Ə.Lahridinin “Seçilmiş Məqalələr”indən

İran növbəti yol ayrıcında

İran Yaxın Şərqin ən qaynar nöqtələrindən biridir. Son 150 ildə bu ölkədə saysız-hesabsız çıxışlar, hakimiyyət dayişiliklikləri baş vermişdir. XX əsr bu çıxışların ən yüksək zirvəsi olmuşdur. 1979-cu il inqilabı Iran tarixində dərin iz buraxmışdır, gələcək nəsil ona daha obyektiv qiymət verəcəkdir.

1979-cu il inqilabının başlıca xüsusiyyətləri: Bu inqilabın hərəkatverilici qüvvəsi xalq idi. Xalqı arxasınca aparan isə ruhanilər idi. Lakin həmişə olduğu kimi 1979-cu il inqilabı da xalqın ümidini doğrultmadı, rühanilərin verdikləri vəd yerinə yetirilmədi. Sadəcə olaraq hakimiyyətin forması dəyişildi. Monarxiya ləğv oldu. “Fəqih hakimiyəti” (F.H) onun yerini tutdu. Forma ayrılığına baxmayaraq, həm monarxiya, həm də “F.H” eyni məzmuna malikdir. Birinci Allahın kölgəsi, ikinci isə imanın nümayəndəsi adlanır. Monarxiya 3 min illik tarixində dəyişməz qalan mütləq hakimiyyət forması idi. Monarx mütləq hakimiyyətə əsaslanır, heç bir qüvvə tərəfindən kontrol olunmur, heç bir orqana hesabat vermir. XX əsrin əvvəllərində baş verən Məşrutə inqilabı mütləq monarxiyanı Avropasayağı konstitusiyalı monarxiya ilə əvəz etdi. Lakin Şərq despotizmi əhalinin psixologiyasında o qədər dərin iz buraxmışdır ki, konstitusiya işləmədi, monarxiya mütləq hakimiyyəti yenə də öz əlində mərkəzləşdirdi. 1979-cu il inqilabı elə buna görə də monarxiyaya qarşı çevrildi. Onun əsasını sarsıtdı. Saysız-hesabsız insan tələfatı hesabına monarxiya dağıldı, lakin azad və demokratik hakimiyyət qurulmadı. Inqilabcı xalq atalar demişkən, yağışdan çıxıb yağmura düşdü.

Məşrutə dövrünün konstitusiyasında yazılmışdır: “Səltənət Allahın əmanətidir ki, xalq tərəfindən padşaha tapşırılır. 1979-cu il inqilabı isə yeni haklimiyyət forması yaratdı. Din həmin hakimiyyətin ideoloji və hüquqi əsasını təşkil etdi. “F. H. ” ali məqam kimi ölkəyə rəhbərlik edir, heç bir siyasi, ictimai və hüquqi orqan qarşısında cavabdeh sayılmır. Bununla da mütləq hakimdir.

XX əsrdə vətəndaşların siyasi hakimiyyətdə iştirak etməsi üçün imkan və şərait yaranmışdır. Dünyanın bir çox ölkələrində seçkili orqanlar fəaliyyət göstərir. əhali özəl şəkildə seçkilərdə iştirak edir. Qanunvericilik orqanı formalaşır. Icraedici orqan isə qanunvericilik orqanı tərəfindən seçilir və həmin orqan qarşısında cavabdeh olur. Seçki sistemi mövcud olan digər ölkələr də var ki, bu ölkələrdə seçki formal xarakter daşıyır. Qanunveriçilik orqanına təsir göstərə bilmir. Həm Şah dövrünün, həm də “F. H. ” dövrünün hakimiyyət strukturu seçkili orqanlar vasitəsilə yaradılsa da, bu əsasən formal xarakter daşıyır.

Dini ehkamlar dəyişməzdir. Bu ehkamlar dindarın şəxsi həyatı və həyat davranışı ilə məhdudlaşdıqda müsbət nəticə verir, mənəvi təmizliyə şərait yaradır. Lakin dini ehkamlar daima dəyişməkdə olan dünyada siyasi hakimiyyətin idarə sisteminin yeniləşdirilməsini, vətəndaşların azad siyasi fəaliyyət göstərməsini, hakimiyyətin formalaşmasında yaxından iştirak etməsini, daha dəqiq desək, hakimiyyətin xalq tərəfindən formalaşmasını və xalqın nəzarəti altında fəaluiyət göstərməsini çətinləşdirir. Bu da hakimiyyət orqanlarında vəzifə hərislərinin nəzarətdən kənarada qalmasına səbəb olur, mütləq hakimiyyətin formalaşmnası üçün zəmin yaradır, insanın daxili aləmindən doğan özbaşınalıq meylini çoxaldır. Elə buna görə də hakimiyyətin formalaşmasından asılı olmayaraq yazılan qanunlar işləmir. Xalq ona rəhbərlik edən dövlət orqanlarına təsir göstərə bilmir. Həm manarxiya dövrünün konstitusiyasında, həm də “F.H.” dövrünün konstitusiyasında demokratik azadlıqlar özünün hüquqi təzahürini tapmışdı. Elə buna görə də Məşrutə inqilabı, həm də 1979-cu il inqilabı xalqın qələbəsi idi. Lakin bu qələbə müəyyən qrupun hakimiyyətə çatması və xalqın hakimiyyətdən təcrid edilməsi ilə nəticələndi, nə Şah dövründə, nə də “F.H.” dövründə siyasi azadlıqlar bərqərar edilmədi, siyasi partiyaların fəaliyyəti dayandırıldı. Mətbuat orqanları hakimiyyətin yeritdiyi siyasətin təbliğatçısı rolunu oynadı. Seçkili orqanlar isə hakimiyyəti müdafiə edən orqana çevrildi.

