ləğv edilənədək İran neftinin, neft məhsullarının və törəmə məhsullarının ixracı, eləcə də bank əməliyyatları, sığorta və daşımalarla bağlı bütün xidmətlər üçün xüsusi istisna və icazələr verəcəyini öhdəsinə götürür.
  11. ABŞ memorandumun icrasına başlanması ilə birlikdə İranın dondurulmuş və ya məhdudlaşdırılmış bütün vəsait və aktivlərinə çıxışı təmin etməyi öhdəsinə götürür. Bu vəsaitlərin istifadəsi və köçürülməsi qaydaları danışıqlar zamanı tərəflər arasında razılaşdırılacaq. ABŞ bunun üçün zəruri lisenziya və icazələri təqdim edəcək.
  12. ABŞ və İran memorandumun icrasına və gələcək yekun sazişə əməl olunmasına nəzarət etmək məqsədilə xüsusi icra mexanizmi yaratmağa razılaşırlar.
  13. Memorandumun 1-ci, 4-cü, 5-ci, 10-cu və 11-ci maddələrinin icrasına başlanıldıqdan və bu tədbirlərin fasiləsiz davam etdirilməsi şərti ilə tərəflər yekun saziş üzrə digər müddəalarla bağlı rəsmi danışıqlara başlayacaqlar.
  14. Yekun saziş BMT Təhlükəsizlik Şurasının məcburi qüvvəyə malik qərarı ilə təsdiqlənəcək.
  • Yaxşı, bəs bu razılaşma icra olundumu?

Bir aydan sonra iyulun 18-də İran ABŞ-la əldə olunan anlaşma memorandumu çərçivəsində öhdəliklərini icrasını dayandırıb.

Vəziyyət İranı dalana aparır. Sepah iddialı davranışı ilə ölkənin salamat, yararlı olan iqtisadiyyatını da çökdürür.

  • Bütün bunlar cəmiyyətdə etirazlara səbəb olmayıb mı?

Sosial yönlü tələblər bunu təsdiqləyir. Nəzərə almaq lazımdır ki, 2025-ci il dekabrın sonu, 2026-cı il yanvarın ortalarınadək davam edən etiraz aksiyalarının heç bir tələbi yerinə yetirilməyib.

Aksiyaçılar İran rialının qiymətdən düşməsi, inflyasiyanın yüksəlməsinin qarşısının alınması, ərzaq məhsulları, yanacaq və zəruri malların qiymət artımının dayandırılmasını tələb edirdilər.

Xırda sahibkarlar və tacirlərin iflas təhlükəsinin aradan qaldırılmasını tələb edirdilər.

Bundan başqa hökumət əleyhinə şüarlar səslənirdi.

Son üç ayda baş verən hadisələr ölkə iqtisadiyyatını daha da ağırlaşdırdığından yeni tələblərin irəli sürüləcəyi ehtimalını artırır.

  • Bütün bu təhlildən sonra hansı nəticəyə gəlmək olar?

Bu qısa icmaldan da göründüyü kimi İslam Respublikasında vəziyyət çətindir. Onun daha da ağırlaşacağı isə qaçılmazdır.

  • Tarixə baxsaq, bu mənzərə sizə nəyisə xatırladırmı?

Ölkdə yaranmış vəziyyət Məhəmmədrza Pəhləvi hakimiyyətinin son dövrlərinin xatırladır. Onda şah ABŞ-ni qane etmək üçün bütün güzəştləri edirdi. İndi isə islam Respublikası Ştatlara müqavimət göstərmək üçün bütün vasitələrə əl atır.

Hər ikisi mürtəce israrın əlamətidir. Çünki belə şəraitdə rejimlərə cəmiyyətin, insanların düşüncəsi, tələbi maraqlı olmur. Özlərinin hakimiyyətlərini, rejimi qorumaq üçün bütün vasitələrə əl atırlar. Çünki məğlubiyyət onların mühakiməsidir. Hər iki rejim qanı üstündə qurulub…

Ölkə vətəndaşları cəmiyyət hakim rejimdən fərqli düşünür. Onun tələbləri ayrıdır.

  • Bəs gənclik bu proseslərdə hansı rolu oynayır?

İran gəncliyi ənənəvi metodla idarə edilməyə qarşıdır. Son 10 illərdə keçirilmiş etiraz aksiyalarının aparıcı, hərəkətverici qüvvəsi gənclər olub.

Yenilik, dəyişiklik uğrunda mübarizə aparan onlarla gənci rejim düşüncəsinə görə edam edib. Etirazlar davam edir.

