SƏDRƏDDİN SOLTANIN PROGNOZU

ƏHMƏDİNEJADIN NAMİZƏDLİYİ QEYDİYYATA ALINSA...

Əhmədinejadın namizədliyi qeydiyyata alınsa fərqli mənzərənin şahidi olacağıq.

Artıq İranda prezident seçkisində mübarizə aparacaq namizədlərin qeydiyyatı başlayıb. Xüsusilə üç namizəd şanslı sayılır. Bunlar keçmiş prezident Mahmud Əhmədinejad, İran parlamentinin keçmiş sədri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisidir.

İranda hələ prezidentliyə namizədlərin adları tam açıqlanmasa da politoloq Sədrəddin Soltan hesab edir ki, prezidentlik postu uğrunda mübarizə aparanlar arasında Mahmud Əhmədinejadın namizədliyinin irəli sürülməsi maraqlı məsələdir:

“Hesab edirəm ki, bununla Mahmud Əhmədinejadın mənsub olduğu siyasi xətt əhalini seçkiyə cəlb etmək istəyir. Və yaxud da seçki oyununu daha cəlbedici və qızışdırıcı etmək üçün onun namizədliyi irəli sürülür. Çünki ölkədəki iqtisadi vəziyyət, ölkədəki sosial problemlər əhalinin seçkiyə marağını azaldıb. Digər tərəfdən də prezident postu İran və İran siyasi həyatı üçün vacib post deyil. Dövlətin başçısı ali rəhbər, yəni indiki halda Ayətullah Seyid Əli Xamneidir. Odur ki, hesab edirəm ki, bu prezident seçkisi cəmiyyətdə oyundur. Yəni bu, siyasi hadisələri qızışdırmaq, cəmiyyəti fəallaşdırmaq, cəmiyyəti özünə cəlb eləmək və s. kimi bir şoudur”.

S.Soltan əlavə edir ki, əgər indiki halda Mahmud Əhmədinejadın namizədliyi qeydə alınarsa, o zaman şansı artar:

“Qeyd edim ki, bundan əvvəlki prezident seçkisində də Əhmədinejad namizəd olmaq istəyib. Amma onun namizədliyi qeydiyyata alınmadı. Çünki Əhmədinejadın hakimiyyətdə olduğu dövrlərdə ölkədə korrupsiya hadisələri oldu. Onun müavini tutulub və s. Ona görə də hesab edirəm ki, əgər prezidentliyə namizəd kimi onun adı təsdiqlənərsə, bu o deməkdir ki, hakimiyyət seçkini cəlbedici etmək istəyir. Çünki Mahmud Əhmədinejadın dövründə aztəminatlı ailələr üçün bir sıra sosial layihələr həyata keçirilmişdi. Amma onun qeydiyyata alınması məsələsi bir az şübhəlidir”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.