“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşri çap olunub. Lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər.
Lüğətin elmi redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir. Nəşrin rəyçiləri professorlar Buludxan Xəlilov, Qəzənfər Kazımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovadır.
Lüğətə 5000-dən çox söz daxil edilib. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s.
Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq olunub və 3 noyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilib.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə müasir dövrdə inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, logistika, idman, kulinariya və turizm terminləri də verilib.
Lüğətin yeni nəşrində dünya təcrübəsinə əsasən dialekt leksikasına, danışıqda işlənən sözlərə də müəyyən yer ayrılıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün tez-tez nəzərə çarpan sinonimlərinin verilməsi halları yeni nəşrdə aradan qaldırılıb. Məsələn, dildə işlənmək vəziyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorium-yetərsay, plyaj-çimərlik, svetofor-işıqfor, vzvod-taqım, yubka-ətək kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün müxtəlif variantlarına rast gəlmək mümkündür. Altın-altun, qaboy-qoboy, təlmə-tələsik-tələm-tələsik. Lüğətin yeni nəşrində yuxarıdakı nümunələrin ikinci variantları saxlanılıb, çoxvariantlılıq aradan qaldırılıb.
Lüğətdə vatsap, vaksin, vayfay, tviter, tvit, manipulyasiya, status-kvo, feysbuk kimi bəzi yeni işlənən sözlər də var.
Şərhlər bağlıdır.