Rza Pəhləviyə İran xalqının nümayəndəsi kimi Azadlıq Mükafatının verilməsinə etiraz

2026.10.18

 

Hörmətli Fridrix Nauman Azadlıq Fondunun Rəhbərliyi və İdarə Heyəti,

Biz, Güney Azərbaycanın (İran) siyasi təşkilatları olaraq, Fondunuz tərəfindən Azadlıq Mükafatının əmanət olaraq İran xalqının nümayəndəsi qismində Rza Pəhləviyə verilməsi qərarına qarşı dərin etirazımızı bildiririk.

Bu qərar Fondunuzun müdafiə etdiyi demokratiya, plüralizm və insan haqları prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil edir:

1. Rza Pəhləvi İran xalqının seçilmiş nümayəndəsi deyil: O, İran xalqı tərəfindən heç bir azad, şəffaf və demokratik seçkidə nümayəndə seçilməyib. Heç bir demokratik mexanizm olmadan 80 milyonluq və çoxmillətli bir xalqın təmsilçiliyini bir şəxsə vermək, xalqların öz müqəddəratını təyin etmə hüququnun açıq şəkildə pozulmasıdır.

2. Pəhləvi sülaləsinin tarixi Güney Azərbaycan milləti üçün sistematik basqı tarixidir: Rza Şah və Məhəmməd Rza Şah Pəhləvi dövründə Türk Azərbaycan milləti “Bir millət, bir dövlət, bir bayraq” adlı faşist siyasətin qurbanı olub. Ana dilimiz olan Türk dilində təhsilin qadağan edilməsi, Türk dilində kitab və mətbuatın yasaqlanması, Azərbaycanda tarixi Türk coğrafi adlarının sistematik şəkildə farslaşdırılması, üsyanların yatırılması və Azərbaycan aydınlarının həbs və edam edilməsi bu qara tarixin bir hissəsidir.

3. Rza Pəhləvi plüralist demokratiyaya inanmır: O, dəfələrlə atasının və babasının dövrü ilə fəxr etdiyini bəyan edib və eyni mərkəziyyətçi və totalitar diskursu təbliğ edir. O, heç vaxt İranın qeyri-fars millətlərinin (Türk, Kürd, Ərəb, Bəluc, Türkmən) ana dilində təhsil hüququnu, mədəni və siyasi özünüidarə hüququnu və federalizm prinsipini açıq şəkildə qəbul etməyib. Onun baxışı İranın milli çoxluğunu inkar etməyə əsaslanır.

İran əhalisinin 60%-dən çoxunu təşkil edən qeyri-fars millətlər tarixdə ən böyük zərbəni Pəhləvi ailəsindən alıb. Bəs o düşüncənin qurbanlarını, o düşüncənin simvolu necə təmsil edə bilər?

İran çoxmillətli bir ölkədir və orada yaşayan bütün millətlərin bərabər hüquqları tanınmadan İranın azadlığı mənasızdır. Fridrix Nauman kimi liberal və insan haqları keçmişi olan bir fonddan bütün millətlərin səsini eşitməsi gözlənilir.

Bu qərarın yenidən nəzərdən keçirilməsini xahiş edirik.

Hörmətlə,

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) adından
İmzalayanlar:
Azərbaycan Mərkəz Partiyası
Güney Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokrat Firqəsi -ADF
Azərbaycan İstiqlal Partiyası
Güney Azərbaycan Milli Müqavimət Təşkilatı
Güney Azərbaycan öğrenci Hərəkatı
Alyans Partiyası
Güney Azərbaycan Qurtuluş Partiyası

Şərhlər bağlıdır.