  • Söhbətimizi bir az da dərinləşdirək — etnik hüquqlar məsələsi İranda nə dərəcədə köklü problemdir?

Fars olmayan etnosların milli hüquqlarının təmin olunması İranın həll edilməyən başlıca problemidir.

20-ci yüz ildə ölkə əhalisi xüsusən Güney Azərbaycan türklər milli hüquqlarının təmin olunması istiqamətində dəfələrlə aksiya keçirib, hətta Azadistan, Milli hökumət qurmaqla bunu təmin etməyin yollarını belə əyani şəkildə sübut ediblər. “İrana demokratiya, Azərbaycan muxtariyyət!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” bunu əsas prinsip və şüarlarıdır.

  • Elə buradaca 12 Şəhrivər bəyannaməsinə keçək. Bu, nə vaxt və necə ortaya çıxıb?

Bunun əsası, 1945-ci il sentyabrın 3-də, Şəhrivərin 12-də qoyulub. Həmin tarixdə Azərbaycan Demokrat Firqəsi özünü elan edib. O gün Firqə fəaliyyət istiqamətlərinin bəyan edib.

  • Bəyannamədə konkret olaraq hansı tələblər, istiqamətlər var idi?

Həmin istiqamətlər bunlardır:

1- İranın istiqlal və təmamiyyətini saxlamaqla bərabər Azərbaycan xəlqinə daxili azadlıq və mədəni muxtariyət verilməlidir ki, edə bilsin özünün fərhəngi yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümum məmləkətin adilanə qanunlarını gözləməklə bərabər öz sərniviştını təyin etsin.

2- Bu mənzuru həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini intixab edib işə başlamalıdır. Bu əncümənlər fərhəngi, behdaştı və iqtisad sahəsində fəaliyət göstərməklə bərabər qanun əsası mucibincə təmam dövlət işçilərinin əməliyatını təftiş edib onların təğyir və təbdilində izhar nəzər edəcəkdir.

3- Azərbaycanın ibtidayi məktəblərində üç kilasa qədər dərslər fəqət Azərbaycan dilində aparılmalıdır və üç kilasdan yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli darulfununun təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.

4- Azərbaycan Demokrat Firqəsi sənaye və fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikaları təkmil etməklə bərabər işsizliyi rəf etmək üçün, əl və maşın sənayeini genişləndirmək üçün vəsilələr yaradıb taza fabrikalar vicuda gətirsin.

5- Ticarətin genişlnməsini, Azərbaycan Demokrat Firqəsi çox lazim və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qallması çoxlu kəndlilərin, məxsusən bağdarların və xırda maliklərin sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur.

Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtiələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq işinə ciddi iqdam etməyi və bu vəsilə ilə ümumi sərvətin nüqsanının qabağını almasını nəzərdə tutmuşdur.

6 – Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsuda çatmaq üçün Firqə səy edəcək ki, çox tezliklə şəhər əncümənlərinin qanunu təğyir tapıb şəhər əhalisinə müstəqil bir surətdə şəhərin abadlığına çalışıb onları abırumənd və müasir hala salmağa imkan verilsin. Məxsusən Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox fövri- cari məsələlərindəndir.

7 – Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin sərvət tovlid edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvətli qoludur. Ona görə bu Firqə edə bilənməz ki, kəndçilər arasında vicuda gələn hərəkəti nəzərə almasın. Buna görə də Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsaslı qədəmlər götürülsün. Məxsusən kəndli ilə ərbabların arasında müəyyən bir hüdud təyin etmək və bəzi ərbablar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağın almaq Demokrat Firqəsinin fövrı vəzifələrindəndir.

Firqə səy edəcək bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həmdə maliklər özlərinin gələcəyindən itminan hasıl edib, rəğbətlə kəndlərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar.

Xalisə yerləri və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xəlqinin zəhmətlərinin məhsulunu Tehranda və sayir şəhərlərdə məsrəf edən ərbabların yerləri, əgər tezlik ilə Azərbaycana müraciət etməsələr, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz özlərinin eyş və nuşundan ötəri Azərbaycanın sərvətini xaricə aparanları Azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, onlar üçün Azərbaycanda bir haq qail dəyilik. Bundan əlavə Firqə çalışacaq ki, çox səhl və sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyətini torpaq və əkin aletleri cəhətdən təmin etsin.

8 – Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu xətər çox ciddi bir surətdə özünü göstərməkde dir.

Gələcəkdə bu sel gündən – günə qüvətlənəcəkdir. Mərkəzi dövlət və məhəlli məmurlar tərəfindən bu xüsusda heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xəlqinin əksəriyəti fəna bir hala düşməyə məhkumdur. Firqə çalışır bu xətərin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabrikaların təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosa yolların çəkilməsi kimi tədbirlər, mümkündür bir qədər faydalı olsun.

