1946-cı il aprelin 26-da Təbriz radiosunun rəsmi açılışı olub

Unudulmaz verilişlər, səslər

1946-cı il aprelin 26-da Təbriz radiosunun rəsmi açılışı oldu. Bu unudulmaz bir mərasim, dərin nitq, alovlu çıxışlarla, sevinc dolu əhval-ruhiyyə ilə yadda qalan tədbir idi. “Azərbaycan” qəzeti mərasimi ətraflı surətdə işıqlandırdı. İndi 75 ildən sonra həmin materiallarla tanışlıq şərəfli keçmişimizin bu səhifəsi üçün də qürur hissi yaradır. Yazıları azerbaycan-ruznamesi.org saytına dəyərli şərqşünas alimimiz dosent Səməd Bayramzadə təqdim edib.

Azərbaycan danışır! 

Cümə günü, aprel ayının 26-da Azərbaycan radio stansiyasının rəsmi açılışı münasibətilə dövlət teatrı səhnəsində təntənəli bir yığıncaq təşkil olunmuşdur.

Bu gün Azərbaycan xalqının siyasi və ictimai həyatında tarixi bir gün idi. Azərbaycan bu gün rəsmi surətdə öz səsini dünyanın ən uzaq nöqtələrinə yetirib və Asiya qitəsinin bir guşəsindən azadlıqdan ötrü yorulmadan mübarizə edən şərəfli bir xalqın dili ilə danışdı.

Milli hökumət xalqımızın həqiqi ehtiyaclarını nəzərdə tutmaqla radio stansiyasının yaradılması üçün sürətli addımlar atıb. Bununla xalqımızın həqiqi arzu və istəyini həyata keçirdi.

Xalqımız bu gün İranın bütün nöqtəlrindən Azərbaycanın səsinə qulaq asır, öz şirin ana dilinin tərənnümündən həvəslənir. İndi dünyanın hansı itkin nöqtəsində olursa-olsun, Azərbaycan xalqı öz səsini, öz ana dilini eşidib və öz varlığını hiss edir.

Radio stansiyası Milli hökumətin ən parlaq müvəffəqiyyətlərindəndir. Bundan sonra Azərbaycan öz səsini yüksək dağların, geniş dəryaların və çöllərin dalından bütün demokratik dünyanın qulağına yetirə bilər.

Radio stansiyası bizim gələcəyimizdə böyük və tarixi bir rol oynayacaqdır. Bununla mədəniyyətimizi təmim edib və həyati məsələlərin bütün ölkəmizdə cərəyan etdirilməsi çox asan bir şəkildə əmələ gələcəkdir.

Milli hökumət xalqın öz hökuməti olduğu üçün daima bütün Azərbaycan əhalisi ilə təmasda olub və onları görülmüş və görüləcək işlərdən xəbərdar edəcəkdir.

Bundan sonra dövlətimiz xalqımızı bütün gedişatlarla tanış edib onlara milli vəzifələrini yerinə yetirmək üçün rəhbərlik edəcəkdir. Buna görədir ki, bu gün bütün Azərbaycan xalqında böyük bir sevinc yaranmışdır.

Azərbaycan xalqı milli dövlətimizin götürdükləri qalibiyyət qədəmlərini gördükdə bu dövlətin doğrudan da öz dövlətləri olduğunu düşünüb azadlığın nə olduğunu hiss edirlər.

Radio stansiyası xalqımızın qüdrətini bütün dünyaya sübut etməklə millətimizin azadlıq uğrunda etdiyi mübarizəni qiymətləndirir, onları tanıtdırır. Qoy sönməz müqəddəs odlar yurdu Azərbaycan danışsın. Qoy Azərbaycanın qüdrət və sevinc dalğaları dünya üzərində cərəyan edib indiyə kimi azadlıq həsrətində olan əsir bir xalqın azadlığını sübuta yetirsin. İndi o qaranlıq, nifrətli günlər qurtarıb. Tarixi və keçmiş xatirələrin şahidi olan Azərbaycanca  danışır!

Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı

 Cümə günü 26.04.1946-cı il tarixində axşam saat 5.30-da Azərbaycan  milli radio stansiyası rəsmi surətdə açıldı. Bu təntənəli açılış mərasimi xalqımızın odlu alqışları içərisində dövlət teatrında təşkil olundu. Milli hökumətimizin Baş naziri cənab Pişəvərinin xəstəliyi olduğuna görə radio Milli Məclis rəisi cənab Şəbüstərinin vasirəsilə açıldı. Aşağıda cənab Şəbüstərinin açılış münasibəilə söylədiyi nitq dərc olunur. Bu nitq 4 başqa dildə, kürd, fars, rus, fransız dillərində də bütün dünyaya verildi. Mərasimin proqramı xalqımızın sevincli və gurultulu alqışları ilə saat 8-də sona yetişdi.

Əziz həmvətənər və hörmətli eşidənlər!

Azərbaycan Milli Hökumətinin yeni bir parlaq nailiyyətini sizə xəbər verməklə özümü çox xöşbəxt hesab edirəm. Millətlər ömründə çox qısa sayılan 4 aylıq bir müddətdə Azərbaycan Milli Hökumətinin müxtəlif həyati sahələrdə əldə etdiyi nailiyyətlər qəhrəman xalqımızın iftixarla dolu tarixində qızıl xətt ilə yazılacaqdır. Misli görünməmiş bir əmniyyət yatamaq, iqtisadi böhranların qabağını almaq, işsizlik əleyhinə müvəffəqiyyətlə mübarizə aparmaq, həqiqi xalq maarifini genişləndirmək, səhiyyəni təmim vermək, pulsuz və əvəzsiz olaraq kəndlilər arasında xalisə yerlərinin (dövlət torpaqlarının – red.) bölünməsini əməli etmək, azadlığı və milli dövlətimizi müdafiə etmək üçün qüdrətli milli qoşun yaratmaq Milli hökumətimizin bu qısa müddətdə əldə etdiyi nailiyyətlərin bir hissəsini təşkil edə bilər.

Habelə milli radio stansiyasının təsis edilib işə salınması Milli hökumətin böyük dəyərə malik olan işlərindəndir.

Mən çox şadam ki, bu gün milli radiomuzun rəsmi açılış mərasimi xalqımızın müxtəlif təbəqələrinin hüzurunda əmələ gəlir, Azərbaycan milli radiosunun təsisi ilə xalqımızın həyatında yeni bir mərhələ başlanır. Çünki bu radio xalq maarifini genişlənməkdə, ictiami rəyi işıqlandırmaqda, təlim və tərbiyə yolu ilə millətimizin əsasını möhkəmləndirməkdə və bütün təbəqələri ölkənin və və dünyanın vəziyyəti ilə tanış etməkdə böyük bir rol oynayacaqdır. Biz bu qüdrətli silahdan layiqincə istifadə edərək ana dilimizdə səsimizi bütün azad və mədəni dünyanın qulağına çatdırıb bütün dünyaya öz milli istəklərimizi və müvəffəqiyyətlərimizi elan etmək üçün imkan əldə edəcəyik.

Yeri gəlmişkən, iftixar və şərəflə öz vətənlərinə dönən qəhrəman Qızıl ordunya Azərbaycan xalqına hədiyyə etdiyi bu unudulmaz yadigara görə səmimi qəlbdən təşəkkür etməyi lazım bilirəm.

Qəhrəman Qızıl ordu bəşəriyyət xilaskarı və demokratiya hamisinə layiq olan tərzdə tarixi missiyasını şərəflə yerinə yetirib nəinki yalnız öz vətənini qəhrəmancasına müdafiə etdi, eyni zamanda faşist istilaçılarının əli ilə aradan getməkdə olan dünya mədəniyyətini də xilas etdi.

