Azərbaycan radiosunun əməkdaşı olduğum illərdə efirə gətirdiyim proqramlardan biri də “Axtarış” idi. Gənclik redaksiyasında işləyirdim deyə bu verilişə daha çox cavanları dəvət edir, onları axtarıb tapır, üstün cəhətlərindən söhbət açır, danışdırır, söz, könül mülklərinə güzər edirdim. Amma sonralar “Axtarış”in sərhədlərini bir az da genişləndirdim, istədim çağdaş gənçliyimizi həm də vaxtilə, tutaq ki, 20-30 il əvvəl el arasında populyar olmuş, adı dillərdən düşməyən, sonralarsa zamanın, taleyin hökmüylə unudulmuş, tərki-dünya olmuş, hardasa incimiş, küsmüş insanlarla-elm, mədəniyyət xadimlərimizlə tanış edəm. Bu məqsədlə ara-sıra ”Axtarış”ın böyüdücü obyektivini belələrinə sarı tuşlayır, onları dindirir və hər belə efir görüşlərindən sonra gənclərimizin xoş reaksiyasının şahidi olurdum. Çünki gənclik həm elm, mədəniyyət, sənət tariximizin yaxın keçmişiylə tanış olur, həm də özlərini gələcək həyata, bəzən də çətin, keşməkeşli mübarizələrə bir növ səfərbər edirdi. Bundan savayı, elə verilişin efir dəqiqələrində ürəyini boşaldan, ümdə istək və arzularını dilə gətirən yaşlı insanlar da unudulmadıqlarına görə xoşhal olur, həyata, yaşamağa daha möhkəm tellərlə bağlanırdılar.
Gün o gün oldu ki, “Axtarış” xanəndə Novruz Feyzullayevi axtarıb tapdı. Ötən əsrin 60- cı illərindən başlayaraq bir-neçə onillər boyu Azərbaycan efirində özünün yumşaq səsi, həlim ləfzi, bizlər üçün yeni olan qəribə zəngulələri ilə cövlan eləyən bu müğənni sonradan elə bil qeybə çəkilmişdi. Uzun fasilələrlə radiomuzun musiqi proqramlarından səsi eşidilsə də sənətə axınla gələn xanəndə və mügənnilərin tünlüyündə Novruz Feyzullayev elə bil susmuş, bir küncə qısılmışdı. Amma onun sənətinə bələd olanların xatirində Novruz özünün “Nazlana nazlana”, ”Ayrılıq”, ”Heydər baba”, ”Təbrizim”, ”Qaragilə” mahnıları, ”Hümayun”, ”Dəşdi” muğam dəsgahlarıyla yaşamağındaydı. Bir də ki, təkrar edirəm, həzin səsi, yumşaq zəngulələri və …Təbrizli ləhcəsiylə. Elə bu sadaladıqlarımın işığında onu axtarıb tapdım, çoxdan yadırğadığı, amma özünə dost, həmdəm bildiyi doğma radiosuna dəvət etdim. Mikrofonu açmazdan öncə bir xeyli söhbətləşdik. O vaxt mən İran İslam Respublikasına səfərdən təzə qayıtmışdım. Orda gördüklərimdən, təbii ki, Təbriz günlərindən, Saat qabağı meydanından, Şah gölündən, Firdovsi xiyabanından, Ərdəbildə Şah İsmayıl məqbərəsi önündə şəkil çəkdirməyimdən danışdım. Bir də baxdım gözləri dolub. Dedi ağa, sən neylədin, barigahımı dağıtdın ki! İllərdən bəri görməkdən yana burnumun ucu göynəyən o yerlərə, küçələri müsk-ənbər ətirli Təbrizimə aparıb gətirdin məni. Və elə bu yerdəcə qəriblik məfhumuna münasibətini öyrənmək istədim. Çünki, qəddar zamanın vahiməli küləkləri ağuşunda Arazı adlayıb quzey Azərbaycana