9- İntixabat qanununda Azərbaycanın həqqində böyük zülm edilmişdir. Dəqiq iltilaata görə bu ölkədə dörd miliondan yuxarı Azərbaycanlı yaşamaqdadır. Bu qeyri adilanə qanun mucibincə Azərbaycana məclis- şovrai millidə, 20- vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü dəyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək Azərbaycan nüfusuna nisbət vəkil intixab etmə həqqi olsun. Bu təqəribən məclis nümayəndələrinin üçdə birini təşkil edə bilər.

Azərbaycan Demokrat Firqəsi məclis intixabatının mütləqən azad olması tərəfdarıdır. O, dövlət işçilərinin daxili və xarici, həmçinin pulluların qorxutmaq və aldatmaq yolu ilə intixabat işınə qarışmalarına ciddən müxalifət edəcəkdir. İntixabat gərək təmam- İranda ani- vahiddə başlanıb, çox səri bir surətdə qurtarsın.

10- Azərbaycan Demokrat Firqəsi fasıd, müxtəlis və rüşvə alan şəxslər ilə ki dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək və dövlət məmurları arasında saleh və dürüstkar şəxslərdən qədirdanlıq edəcək. Məxsusən Firqə çalışacaq onların maaşları və zindəganlıq şəraitləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bahana qalmasın, onlar eliyə bilsinlər ki, özləri üçün abırlı həyat vicuda gətirsinlər.

11- Demokrat Firqəsi səy edəcək Azərbaycanda alınan vergilərin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri- müstəqim vergilər ciddi surətdə azalsın.

12- Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlər, məxsusən müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin.

  • Bu proqram kağız üzərində qalmayıb, elə deyilmi? Necə həyata keçirilib?

Firqə 12 maddəlik proqramı 1945-ci il dekabrın 12-də, 21 Azərdə yaratdığı Milli Hökumət vasitəsi ilə həyata keçirmişdir.

  • 81 il əvvəlki bu sənəd bu gün üçün nə dərəcədə aktualdır?

Təəssüf ki, bu maddələr günümüzdə də aktuallığını itirməyib. Dünyada, İranda şərait dəyişdiyindən bu proqramı inkişaf edib, daha da təkmilləşib.

  • Milli Hökumət süqut etdikdən sonra bu mübarizə necə davam edib?

Güney Azərbaycan türkləri milli haqlarının təmin ilə bağlı Milli Hökumət qan içində boğulndan sonra da bğmübarizə aparıblar. Onlar Firqənin 12 Şəhrivərdə elan etdiyi bəyannamənin müddəalarının həyata keçməsinə çalışıblar.

1979-cu il inqilabından sonra yeni hazırlanmış yeni Əsas qanunda təsbit edilmiş dil, milli hüquq bərabərliyi 12 Şəhrivərin tələblərindən doğub.

  • Bəs bu gün Güney Azərbaycan türkləri hansı vəziyyətdədir?

Güney Azərbaycan türkü milli varlığını panfarsçı assimilyasiyadan qorumaq üçün daim mübarizə aparır. Bu gündə İslam respublikası zindanlarında onlarla güney azərbaycanlı məhbus saxlanılır.

Bu günlərdə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının yaydığı bəyanatda da bu kimi məsələlər vurğulanıb (ttps://azerbaycan-ruznamesi.org/2026/09/01/12-s%c9%99hriv%c9%99rin-ildonumu-munasib%c9%99til%c9%99-gat%c9%99s-in-b%c9%99yanati/).

Şura türk millətinin ziyalı, ictimai fəal insanlarına Tehran hakimiyətinin təzyiq, təqib və verdiyi işgəncələri kəskin şəkildə pisləyib.

  • Bütün təzyiqlərə baxmayaraq, milli varlığı qorumaq üçün nələr edilir?

Güney Azərbaycan türkü hər il Babək qalasına gedərək, milli varlığını, məqsəd və hədəflərini açıqlayır.

Müxtəlif mövzulu mədəni tədbirlərlə milli varlığı diri saxlayır, onu yabanı təsirlərdən qoruyur. Avqustun 14-də Təbrizin üstüaçıq amfiteatrında “Koroğlu” opersı səhnəyə qoyulub. Bir qrup Azərbaycan türk sənətçisi tərəfindən yaradılan, Azərbaycan mədəniyyətini, tarixini və folklorunu diqqətlə əks etdirən nəhəng meqalayihə olan “Koraoğlu” ötən il Təbrizdə səhnələşdirilmiş, 42 mindən çox tamaşaçı tərəfindən görünməmiş bir coşqu ilə izlənmişdi.

