Amerikalı yazarın Qarabağ ermənisinin söylədikləri əsasında yazdığı kitabdan

Ohanes Apresyan deyir: kim kimi soyqırımına məruz qoyub?

Amerikalı yazar Leonard Ramsten Hartillinin 1928-ci ildə ABŞ-da “Azərbaycan olayları – 1918-1922-ci illər” kitabı dərc olundu. Həmin nəşrdə Qarabağ ermənisi Ohanes Apresyanın söylədikləri əsasında Açıq məktub da təqdim edildi. Məktub sanki günümüzün Co Baydenləri üçün də nəzərdə tutulmuşdur. Orada günümüzün şəkkaklarının da ağzından vuran belə bir suala açıq-aydın cavab verilir: kim kimi soyqırımına məruz qoyub, vəhşi, qaniçən kimdir? Açıq məktubla birgə tanış olaq.

“…Türklərə qarşı müharibə tezliklə yoxetmə müharibəsinə çevrildi, insan ağlına sığmayan və sözlə ifadə edilməsi mümkün olmayan qorxunc işlər oldu. Mənim də iştirak etdiyim bu hadisələrdə gördüklərim məni xəstə saldı. Biz Ermənistandakı Türklərin qaça biləcəkləri yolları və dağ keçidlərini tutduq, dərhal da Türkləri yoxetmə işinə başladıq. Hərbi qüvvələrimiz dayanmadan Türk kəndlərini mühasirəyə alır, top atəşi ilə evləri daş və torpaq yığınına çevirir, sakinləri kəndlərdən qaçmağa məcbur edirdilər. Bu zaman isə güllə və süngülərlə onların işini bitirirdik. Bəzi Türklər əlimizdən qurtularaq ya dağlardakı kahalara sığınır, ya da özlərini sərhədə çatdırıb Türkiyəyə qaçırdılar. Amma geri qalanların hamısı öldürülürdü.

Beləcə, Naxçıvandan Axalkələkə qədərki bütün sərhəd bölgələri, Ağrı dağının ətəklərindəki isti obalardan, şimaldakı soyuq dağ yaylalarına qədər hər yer viran edilmiş Türk kəndlərinin sükuta qərq olmuş xarabalıqları ilə doldu. İndi o kəndlərdə, buralarda ölüb qalmış insanların sür-sümüklərini tapıb gəmirmək üçün dolaşan canavar və çaqqalların ulaşmalarından başqa heç bir səs-səmir yoxdur. Nəhəng cüssəli bir Türk bizə qarşı çox gözəl vuruşurdu. O, əlində tüfəng, erməni əsgərlərinin topasına girdi. Tüfənginin qundağı ilə vurub əsgərlərimizi pərən-pərən saldığını gördüm. Ona hər tərəfdən atəş açırdılar. O isə “Allah, Allah!” deyə hayqıraraq tüfəngıni havada fırladır, bir sürü erməni əsgəri ilə tək vuruşurdu. Əsgərlərdən biri süngüsünü onun sinəsinə sanca bildi. Süngünün ucunun Türkün kürəyindən çıxdığını gözlərimlə gördüm. Türk, süngüsü sinəsinə girən tüfəngin lüləsindən bərk yapışmışdı, erməni əsgər isə tüfəngini ondan geri almağa çalışırdı. Erməni Türkə lap yaxınlaşanda Türk tüfəngin lüləsini buraxıb erməninin xirtdəyindən yapışdı. O biri ermənilər bunları dövrəyə alıb qəhqəhə ilə gülür və bağırışırdılar. Birdən hər ikisi yerə yıxıldı. Ermənilərdən biri cəld iri bir qaya parçasını qaldırıb var gücü ilə Türkün başına çırpdı. Türk daha vuruşa bilmədi və səssiz, hərəkətsiz qaldı. Erməni ayağa qalxıb süngünü Türkün sinəsindən çıxartdı və rus dilində “sladkiy, sladkiy”-“ləzzətlidir” deyə bağıraraq süngüdəki isti qanı yaladı…

Bir gecə xarabalığa çevrilmiş Türk kəndindən keçəndə viran edilmiş bir evin önündə ocaq qalandığını gördüm. Ora getdim. Ocağın ətrafında bir dəstə erməni əsgəri oturmuşdu. Çox kiçik yaşda olan iki Türk qızı da bunların qarşısında çöməltmə oturmuşdu, arabir hıçqıraraq sakitcə ağlayırdılar. Sındırılmış ev əşyaları və Türk kənd evlərinin digər ləvazimatları ətrafa səpələnmişdi. Orda-burda meyitlər də qalmışdı. Heyif ki, qızları xilas etməyə gecikmişdim. O zavallı cocuqlara Türkcə dedim ki, qorxmayın. Mənim onlara zərər verməyəcəyimə, kömək etmək istədiyinə inandılar və hönkür-hönkür ağladılar.

Əsgərlərin əməllərindən elə dəhşətə gəlmişdilər ki, onların yanında bu qızcığazları ovutmaq mümkün deyildi. Qızları özümlə apararaq zəfərlərinin onlara bəxş etdiyi neməti əllərindən aldığımı düşünən əsgərləri çirkin bir əhval içində qoyub getdim. 1-2 kilometr getmişdik ki, viran edilmiş başqa bir Türk kəndinə çatdıq. Qaranlıq düşmüşdü deyə, bu kənddə gecələmək fikrində idim.  Cibimdəki çörəyi Türk cocuqları ilə bölüşdüm, xarabalıqlarda özümə və qızlara ayrı-ayrılıqda sığınacaq yeri tapdım. Tez də yuxuya getdim və qəfildən dayanmadan ağlayan cocuq səsinə oyandım. O səsə tərəf getdim. Ay işığında xaraba bir Türk evinə çatdım. Viran edilmiş evin küncündə bir qadın meyiti vardı, boğazı kəsilmişdi. Bir yaşında bir qız uşağı qadının üstündə dayanıb onun döşündən süd əmməyə cəhd edirdi. Körpəni qucağıma alıb, cibimdə qalan çörəyi suda islatdım və cocuğu doydurmağa çalışdım, sonra da onu Türk qızlarının yanına qoydum ki, ovutsunlar. Şəhəri gün talesiz bu üç körpənin Amerika yetimxanasına verilməsi üçün tapşırıq verərək Qarsa yola saldım. Türk kəndləri bu şəkildə təmizlənəndən sonra mən də Qarsdakı köhnə alayıma qayıtdım”… 

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.