pənah gətirmiş cənublu soydaşlarımızın – Rübabə Muradovanın, Söhrab Tahirin, Əbülfəz Hüseyninin, Mədinə Gülgünün, Hökumə Billurinin, vaxtilə anadan olduğum İsmayıllı rayonuna pənah gətirmiş, atamın da, şəxsən mənim də isti münasibətlərdə olduğum Ağa Sadiqinin, Əsgər Şahbazzadənin, İmran, Böyükağa dayılarının gözlərində yuva salmış qəribliyin zəif şüasını sezmişdim. Bu üzdən onu dindirmək istədim, dedim baxıram sizə, gözlərinizə … Dalısını gətirməyə qoymadı. Qayıtdı ki, müəllim, insan olan kəs vətənində, doğmaları arasında özünü qərib saymaz. Qəriblik onda baş verər ki, səni saymayalar, qabağına bəndlər, hasarlar çəkələr. Mən burada özümü daim Təbrizimdəki kimi hiss eləmişəm. Amma olub, elə məqamlarla üzləşmişəm ki, nəinki Bakıdan, nəinki Təbrizdən, Ərdəbildən, vallahi baş götürüb bu dünyanın özündən getməyim gəlib. Bax o anlarda özümü qərib sanmışam. Nə yaxşı ki, sənətim olub, radioda, televizionda, el məclislərində oxuyub dərdimi, məlalımı dağıtmışam, rahat olmuşam, özümü evimdə bilmişəm. Yox, mən qərib deyiləm!
Mikrofon açılanda isə ilk sualım belə oldu: – Novruz müəllim, siz özünüzü xanəndə sayırsız, yoxsa müğənni, yəni istərdim bu iki məfhuma aydınlıq gətirəsiz. Sualıma əlüstü cavab verdi, bununla da radio müsahibəmiz baş alıb getdi:
– Xanəndəylə müğənni sözlərinin kökü eynidir. Yəni oxuyan. İntəhası muğam, dəsgah oxuyana xanəndə, mahnı oxuyana isə müğənni deyirlər. Çünki nə qədər muğam meyilli olsam da mahnılarsız ötüşmürəm. Məsələn 30 ildən çoxdur mənim “Humayun” muğamım radio efirindən düşmür. Burda mən əlbət ki, xanəndəyəm. Amma özümün bəstələdiyim mahnıları oxuyanda məni müğənni kimi təqdim edirlər və düz də eləyirlər. Amma bir gileyim var ki, qoşduğum mahnıların bəstəçisi olsam da öz adımla getməyə icazə vermirlər, deyirlər sən bəstəkarlığı qurtarmamısan, otur yerində (gülür).
– Xanəndə qocalırmı, ümumiyyətlə oxuyanın qocalığı özünü nədə göstərə bilər, ya bəlkə əsil oxuyan üçün yaş həddi mövcud deyil.
– Özümdən danışa billəm. Vallahi – billahi oxuyarkən özümdə belə halı hiss eləməmişəm. Xanəndə yaşa dolduqca sənətin zirvəsinə doğru gedir, səsinin imkanları müqabilində muğamın daha dərin qatlarındakı sirrləri görür. Əyər oxuduğu ahənglə sözü mahiranə birləşdirə bilirsə ona necə qoca demək olar? Hal – hazırda mən yaradıcılıqla məşğulam. Unudulmuş muğamlarımızı, onların guşələrini tapıb yerbəyer eləyirəm. Məsələn “Əfşar” adlı bir muğam var. Çox möhtəşəmdir. Onun bəzi hissələrini radioda, televizorda oxumuşam. Amma hələlik çiy haldadı. İnşaallah dəsgah tam hazır olandan sonra mən onu oxuyum siz də qulaq asın, görün qocanın canında nələr var.
– Novruz müəllim, adın çəkdiyiniz “Əfşar” ayrıca muğamdı, yoxsa bizə məlum olan muğamların tərkibində bir guşədir?
