Qəzənfər Həmidoğlu Azərbaycanın tanınan jurnalistlərindən və şərhçilərindəndir. Məhz bu keyfiyyəti artıq tarixə qovuşmuş “Ekspress” qəzetinin ölkənin böyük oxucu auditoriyası olan, içtimai fikrə təsir göstərən mətbu orqan kimi formalaşmasına təsirsiz ötüşməyib. Keçmiş baş redaktor qələmini yenə yerə qoymayıb. Cəmiyyəti, insanları düşündürən aktual məsələlər barəsində publisistik yazılarını dövrü mətbuata təqdim etməkdədir. Onun “Bayden tələsi” sərlövhəli yazısı da bu baxımdan geniş mütaliəyə layiq peşəkar yanaşmanın məhsuludur.
Qəzənfər Həmidoğlu
Co Bayden bədnam mesajını qeyri-səmimi bir cümlə ilə bitirir: “Bunu kimsəni suçlamaq üçün deyil, tarixin təkrar etməyəcəyindən əmin olmaq üçün edirik”.
“Soyqırım” deməsi bir yana, üstəlik, bəyanatında İstanbulu “Konstantinopol” adlandıran Ağ evin indiki sahibi mesajını sadəcə, seçki vədi naminə və “erməni soyqırımı” lafını ağzına alan ilk amerikan prezidenti olmaq “şərəfi”nə sahiblənmək üçün demədi.
Adamın 50 ilə yaxındır Türkiyəyə patoloji nifrəti var, bu zatın aprelin 24-dəki açıqlaması Türkiyəyə qarşı təzyiqlərin yeni mərhələsinin başlanğıcı və Ankaranı tələyə salmaq cəhdidir.
Bir superdövlətin liderinin müttəfiqi sayılan ölkənin ən önəmli şəhərini “Konstantinopol” adlandırması onun sadəcə dost olmadığını göstərmir – Bayden faktiki olaraq Türkiyəni təhdid edir.
1974 -cü ildən – Kipr barış hərəkatından bəri Türkiyəyə əngəl yaradan hər amerikan daşının (Konqresin qondarma soyqırımla bağlı olan və olmayan qanun layihələri, bəyannamələri, embarqoları, qadağaları və s.) altından senator Bayden çıxırdı və bu işin nöqtəsini prezident Bayden kimi qoydu.
Şübhə yoxdur ki, Baydenin mesajı əsas alınaraq Türkiyəyə qarşı siyasi və iqtisadi kampaniyalara başladılması özünü çox gözlətməyəcək. Bu fonda ermənilər və havadarları beynəlxalq səviyyədə təzminat və sığorta davaları açmaqla, başqa iddialar qaldırmaqla Türkiyəni sıxıntıya salmağa çalışacaqlar. On illərlə amerikan prezidentinin dilindən “genosid” kəlməsinin çıxmasını gözləyən yüzlərlə mərkəz, hüquq kontoru, miras qurumu var ki, leş yeyənlər dəstəsi kimi Türkiyənin üzərinə tökülüşsünlər. Düzdür, Amerika məhkəmələrində “erməni işləri” çox qaldırılmış və hüquqi perspektivinin olmadığı üzə çıxmışdı. Amma “Halk Bankası işi” praktikası göstərdi ki, Birləşmiş Ştatlarda da hüquq asanlıqla siyasətin alətinə çevrilir.
Əlbəttə, Türkiyədən “üzr istəməsi” tələb ediləcək. Hətta ABŞ-Türkiyə əlaqələrində bu, ilkin şərt kimi irəli sürülə bilər.
Türkiyə üçün daha bir tələ Ankaranın bu məsələnin “mədəni-siyasi” müzakirəsinə cəlb edilməsi ola bilər. Hədəf Türkiyənin bu işin “tərəf”i görüntüsü yaratmaqdır. “Tərəf”i “etiraf” kimi təqdim etmək isə texniki məsələdir. Başqa bir tələ iddiaların Türkiyə Cümhuriyyətinə deyil, Osmanlıya aid olması ilə bağlıdır. Sanki uşaq başı aldadırlar. Kimsə şübhə etməsin, ermənilərin qondarma “Meds Yeghern” məsələsini yerbəyer etdikdən sonra Cümhuriyyət dönəminə – qondarma “pontus yunanları genosidi”nə, “kürd məsələsi”nə keçəcəklər və başqa bəhanələr “tapacaqlar”.
Kimlərsə düşünürlərsə ki, bu, Baydenin avtoritarizmlə davası, məhz Ərdoğan rejimini hədəf alması ilə bağlıdır, heç düşünməsələr yaxşıdır. Bu, birbaşa Türkiyə Cümhuriyyətini hədəf almaqdır və bu haqsız mesajda türklərə qarşı heç bir xoş niyyət yoxdur.
Əlbəttə, Türkiyə hakimiyyəti və cəmiyyəti bu çirkin iftira və mövqeyə adekvat cavab verəcək. Türkiyə son illərdə iqtisadi anlamda bir qədər zəifləsə də, iddia edildiyi kimi, Amerikadan o dərəcədə asılı deyil, əks-həmlə üçün yetərli rıçaqlara və siyasi iradəyə sahibdir. Qarşıda Türkiyəyə təzyiqlər daha da artacaq, amma bu, əks-effekt verə bilər: düşmənlərinin gözləntilərinə rəğmən, türk cəmiyyəti milli birlik-bərabərlik nümunəsi göstərəcək ki, bunun da ölkənin gərgin siyasi mühitinə pozitiv təsiri ola bilər.
P.S. ABŞ prezidentləri arasında “erməni genosidi” sözünü ilk dəfə Ronald Reyqan desə də, bu, Amerika administrasiyasının mövqeyi deyildi. 1982-ci ildə Holokostla bağlı bir tədbirdə iştirak edən ABŞ-ın 40-cı prezidentinin çıxışının mətninə bu ifadəni Reyqanın dələduz spiçrayteri (mətn yazan) – Ağ evdəki etnik erməni Ken Xaçikyan salmışdı.
Şərhlər bağlıdır.