Bütün bunlara baxmayaraq, xalq öz haqqını tələb edir. XX əsrin birinci yarısında xalqın bu qanuni tələbləri ictimai xadimlər və siyasi təşkilatlar tərəfindən irəli sürüldü. XX əsrin ikinci yarısında xalq özü daha şüurlu olaraq siyasi səhnəyə qədəm qoydu, haqqını tələb etdi. 1979-cu il inqilabı bu tələblər uğrunda mübarizənin zirvəsi oldu. İnqilabın hakimiyyətə gətirdiyi qüvvələr yenə də Şərq despotizminin klassik formasını işə saldılar, siyasi azadlığın yenə də qarşısı alındı. Nəzərə alaq ki, Iran permanent inqilablar dövründə yaşayır. 150 il ərzində bu inqilabı proses 10-20-30 ildən bir təkrar olunur və bu gündə həmin prosesin yeni mərhələsi başlanır. 1997-ci il may (Xordad 1376) prezident seçkiləri bu prosesin kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişiyliyinə keçmək üçün siqnaldır. May seçkiləri göstərdi ki, xalqın hakimiyyətdən ümidi qırılıb, hakimiyyət daxilində mövcud olan və İran həqiqətlərini az-çox dərk edə bilən qüvvələr mövcud quruluşu saxlamaq üçün həmin siyasi quruluşda müəyyən cərrahiyyə əməliyyatı aparmağı zəruri hesab edirlər. elə buna görə də hakimiyyət daxilində qruplaşmalar cinahlara parçalanır, despotizm tərfdarları daha qətiyyətli addım atır. Hakimiyyətin reform yolu ilə saxlanması tərəfdarları isə xalqa yaxınlaşır, siyasi azadlıqlar məsələsi ön plana çəkilir. Yeni seçilmiş prezident mətbuat azadlığı üçün şərait yaradır, konstitusiyanın indiyə qədər işlənilməyən maddələrini, o cümlədən yerli şuralar haqqındakı maddəni icra edir, xarici siyasətdə isə ölkəni təcrid halından çıxarmağa çalışır, qonşu ölkələrlə münasibətləri normal hala salmaq üçün diplomatik fəaliyyəti genişləndirir, həmin ölkələrə səfər edir, inkişaf etmiş Avropa ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsinə səy göstərir. Beləliklə, ölkə 20 ildən sonra yeni mərhələyə qədəm qoyur. Demokratik azadlığların bərqərar edilməsi meyli güclənir, Şərq despotizmi isə bu meylin rüşeym halında boğulmasına can atır, azad mətbuatı sıxışdırır, qəzet müdirlərini məhkəməyə çəkir, dustağa salır. Söz azadlığına dözə bilməyən qüvvələr bütün bunları dini hakimiyyətin möhkəmlənməsi adı altında həyata keçirir.

Prezident seçkilərindən sonra siyasi qətllər daha da genişləndi, siyasi şəxsiyyətlər və mütərəqqi ziyalılar qətlə yetirildi. Həmin qətillərin icarəçiləri isə gizli saxlanıldı. Lakin ölkədə mövcud həyəcanlı atmosfer və demokratik azadlığların bərqərar edilməsi istiqamətində atılan addımlar həmin cinayətlərin açılmasına gətirib çıxartdı. Aydın oldu ki, bu cinayətləri ittilaat (təhlükəsizlik) nazirliyinin yüksək rütbəli məmurları törətmişlər. həmin cinayətlərin üstünün açılması Şərq despotizminin hakimiyyətdə olan nüfuzlu dairələrini qorxuya saldı. Ittilaat naziri istefaya getmək məcburiyyətində qaldı. Bununla da prezident seçkiləreindən sonra başlanan proses yeni mərhələyə qədəm qoydu. Azadlıqla despotizm arasında, demokratiya ilə istibdad arasında mübarizə yeni abarot aldı. Hakimiyyətlə xalq arasında şiddətlənən ziddiyyət hakimiyyət daxilində cinahlar arası mübarizəni genişləndirdi. Demokratik azadlıq məsələsi bu mübarizənin əsasını təşkil edir. deməli, xalqla hakimiyyətin müəyyən bir cinahı arasında fikir birliyi meydana gəlir, azadlıq ideyası böyük müqavimətə rats gəlsə də özünə yol açır.

İran yenədə yol ayrıcındadır. Despotizm yaxud azadlıq. Bunlardan biri qələbə çalmalıdır. Tarixin acı təcrübəsi təkrar olacaqmı? Azadlıq despotizm üzərində qələbə çaldıqda onu qoruya biləcəkmi? Bu xalqın daha fəal və daha şüurlu mübarizəsindən, alınan səngəvi möhkəm qalaya çevirmək bacarığından asılıdır.

“Mühacir” qəzeti dekabr 1999-ci il

Lahrudi

Şərhlər bağlıdır.