– Gözəl sualdır. “Əfşar” muğamdı, dəsgahdı, 12 hissədən ibarətdi. Bu hansısa muğamın tərkibində olmayıb. Müstəqil həyatını yaşayıb və yaşamaqdadı. İntəhası istər Iranda, istərsə də digər şərq ellərində çox nadir, ustad sənətkarlar ona müraciət ediblər.
– Hər halda mən inanıram ki, bizdə qəbul olunmuş, böyük Üzeyir bəyin nota saldığı 7 muğamımızda “Əfşar” dan bəzi məqamlar olmasın.
– Mən öz fikrimi bildirəcəm. Mənə elə gəlir ki, yüz illər boyu İranda, cənubi Azərbaycanda, lap elə şimali Azərbaycanda da xanəndələrin oxuduğu bu muğamı nədənsə bu tayda unudublar. Yoxsa muğamlarımızın sayı 7 yox, indiyə 8 olardı.
– Sizə demək artıq olar ki, muğamlarımızı özünün təlqin elədiyi ovqata görə bəzən qəm muğamı, bəzən dəm muğamı adlandırırlar. Bəs “Əfşar” muğamını xarakteri etibarı ilə hansı qismə aid etmək olar?
– Bunda daha çox lirika özünü göstərir. İstər bəmində, istər zilində, istərsə də təsniflərində. Son dərəcə həzin, hətta kədərlidir. Nə bilim vallah, bəlkə elə həddən artıq qəmgin ovqatlı olduğuna görə bu muğamdan vaz keçiblər. Amma unutmaq olmaz ki, sevinclə kədər qapıbir qonşudurlar. Biri bitəndə biri başlayır, biri başlayanda o biri bitir.
– Hər halda böyük intizarla “Əfşar” muğamının ifanızda səslənəcəyi günü gözləyirik. Bu yerdə bir daha səs məsələsinə qayıdıram. Bizim ifaçılıq sənətimizdə bir neçə sənətkar var ki, səsləri bənzərsizdi, onları istəsələr də təkrarlaya, yamsılaya bilməzlər. Məsələn Qulu Əsgərovun, Qədir Rüstəmovun, Mirzə Babayevin, Oqtay Ağayevin səslərini kim çıxara bilər? Necə deyərlər, ayaqqabılarını geyə bilərlər, amma yerişlərini yeriyə bilməzlər. Mən məmnuniyyətlə sizin də səsinizi bu sıraya daxil edərdim. Həzin, ahəstə səs tembri, sözlərin aydın, dəqiq tələffüzü və sair. Bəs siz səsiniz barədə nə fikirdəsiz, ondan bir sənətkar ömrü ərzində yetərincə istifadə edə bildinizmi, bu sarıdan ürəyinizdə nigarançılıq, nisgil qalmaylb ki ?
– Qalıb. Ona görə ki, bu səslə istər keçmişlərdə, yəni hələ İranda yaşarkən, istərsə də indilərdə çox işlər görmək istəmişəm, amma görə bilməmişəm. Bax, sinnimin bu vədəsində, səsimin bu mərhələsində, biliyimin, dünyagörüşümün indiki dönəmində bir yeni sıçrayışa hazırlaşıram. Hədsiz – hüdudsuz layihələrim, planlarım var. Mənə güc, qüvvət, həvəs verənsə Arazın bu tayındakı Azərbaycanımın müstəqilliyi, öz sözünü özünün deməsidir. Gün o gün olsun ki …(səsi qırılır, kövrəlir.)
– Səsiniz, ifanızla ötən əsrin 60-cı illərindən bəri tanış ola bildik. Yəni cənubi Azərbaycandan köçüb Quzey Azərbaycana gələndən sonra. Soruşmaq istərdim, orda, doğma yurd-yuvanızda nəyiniz qaldı. Mən təkcə qohum – əqrəbanı, doğmaları nəzərdə tutmuram, ümumiyyətlə daha böyük mənada güney Azərbaycanda nələri qoyub gəldiniz?
