Güney Azərbaycanla bağlı yeni kitab nəşr edildi

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini,  fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın 3-cü cildi  işıq üzü görüb. Kitab “Elm və təhsil” Nəşriyyatının poliqrafiya müəssisəsində çapdan çıxıb.

Həmin cilddə kitabın XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Kitabın elmi redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev və fəlsəfə üzrə fəlsəfə doktoru dosent, Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir.

Yeni nəşrdə Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yolları üç istiqamətdə təhlil edilmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Ş.M.Xiyabani, S.C.Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi, Tağı Ərani, Tağıxan Rüfət, Əlirza Nabdil və başqaları); 2) Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (M.Ə.Şəbüstəri, M. Tərbiyət, M.Şəhriyar, Səhənd, H.Billuri, Həbib Sahir, Həmid Nitqi, Əli Təbrizli, M.Zehtabi, Cavad Heyət və başqaları); 3) İslam fəlsəfəsi və islamçılıq (Əbülqasim əl-Xoyi, M.Təbatəbai, M. Şəriətmədari, M.Cəfəri, Cəfər Sübhani və başqaları).

Əsər Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ümumtürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.

Şərhlər bağlıdır.