700 MİN QULUN YAŞADIĞI SUSUZ ÖLKƏ

BURADA HƏLƏ DƏ İNSANLAR ALINIB-SATILIR

Bəli, kosmos əsrində həqiqətən də belə faktlar mövcuddur. Lent.az saytı onlardan biri-ərəb ölkəsi Mavritaniya barədə dərin təəssüf hissi ilə reallıqlardan söhbət açır. İstərdik oxucularımız da həmin yazıya diqqət yetirsinlər. Çox təəssüf ki, əli milyardlarla oynayan ərəb dövlətlərinin liderləri bu acınacaqlı mənzərəni görmür, yaxud özlərini görməməzliyə vururlar.

Azerbaycan-ruznamesi.org

Bir neçə il bundan əvvəl Afrikanın qərbində yerləşən bu ölkədən dünyaya belə bir xəbər yayıldı: 35 il qul kimi işləyən Habi Mint Rabah parlament seçkilərinə namizəd olub. Habi Rabahın 50 yaşı vardı onda…

Mən bilmirəm, heç izləməmişəm də, elə indinin özündə də İnternet resurslarına baş vurub xanım Habinin deputat seçilib-seçilməməsini araşdırmadım. Sadəcə, elə həmin Afrikanın qərbində yerləşən bu ölkə mənə maraqlı gəldi. Daha doğrusu bu ölkədə hələ də quldarlığın qalması. Mavritaniyadan gedir söhbət. Belə bir ölkə adı eşitmisiniz yəqin.

Qərbi Afrikada yerləşən bu dövlət 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, Əlcəzair və Mali. Ölkənin dövlət quruluşu 1991-ci ildə qəbul olunmuş konstitusiya ilə idarə edilən respublikadır. Ümumi səsvermə yolu ilə 6 illik müddətə seçilmiş prezident ölkəni idarə edir. Yüksək qanunverici orqan Milli yığıncaq (aşağı palata) və Senatdan (yuxarı palata) ibarət iki palatalı parlamentə məxsusdur. Əhalisi 5 milyona yaxındı  Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da…amma köləlik davam edir.

Mavritaniyada əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir. Bu ölkədə indinin özündə də kölə hədiyyə etmək böyük hörmət jesti sayılır. Hə, söhbətimizin mövzusu da elə budur. Təsəvvür edin, 21-ci əsrin 21-ci ilində belə bu ölkədə quldarlıq hökm sürür. Və bu adi hal sayılır…

“Walk Free” qeyri-kommersiya təşkilatının araşdırmasına görə, hazırda dünyada 50 milyona yaxın qul var. Mavritaniya dünyada ən çox qulun yaşadığı ölkə sayılır. Əslində,  Mavritaniya quldarlığı ləğv edən (1981-ci ildə) sonuncu ölkə olsa da, burada problemlər hələ də qalmaqdadı. Hökumət problemi ya həll edə bilmir, ya da ümumiyyətlə  səy göstərmir.

Bir müddət əvvəl “Amerikanın səsi”nin müxbiri Mavritaniyada Mint Yarba adlı qızla görüşmüşdü. Mint anadan qul doğulub və uşaqlığını sahiblərinin heyvanlarına baxmaqla keçirib. “Mən onların tələbini yerinə yetirməyəndə məni döyürdülər. Bir dəfə də mən oddan qorxduğum görə, sobanı yandıra bilmədiyim üçün döyüldüm”.

Onun bütün ailəsi də qul olub. Yarba köləlikdən azad olan çox sayda mavritaniyalıdan biridir. Hökumət köləliyin hələ də problem olaraq qaldığını inkar etdiyinə görə, qurbanların sayını müəyyən etmək çətindir. “SOS Esclaves” qrupu Yarbanın ailəsinə Mavritaniyanın paytaxtı Nuakşottda yeni mənzilə yerləşmələrinə yardım edib. “Mən burada bir ailə üçün yemək bişirir, ev yığışdırıram. Onlar yaxşı insanlardır. Mən buraya yemək bişirməyi öyrəndikdən sonra gəldim. İşim o qədər də çətin deyil.”
Amma Yarba və onun ailəsinin başqa iş tapmaları və ya təhsil almaları üçün sənədləri yoxdur. İllərdir o, hökumətin onu lazımi sənədlər və maliyyə təzminatı verməsi üçün çalışır. Amma buna nail ola bilmir.

Bayaq dediyim kimi 2021-ci ildə belə qulları istismar etmək bu ölkədə qədim adət-ənənə kimi qalmaqdadır. Bir qulun aylıq xərci bir neçə dollardır. Bu səbəbdən də sahibkarlar qul əməyindən yaxşı gəlir əldə edirlər. Beynəlxalq KİV-in yazdığına görə, Mavritaniyada qullardan daha çox su satışında istifadə edirlər. Bu ölkədə ümumiyyətlə su faciəsi yaşanır. Ölkə əhalisinin vur-tut 30-40 faizinin su əldə etmək imkanı var. Havanın temperaturunun az qala 50 dərəcəyə çatdığı yay aylarında hər gün sübh tezdən gecə yarısına qədər küçələrdə su qabları ilə gəzən qullara rast gəlmək mümkündür. Bu biznes isə qul sahiblərinə yaxşı gəlir gətirir.

Statistikaya inansaq, Mavritaniyada 700 minə yaxın qul var ki, bu da ölkə əhalisinin təxminən 25 faizini təşkil edir. Ölkə qanunvericiliyinə görə, bu ölkənin mətbuatında qul sözündən istifadə etmək qadağandır, amma bu heç nəyi dəyişmir. Yəni hər şey kağız üzərindədir. 1961-ci ildə qüvvəyə minən Mavritaniya Konstitusiyasında köləliyin ləğvi rəsmən qüvvəyə minib. 1981-ci ildə hökumət yenidən qullara azadlıq bəxş edən qanun imzalayıb. Amma quldarıq faktiki olaraq ləğv edilməyib.

Ən dəhşətlisi odur ki, qulların özləri də azadlığa çıxmaq istəmirlər. Məsələ burasındadır ki, bütöv qul nəsilləri ömürlük olaraq bir nəsil üçün işləyir. Az-çox bir qarın çörək tapıb yeyirlər. Gedəcəkləri bir yerləri də yoxdur, Onlar sahiblərinə sadiq qaldıqları təqdirdə ruhlarının cənnətə düşəcəyinə inanırlar. Və bütün bunlar 21-ci əsrin 21-ci ilində baş verir…

Şərhlər bağlıdır.