Tamaşanın dizayner, ssenarist və rejissor Yaqub Sadiq Cəmali, prodüseri Nima Enhari, musiqi tərtibatçısı Qulamrza Mirzəzadə, xoreoqrafiyaı Elnaz Xodadadi, Səhənd və Babək Qeysəridir.

Yaqub Sadiq Cəmalinin rejissorluğu ilə Azərbaycan türkcəsində hazırlanan “Koraoğlu” tamaşası 14 avqust 2026-cı il tarixində Təbrizdəki “29 Bəhmən” Mədəniyyət və İncəsənət Kompleksinin açıq havadakı amfiteatrında səhnələşdirilib.

  • Hakimiyyət bu cür mədəni tədbirlərə necə yanaşır?

Təəssüf ki, hakim dairələr türklərin mədəni tədbirlər keçirməsini əngəlləyir.

Bununla hakim siyasi-dini və panfarsçı İran mərkəzli ideoloji sistemə xidmət edənlər qəbul edilmiş, hazırda qüvvədə olan Əsas qanunun fars olmayanaların hüquqlarına aid maddələri pozurlar.

Tehran hakimiyyəti prezident Məsud Pezeşkianın hərdən bir ana dilində, türkcə bir-iki cümlə işlətməsinin belə çox görür, dərhal ona qarşı təbliğat kampaniyası aparırlar.

Bu mövcud rejimin vətəndaşlarına münasibətinin göstəricisidir.

  • Bu, əslində Əsas Qanunla necə üst-üstə düşür?

Ana Yasa, Əsas Qanun vətəndaşlarla hakimiyyət arasında bağlanan müqavilədir. Tehran hakimiyyəti bu müqaviləni hər addımbaşı pozmaqla etibarsız olduğunu nümayiş etdirir.

İslam Respublikasının, bu gerici, mürtəce rejimin mövcudluğunu davam etdirməsinə yardım edənlər, belə əməlləri ilə İran cəmiyyətinin inkişafına zərbə vururlar.

  • Axırıncı sual — sizcə İranı gələcəkdə nə gözləyir?

Hadisələr göstərir ki, bu rejim bütün hallarda dəyişəcək. Çünki ölkənin 47 illik üsulla idarə edilməsi mümkün deyil. İnsanlar edamdan, təqib və tzyiqlərdən qorxmayaraq, milli hüquqların təmini tələbi ilə müxtəlif aksiyalar keçirir.

Güney Azərbaycan türklərinin milli hüquqlarının təmin tələbləri, onların reallaşması İranın gələcəyinin təminatı sayıla bilər.

81 il öncə dünyanın qarışıq vaxtı Azərbaycan Demokrat Firqəsi 12 Şəhrivər bəyannaməsi ilə həm İranın, həm də Güney Azərbaycanın, elə fars olmayan başqa etnik qruplara da nicat yolunu göstərib. Bir əsrə yaxındır Bu haqların təmini görməzlikdən gəlir. Sanki İran iki yerə bölünüb, biri indiki rejim və onun istənilən şəkildə dəyişməsi, yenilənməsi, hətta getməsini istəyənlər, o biri isə İranın demokratik və milli hüquqların təmin olmasını tələb edənlər.

  • Sədrəddin müəllim, söhbətimizi yekunlaşdıraq — əlavə etmək istədiyiniz bir fikir var mı?

Təəssüf ki, beynəlxalq ictimaiyyət 81 ildir eyni işlə, rejim dəyişikliyi ilə məşğuldur. Yəni şah gedir, başqa şah gəlir, yaxud şah gedir yerinə teokratlar gəlir. İndi bunların gedib, yerinə yenə oxşar qüvvənin gəlməsinə cəhd göstərilir. Bu yorucu, üzücü, İran cəmiyyətinə faydası olmayan bir proses hərəkatdır.

Yol aydındır. Azərbaycan Milli Hökuməti onu 81 il öncə real, praktik əməli isbatlayıb. Bu, 12 Şəhrivər Bəyannaməsinin açdığı, elan etdiyi cığırdır.

Ona görə də “İrana demokratiya, Azərbaycan Muxtariyyət!”, “Azadlıq, Ədalət, Milli Hökümət!” aktualdır. Bu İranın qurtuluşu, gələcəyi üçün cızılan yol xəritəsidir.

Azərbaycan Ruznaməsi adından hörmətli Sədrəddin İsmayılova bizə ayırdığı vaxta görə təşəkkür edirik!

Şərhlər bağlıdır.