– Əvvələn onu deyim ki, mənim bu “Cənub”, “Şimal” deyimlərindən xoşum gəlmir. Məndən ötrü Azərbaycan yekdir, bütövdür. Nəyi qoyub gəlməyimi soruşursunuz. 30 milyondan çox qardaş-bacılarımı, İranın hər buçağından, hər guşəsindən qulağa dəyən Azərbaycan türkcəsini, şirinli-acılı nəğmələri, aşıq havacatlarını. Hələ mən şairləri, rəssamları demirəm. Bir sözlə hünərməndləri qoyub gəlmişəm. Bəli, siz mənim səsimlə 60-cı illərdə tanış oldunuz. Amma sənətə gəlişim 1942-ci ildə olub. Ərdəbildə Səfəviyyə mədrəsəsində oxuyanda böyük qardaşım əlimdən tutub dostu, gözəl xanəndə Mirzə Əliağanın yanına aparardı ki, mənə oxumağın yollarını öyrətsin. Həmin ildə ustadım mənə dörd muğam oxumağı öyrətdi. “Humayın” idi, “Dəşdi”, “Bayatı-türk”, bir də ki, ”Əfşar” muğamlarıydı.
– “Bayatı-türk” dediniz, bəlkə “Bayatı-kürd”ü nəzərdə tutursunuz ?
– Yox, yox, “Bayatı-türk”. Oradan gələndən sonra istədim sizin bu radionuzda oxuyum, qoymadılar ki, ay aman orda ”türk” sözü var. İnşaallah onu da bu yaxınlarda dirildəcəm. Yeri gəlmişkən deyim ki, Ərdəbildə olarkən adın çəkdiyim “Əfşar” muğamını o qədər yaxşı oxumuşdum ki, ərdəbillilər məni o muğamın adıyla – Novruz Əfşari deyə çağırırdılar. Ta 60- cı illərəcən bu adla tanınmışam. Bura gələndən sonra oldum Feyzullayev.
– Bir vaxtlar İran radiolarından verilən muğam konsertlərinə həvəslə dinşək kəsilərdik. Xüsusilə Əbülhəsənxan İqbalın, Mustafa Payanın səsləri bizləri valeh edərdi. Onlarla necə, əlaqələriniz olubmu ?
– Əbülhəsən xan sıradan bir xanəndə olmayıb, böyük mənsəb sahibiydi. Təbrizin rəisi – şəhridarıydı, yəni şəhərin meri. Tehrana gəlişində mən şəxsən onun ziyarətində olmuş, məsləhətlərini dinləmişəm. “Ayrılıq” mahnısını yazan Əli Səlimi oxuyarkən tarda məni müşayət edərdi. Bir yerdə işləmişik onunla. Yazdığı mahnıların çoxunun ilk ifaçısı mən olardım. Mustafa Payanla da Tehranda bir yerdə oxuyardıq. Orada mehmanxanası vardı. Ailəvi dost idik. Bu taya gələndə məni yola salanlar arasında o da vardı. Qardaşı Əli Zərgərə məxsusi salamlarını yetirməyi gözləri yaşlı halda məndən rica elədi. Mən də bura gələn kimi onun arzusunu yerinə yetirdim.
– 90- cı illərin ortalarıydı, mənim İran İslam Respublikasına bir səfərim oldu, turist kimi. Vaxtilə radiomuzun “Bulaq” verlişinin redaktoru olduğumdan xəbər tutanlar Təbrizdə qaldığım oteldə məni axtarıb tapmışdılar. Həm onlarla, həm də digərləriylə apardığım söhbətlərdən bir şey mənə aydın oldu ki, orda demək olar hamı şeir yazır, səninlə şeir dilində danışır. Yəni sənətin başqa sahələri yoxdurmu ki, onlar şeirə üz tuturlar?
