VİDADİ MUSTAFAYEV: İRANDA CİDDİ SİYASİ QARŞIDURMA MÜMKÜNDÜR?

Konstitusiya Məhkəməkəsi və Mərkəzi Seçki Komissyası funksiyasını yerinə yetirən NİGƏHBAN ŞURASI (Nəzarət Mühafizlər Şurası) 18 iyunda keçiriləcək 13-cü prezident seçkilərinə start verilməsi (11 may tarixindən) ərəfəsində prezidentliyə namizədlərin qeydə alınması üçün yeni şərtlər elan etdi və həmin şərtlərin Rəhbərin seçkilər sahəsində müəyyən etdiyi ümumi siyasətin müvafiq bəndi əsasında irəli sürüldüyünü vurğuladı. Yeni şərtlər prezidentliyə namizədlərin dairəsini son dərəcə daraldır və siyasi elitanın ən yuxarı hissəsi ilə məhdudlaşdırır.

İslahatçılar Nigəhban Şurasının yeni qərarının onların prezidentlik kürsüsü uğrunda mübarizədən kənarlaşdırılmasına yönəldiyini qeyd edərək, qeyri-qanuni hesab edirlər.

Dünən Prezident Aparatının hüquq şöbəsinin rəyi əsasında prezident seçkilərini keçirən əsas orqan olan daxili işlər nazirinə prezidentliyə namizədliyə iddiaçı olan şəxslərin qeydiyyatının əvvəlki qaydalar əsasında aparılması haqqında yazılı göstəriş vermişdir. Hüquq şöbəsinin rəyində bildirilir ki, ölkədə qanunvericilik hüququ yalnız Parlamentə məxsus olduğundan Nigəhban Şurasının qərarı qanun və ya ona bərabər hüquqi akt hesab edilə bilməz. Nigəhban Şurasının qərarı Məclis tərəfindən qanun kimi qəbul edilsə, onun icrası məcburi xarakter daşıyacaqdır. Hələ ki, bu baş verməyib, qeydiyyat əvvəlki tələblər əsasında aparılacaqdır.

Lakin mayın 11-də, yəni artıq namizədlərin qeydə alındığı ilk gün Nigəhban Şurasının nümayəndəsi Daxili İşlər Nazirliyindən qeydiyyatın Şuranın yeni tələbləri əsasında aparılmasını tələb edərək, bəyan etmişdir ki, həmin orqanın tələblərinə cavab verməyən sənədlərə baxılmayacaqdır. Qeyd edilməlidir ki, namizədlərin səlahiyyətinin təsdiq edilməsinin son instansiyası Nigəhban Şurasıdır. Yalnız həmin Şura tərəfindən səlahiyyətləri təsdiq olunan namizədlər seçkiyə buraxılırlar.

Prezident və onun komandasının Nigəhban Şurasının rəhbərin ümumi siyasətinə istinad etməsini və daim seçkiləri istədiyi istiqamətə yönəltdiyini bilərək, ona qarşı çıxması ciddi suallar doğurur. Belə görünür ki, bütün sahələrdə mühafizəkarların hərtərəfli və güclü təzyiqinə məruz qalan islahatçılar addımlarının uğursuz olduğunu bilsə də, necə deyərlər, vabanka gedərək onlara son döyüş verməyə hazır olduqlarını göstərmək istəyirlər.

Elitada mühafizəkarlar, orta təbəqələrdə islahatçılar üstünlük təşkil etdiyindən prezident administrasiyasının həmin addımının islahatçılar üçün verə biləcəyi hər hansı bir müsbət nəticəni qabaqcadan demək çətindir. Çünki namizədlər arasında mühafizəkarlar çoxluq təşkil edir və islahatçıların xarizmatik namizədi yoxdur. İslahatçıların qeydə alma kampaniyasına mövcud şərtlər çərçivəsində ciddi təsir göstərmək imkanı, demək olar ki, yoxdur.

Şərhlər bağlıdır.