“Füzuli” təxəllüsünün mənası “çərənçi”, “boşboğaz” deməkdir. Aydındır ki, şair ya təvazökarlıqdan bu təxəllüsü seçib, ya da istəyib ki, onun təxəllüsünü digər şairlər götürməsinlər və beləliklə də onun qəzəlləri digər eyni təxəllüslü şairlərin şeirləri ilə qarışdırılmasın.
24 aprel 2021-ci il tarixdə “İran” telekanalının “Fars ədəbiyyatının tədrisi” proqramında isə aparıcı böyük Füzuli haqqında təhqiramiz böhtanlar deyib: “Bu şair (Füzuli) öz adını əbəs yerə seçməyibdir, əksinə, o, Saib [Təbrizinin] çərənçisi olubdur. Saibin qoşduğu hər şeiri bu şair türkcə yazıbdır”.
Bu sitatdan belə bir nəticə çıxır ki, ya bu professor o qədər savadsızdır ki, Füzulinin 16-cı əsrdə, Saibin isə 17-ci əsrdə yaşamasını, başqa sözlə, Saibin 45 il Füzulinin ölümündən sonra dünyaya gəlməsini bilmir, ya da Füzulini gözdən salmaq üçün ona böhtan atır. Çünki tamamilə aydındır ki, Füzuli Saibdən yox, yalnız Saib Füzulidən təsirlənə bilərdi.
Təəssüf ki, bu hadisə bəzi İran tədqiqatçılarının Füzuli istedadına qısqanclıqla yanaşmalarını göstərən ilk hal deyildir.
Məsələ burasındadır ki, orta əsrlərdə şairin qüdrəti ilk növbədə onun “nüktə” (zərif və dərin mənalı poetik fikirlər) demək bacarığı ilə ölçülürdü (əslində elə indi də belə olmalıdır). Bu baxımdan da istər farsdilli, istərsə də türkdilli şairlərdən heç biri Füzulinin dediklərinin heç yarısı qədər də nüktə söyləyə bilməyiblər. Həmçinin fars şairlərindən heç biri üç dildə divan yazmayibdır. Ona görə də Füzuliyə həsəd aparmağa səbəblər vardır.
Kamil Allahyarov,
filologiya üzrə elmləri doktoru,
professor
Azerbaycan-ruznamesi.org: Sosial şəbəkə bu yazıdan cəmi iki gün sonra belə bir məlumatı da ictimailəşdirdilər – Füzulini təhqir edən iranlı müəllim elə həmin telekanalda türklərdən üzr istəyərək, günahı öz yaddaşının üstünə atıb. Bu, şovinist baxışlar və təhqirlər üzərində xalqımızın qələbələrindən biri sayıla bilər. İstərdik ki, Stokholmdan yayımlanan aznewstv kanalında bu barədə gedən “İran telekanalı dezinformasiyaya görə üzr istədi” adlı verilişdəki sujetlərə də birgə tamaşa edək.
Şərhlər bağlıdır.