ƏMRƏLİ LAHRUDİ “SEÇİLMİŞ MƏQALƏLƏR”DƏN SEÇMƏLƏR

RADİKALİZM AVROPADA BAŞ QALDIRIR

İqtisadi durğunluq, hakim dairələrdə genişlənən fəsad Avropanın siyasi həyatında radikalizm meylini gücləndirir. Ənənəvi Qərb demikratiyası iflasa uğrayır. Avropanın inkişaf etmiş ölkələrindən biri olan Italiyada keçirilən bələdiyyə seçkiləri belə bir meylin bütün Avropaya sirayət edə biləcəyəndindən xəbər verir.

Əsrimizin 20-ci illərindən başlayaraq radikalizm ictimai və siyasi təfəkkür tərzi kimi Avropanın siyasi mühitinə kölgə salmış, bolşevizmin “zəfərli” yürüşünün qarşısını almaq üçün hakim dairələrin silahına çevrilmişdir. O zaman faşizm məhz Italiyada hakimiyyətə gəldi. Az keçmədən Almaniyada nasional sosialistlərin qanlı diktaturası bütün Avropanı hədələməyə başladı. 50 milyona yaxın insan tələfatına və milyardlarla maddi sərvətin məhv olmasına səbəb olan faşizm darmadağın edildikdən sonra Italiya özünün müharibədən sonrakı demokratik konstitusiyası ilə fəxr edirdi. 50 illik tarixi bir dövrdə Italiyanı parlament sistemli, çoxpartiyalı bir hökumət idarə edirdi. Bütün bu dövr ərzində xristian demokratları və sosialistlər ölkənin idarə edilməsini öz inhisarlarına almışlar.

Bolşevizm siyasi bir cərəyan kimi hakimiyyəti əldən verdikdən, Şərqi Avropa və Rusiyada Qərb demokratiyasına yol açıldıqdan sonra radikalizm siyasi bir cərəyan kimi canlanması üçün zəmin yarandı. Hadisələrin gedişi göstərdi ki, dünyanın altıda bir hissəsi olan Rusiyada siyasi, igtisadi səbatın pozulması Qərbi Avropaya sirayət etməyə bilməzdi.

Italiyada keçirilən bələdiyyə seçkiləri, Avropanın ən demokratik ölkəsində ənənəvi təşkilatların məğlubiyyətə uğraması, burada sağ və sol cərəyanların, ümumiyyətlə, mövcud siyasi hakimiyyətə qarşı çıxış edən radikal təşkilatların qələbəsi, bolşevizmin hakimiyyətə gəlməsi və onun hakimiyyətdən getməsi dövrünə təsadüf edir. bu isə tamamilə qanunauyğun prosesdir. Sadə vətəndaşlar və milyonlardan ibarət olan kütlə o zaman radikal cərəyanın arxasınca gedir ki, mövcud vəziyyət, hətta Qərbin demokratik quruluşu da onların istək və arzularına cavab verməkdən aciz qalır. Italiya belə bir tarixi mərhələdədir.

Burada belə bir sual ortaya çıxır: “ Bəşəri inkişafın təbii məcrası ilə” hərəkət edən ictimai-iqtisadi sistem nə üçün dərin böhran keçirir və bu böhranın aradan qaldırılmasında radikal tədbirlərə əl atılması ön plana keçir?

Keçmiş Sovet respublikalarının ictimai elmlər üzrə nəzəriyyəçilərinin iddiasına görə oktyabr “çevrilişi” Rusiyanı təbii inkişaf məcrasından çıxarmışdı. Sosializmin ləğv edilməsi bu ölkələri təbii hərəkat məcrasına salır. Bu isə bu xalqların tam azad yaşaması və rifaha çatması üçün onların fikrincə, əsas amildir. Lakin onlar belə bir həqiqəti nəzərdən qaçırırlar ki, azad rəqabətə əsaslanan bazar heç də azad insan və azad cəmiyyət qurulması üçün zəmin yaratmır. Bazar iqtisadiyyatı hakim olan ölkələrdə 4 milyard əhali yaşayır. Bazar iqtisadiyyatı bu ölkələrə nə azadlıq gıtirmiş, nə də bu xalqları rifaha çatdırmışdır. Başqa xalqların hesabına varlanan kiçik Avropa bu gün xalqın zehnində və təsəvvüründə canlanan burjua demokratiyası ilə də xudafizləşməli olur. Italiyada başlanan bu proses təlatümlü dənizdə “səbat adası” olan kiçik Avropanı da təhdid edir. Ideolji cəbhədə iki qütbdə – sağ və sol radikalizmdən ibarət olan qütblərə bölünən Italiyanın siyasi həyatı daha radikal çarpışmalar ərəfisindədir. Bələdiyyə seçkilərində qalib gələn sağ və sol radikalizm parlament seçkilərində də ənənəvi partiyalara qalib gəldikləri təqdirdə Avropa yenə də 20-ci illərə qayıtmalı olacaq. O zaman sosialistlər və kommunistlər arasında çəkişmə faşizmin meydana gəlməsinə şərait yaratdı. Indi isə keçmiş kommunistlərdən ibarət olan sol cərəyan neofaşistlərlə qarşı-qarşıya durmalı olacaqdır. Siyasi səhnədən uzaqlaşan xristian demokratların və sosialistlərin yaxın gələcəkdə hansı cərəyana meyl göstərmələrinin şahidi olacağıq.

Qərbi Avropa radikalizmin taleyi Rusiya və Şərqi Avropa radikalizminin taleyi ilə bağlıdır. Şərq radikalizminin yerini liberal demokratizm tuta bilsə çox ehtimal ki, Avropa da belə bir yol seçməyə meyl göstərəcəkdir. Lakin iqtisadi böhran mütləq yoxsulluq, əhalinin böyük əksəriyyətinin faciəli həyatı belə bir ümidin doğrulmasına inamı azaldır. Bu isə bəşəriyyətin gələcəyini qorxu altına alır. Burada səbatsızlığın bütün Avropanı bürüməsi üçün zəmin hazırlayır. Sağlam düşüncəli dövlət xadimləri bu barədə düşünməlidilər.

 “Mühacir” qəzeti 21 dekabr 1993-cü il.

Ə. Lahrudi.

 

Şərhlər bağlıdır.