“QƏLƏBƏ ŞƏHİDLƏRİ” KİTABININ GƏNCƏDƏ TƏQDİMATI (FOTO+VİDEO)

Əziz bu unudulmaz lövhələrin izləyiciləri, sizlərə təqdim olunan video ötən cümə günü Nizami yurdu Gəncədə çəkilib. Şəhidlər Xiyabanı, Vətən yolunda canını fəda edənlərin pərvazlandıqları ocaqlar, ailələri, kimsəsiz uşaqları qoynunda bəsləyən ev çəkiliş ünvanlarımız oldu. İnanmıram hər hansı tamaşaçı videoya baxandan sonra “Qələbə Şəhidləri” kitabını ərsəyə gətirənlər, ən həssas məqamların belə diqqətdən kənarda qalmamasına çalışan yaradıcı heyətin üzvləri, həmçinin yenə xeyirxah məsləhətləri ilə dəstəyini əsirgəməyən müəllimə Sara Əkbərova qədər  mütəəssir ola. Heç şübhəsiz kimsə bu lövhələrə biganə qalmayacaq, gözlərin dolmasına, ürəklərin sızıltısına, pərişanlığa mane olmaq da imkanımız xaricindədir.

Gəncəyə Ağstafa və Qazaxa səfərləri başa vurduqdan, gecə saat birə kimi şəhər və kəndlərdə şəhid ailələrinə kitabları təqdim etdikdən, xatirə şəkilləri çəkdirdikdən, mehmanxanada gecələdikdən, sübh tezdən yola düşdükdən sonra gəlmişdik. Bunu vurğulamağı özümüzə borc bilirik ki, qrafikin gərginliyinə baxmayaraq ona görə özümüzdə yorğunluq hiss etmirdik ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ŞİH-in əməkdaşları missiyamızın uğurlu alınması üçün böyük diqqət yetirdilər.

Təqdimat mərasimi keçirildiyi xiyabana Göygöl, Samux rayonlarından da şəhid ailələrinin üzvləri təşrif gətirmişdilər. Hiss etdik ki, belə əhval-ruhiyyəyə malik bir xalqın torpağı heç vaxt düşmən tapdağı altında qala bilməz.

İbrahim Hüseynov,

“Aran”Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri,

kitabın ideya müəllifi və tərtibçisi,

Rəhim Hüseynzadə,

Zərdabi Mətbuat Mərkəzinin sədri,

kitabın redaktoru, əməkdar jurnalist

  

Şərhlər bağlıdır.