SEYID CƏFƏR PİŞƏVƏRİYƏ

BAYRAQDAR

Gecədir…Ay yanır bulud içində,
Ulduzlar közərir sükut içində,
Təbrizin qoynunda dolanıram mən,
Küçədən – küçəyə yollanıram mən.
Şəhər yuxudadır…Yollara ancaq
Yenə işıq salır bir yorğun çıraq…
O kimdir otaqda hələ oyaqdır?
Yoxsa bu gecədə yanan mayakdır?
Hey yazır, hey pozur əlində qələm,
Dalğın gözlərində canlanır aləm…
Mən bir gün fikirsiz görmədim onu,
Vətəndir sözünun əvvəli, sonu…
Daim ağ günlərə dikilən baxış,
Qara qaşlarını qayğıyla çatmış…
Tanıdım! O, müdrik Pişəvəridir.
Gənclikdən döyüşlər səfərbəridir.
Alnından süzülür narın incilər,
Bir kiçik otaqda uzun gecələr
Ah, nələr düşünür o həssas ürək,
Bildim! O ürəkdə bəslənən dilək
Bu xalqın ən ülvi məhəbbətidir,
Bu yurdun ən böyük səadətidir.
O söhbət edəndə öz millətindən,
Salonlar titrəyir hərarətindən.
O coşur, çağlayır, durulmayır heç,
Dinləyənlər necə? Yorulmayır heç.
Oxucum! Sanma ki, o ixtiyardır.
Çox da ağ alnında qırışlar vardır.
Vətənin kədəri, xalqın fəryadı
Onun ürəyində qübar bağladı.
Nə zaman ayağı dəydi bu yurda,
Dövran öz donunu dəyişdi burda.
O inamla dolu etiqadıyla,
Qələmi, zəkası, istedadıyla
Önümüzdə getdi bayraqdar kimi,
Biz də arxasında havadar kimi
Döyüşdən – döyüşə yürüyüb getdik,
Arzunu qayğıya bürüyüb getdik.
Hələ çağırsa da səngərlər bizi,
Xöş üzlə gözləyir zəfərlər bizi…

ƏLİ TUDƏ
1946 – cı il

Şərhlər bağlıdır.