– Dadaş, İranda Azərbaycan türksəsində məktəb yox, universitet yox, gecə-gündüz radio-televizionlar farsca danışır. Üstəlik də ta qədimlərdən bizlərdə çalıb-oxuyan, atılıb-düşən, oynayanlara pis baxıblar. Bəs bu adamlar neyləsin? Ona görə də özlərini veriblər söz, şeir səmtinə. Buna pis baxmaq lazım deyil. Dərdin, məlalın, sevgi, mərhəmət, vətənpərvərlik duyğularının izharının bircə yolu vardır ki, onun da adı şeirdir. İranda belələrinə hünərmənd, yəni hünər sahibləri deyirlər.
– Bəlkə də bu sualımdan inciyəcəksiz, dediklərim xətrinizə dəyəcək, amma özümü saxlaya bilmirəm. Sizin oxu üslubunuza, xüsusən də muğamlarınıza İran-fars yolu xasdır. Hərçənd mən bunu qəbahət saymıram, muğam qoca Şərqin müştərək sərvətidir. Amma heç bu barədə, yəni stilinizdə dəyişiklik eləmək barədə fikirləşmisiz?
– Mənim Arazın o tayındakı stilim necə olubsa onu özümlə bu taya keçirib gətirmişəm. Məncə bunu mənə bağışlamaq olar. Çünki bir qayəm, bir arzum olub- milli musiqimizi pərvazlandırıb göylərə qaldırmaq. Ola bilsin orada doğulub boya –başa çatdığımdan, oranın musiqisini çox eşitdiyimdəndir ki, o ləhcə, o avaz canıma hopub, dilimdə yuva salıb. Amma bu olsa-olsa ləhcə, dialekt fərqidir. Bu fərqi hər hansı bir diyarın ayrı-ayrı bölgələrində də müşahidə etmək mümkündür. Məsələn Ərdəbillilər deyir”a yetim, nəğareysən, hardan gəleysən, hara gedeysən?” Amma görün təbrizli necə deyir, “dadaş, nə deeirsən, hardan gəliirsən, hara gediirsən?” O da Azərbaycanlıdı, bu da, xırda ləhcə tafavütü var. Bax, mənim ifalarımda duyduğunuz o xallar ki var, sırf ləhcə işidir, başqa bir şey deyil, ola da bilməz. Əbdülhəsən xan İqbalda da bu vardı, Mustafa Payam da, Ququşda da. Amma hamısı Azərbaycanlıydılar.
– Artıq xeyli vaxtdır bir zamanlar radionun, televiziya ekranının bəzəyi olan Novruz Feyzullayev sənət dairələrində bir qədər seyrək görünür. Sənətkar olaraq bu sizi sındırmır ki?
– Yox, sındırmır. Ona görə ki, həvəsdən düşməmişəm. Səsimdəki öz yerindədir, sözümə baxır, hara deyirəmsə oraya gedir. Dövlət Teleradio Şirkətindən çox razıyam ki, səsim yazılmış lent yazılarını qoruyub saxlayır, vaxtaşırı səsləndirir, məni elin yaddaşından silinməyə qoymur. Bir az yeni araya-ərsəyə gələn özəl, qeyri dövlət radio- televizionlarından gileyim var. Ucuz şoulara çox yer verirlər, əsil sənəti qapı dalında saxlayırlar. Bax, o dediyiniz qocalıq var ha, sənətkar onda qocalır. Belə yaramaz. Sənətkarı hər yaşda dindirib danışdırmaq lazımdır.Onlardan öyrəniləsi, görüb-götürüləsi çox şeylər var. O ola ki, mən təki cavan oğlandan (gülür) …
O güldü, mən də güldüm və bizim söhbətimiz üçün ayrılan vaxtın daraldığından narazı qalsam da görüşümüzə razılıq verdiyinə görə təşəkkürümü bildirib əl-ələ görüşdüm. Sonra söhbətimizin lentə alındığı studiyadan çıxıb pillələri enə-enə ona dedim çox sağ olun ki, “Axtarış” verilişinin bu sayının araya-ərsəyə gəlməsi üçün çox axtarmalı olmadıq, çox arzulardım ki, uzun və uzun illər beləcə axtardığımız yerdə tapaq sizi. Özü də bax belə şən, gümrah, sevdiyiniz, könül bağladığınız sənətin sükanı arxasında. Oxuyun, həmişə oxuyun və bu oxumaq sədaları altında daim sizi anaq, sizdən sənət inciləri umaq.