Qəhrəman Qızıl ordu İranın istiqlaliyyətini hifz etdi və misli görünməmiş qəhrəmanlıqlar sayəsində faşist işğalçılarının əziz vətənimizə qədəm qoymasına mane oldu. İndi ki, xilaskar qızıl ordu məmləkətimizi tərk etməkdədir, onlara ürəkdən “xoş gəldiniz” deyərək öz səmimi və pak duyğularımızı təqdim edib və nəcib sovet xalqlarının səadətini arzu edirəm.

Qızıl ordunun yadigarı olan Təbriz radio stansiyası azadlıq, demokraya, müdafiə, nicat və mətanət nümunəsi olan sovet xalqlarının qəhrəman oğullarının xatirələrini əbədi olaraq Azərbaycan xalqıın ürəyində hifz edəcəkdir.

Bir dəfə daha Təbriz radio stansiyasının rəsmi açılışı münasibətilə qəhrəman və rəşid Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Kürd qardaşlarımızın möhtərəm rəhbəri cənab Qazi Məhəmmədin radionun rəsmi açılışı münasibəti ilə söylədiyi nitqi.

İndi ki, Azərbaycan Milli Hökumətinin radio stansiyası rəsmən açılır, Azərbaycanın bütün rəşid və azadlıqsevər millətinə ürəyimizin dərin güşəsindən gələn təbrik və salamlarımızı bildirirəm. Çünki bizim üçün bir vaxt müəyyən olunub ki, Kürdüstan tərəfindən də radioda danışılsın. Bu radionun açılışı münasibətilə kürd millətini də təbrik etməyi lazım bildim.

Bu iki nəcib millətin azadlığı ələ gətirmələrinə səbəb olan bu dostluq və birliyin gündən-günə daha da möhkəm olmasına ümid edirəm. İttifaq və qardaşlıq sayəsində ələ gətirdiyimiz azadlığın mühafizəsi üçün mərdliklə çalışacağıq. Bir-birimizə münasibətdə hər cür yardımı və köməyi əsirgəməyib hələ da qalmaqda olan ictimai və mədəni nöqsanları bir-birimizin köməkliyi ilə aradan qaldırıb tam sürətlə səadət və xoşbəxtlik mənzilinə tərəf gedək. Səy və ciddiyət etməliyik ki, dünyanın mütərəqqi millətlərindən geri qalmayıb sahibsizlikdən bu iki millətin düçar olduğu yoxsulluq və fəlakəti sənaye və elm vəsiləsi ilə dəf edək. Xülasə, bu iki milləti birlikdə işləməyə və qardaşlığa çağıraq. Fürsətdən istifadə edərək bu məsələni onların yadına salıram ki, bugünkü dünya elm və mədəniyyət sayəsində yeri-göyü fəth edib və indi ulduzların sirlərini kəşf eləməklə məşğuldur. Deməli, sizin nicat yolunuz yalnız elm və mədəniyyətə sahib olmaqdadır. Bu halda hər nəyiniz varsa, özünüzü savadlandırmaq, elm və maarifinizi genişləndirmək yolunda xərc edin və əmin olun ki, özünüzün qədim arzunuza yetişəcəksiniz. Kürd millətini bu məsələdən xəbərdar etmək istəyirəm ki, Təbrizə gəldiyim bu neçə gündə Azərbaycanın möhtərəm başçıları ilə birlikdə hərbi hissələri, məktəbləri və fabrikləri görməyə getmişəm. Azərbaycan milləti öz tərəqqi və səadəti yolunda böyük addımlar atıb və layiqli tərəqqilərin ona nəsib olduğunu müşahidə etmişəm.

Təbrizdə və Azərbaycanın sair şəhər və kəndlərində maddi və mənəvi nöqsanları aradan qaldırmaq üçün ictimai və iqtisadi sahələrdə böyük hərəkətlər görünməkdədir.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

Şərhlər bağlıdır.