Bu sözlərimdən onun alındığını duydum. Şükranlarını mənə əllərimi bərk-bərk sıxmağıyla bildirdi. Və bu təmasdan ürəklənib ona daha bir sual verdim, mikrofonsuz-filansız.
– Ərdəbilə, Təbrizə, bir sözlə ana vətənə getməyiniz gəlirmi?
– Hələ ki yox.
– Niyə?
– Niyəsini soruşma . Çün istək başqadır, şərait, səbəblər başqa. Bircə orasını deyim ki, 45-ci ildə cənubda Milli Hökumətimiz yarananda mən artıq Təbriz filarmoniyasının solisti idim. Orada ta qədimlərdən çox möhtəşəm bir orkestr fəaliyyət göstərirdi. Müstəqillik aylarında daha da qol-budaq açmışdı. Cahangir Cahangirov, Hacı Xanməmmədovla da orda tanış oldum. Həmin orkestrdə işləyir, dirijorluq edirdilər. Cibim həmişə pullu olub, el məclislərindən yaxşı qazanardım. Amma iş yerimdən ilk dəfə Milli Hökümətimizin pulunu alanda o 150 tümən pulun üzərinə göz yaşlarım ələndi. Çünki o mənim doğma pulum idi, müstəqil dövlətimin göstəricilərindəndi. Sonra da… sonrası sizə məlumdur… Hər şeyi zaman həll eləyir. Zaman yetişər verdiyiniz suala “yox”əvəzinə “hə” deyə cavab verərəm.
Novruz Feyzullayev (Əfşari) ilə bu söhbətimin alındığı tarix 2001-ci ilin Novruz ayına təsadüf eləmişdi. Şən, qıvraq, həyat eşqiylə ləbaləb dolu bir insanla şəxsən tanış olmuşdum. Sevinir, qürur duyurdum, sənətimə minnətdarlıq edirdim ki, sayəsində daha bir dost qazanmışam. Oxuyarkən səsində üzə çıxan həzinliyin, bir növ pıçıltıya bənzər həlimliyin tam əksi olaraq həm də həyatda sərt idi, ötkəm idi, hər an amalı, əqidəsi uğrunda döyüşə atılmağa hazır idi. Arada sənət adamlarının ən incə yeri olan ad, titul məsələsinə də toxunub qırımını yoxlamışdım. Adıma nə gəlib ki, dadaş, demişdi. Bəsimdi deyələr ki, oxuyur Novruz Feyzullayev. Təki Allah səsimə qıymasın, qalanı düzələn şeydi.
Ayrıldıq və haqqında danışdığı layihələri həyata keçirəndən sonra bir daha görüşüb söhbət edəcəyimizin ”hə”sini ondan aldım. Sonra, günlərin bir günü radiodan “Heydər baba” mahnısını dinləyən təki evlərinə zəng vurdum ki, hal-əhval tutam, bir də görüşək. Dedilər yerində yoxdur və bir daha olmayacaq. O boyda sənətkar səsindəki həlimliyin özü kimi, haysız – küysüz, pıçıltıya bənzər bir sakitliklə dönyasını dəyişibmiş sən demə. O, bu, daha ona zəng eləmirəm. Bilirəm ki, yerində deyil. Amma həm də yerindədir məncə, canı, qanı qədər sevdiyi, özünü heç zaman qərib saymadığı Vətən torpağının altında. Oraya köç edib ki, cismi ilə torpağı bir az da qabartsın, artırsın, aradabir Vətən göylərində havalanan mahnıları, muğamları, yumşaq zəngulələri ilə həm ona, həm özünə layla çalsın, salam versin.
İntiqam Mehdizadə
Şərhlər bağlıdır.