ƏHMƏDİNEJAD, YOXSA ŞOVİNİST LARİCANİ?

İyun ayının 18-də İranda keçiriləcək prezident seçkilərinə irəli sürülən namizədlərin qeydiyyatı prosesinə başlanılıb.

İndiyədək 300 nəfərin prezidentliyə iddialı olduğu bildirilir. Lakin əsas rəqabətin cəmi bir neçə nəfərin arasında gedəcəyi gözlənilir. Onların arasında eks-prezident Mahmud Əhmədinejad və parlamentin sabiq spikeri Əli Laricaninin adları daha çox çəkilir.

Bundan başqa, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu, Tehran şəhər Məclisinin sədri Mohsin Haşimi, sabiq müdafiə naziri Hüseyn Dehqan, keçmiş rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Hami və Əhmədinejad hökumətində neft naziri vəzifəsini tutumuş Rüstəm Qasemi şanlı namizədlərdən sayılır. Güc strukturlarını bu seçkidə İslam İnqilabı Keşikçiləri Korpusunun eks-komandanı Möhsün Rezayi, “SEPAH” komandarinin keçmiş müşaviri Said Məhəmməd də populyar namizədlər hesab edilir.

Azerbaycan-ruznamesi.org namizədlərin qeydiyyata alınması, səsverməyə buraxılması, seçkilərin gedişi, nəticələrinin dəyərləndirilməsi, bir sözlə, bütün proseslərin əvvəldən axıradək müntəzəm işıqlandırılmasını qarşıya məqsəd qoyub. Çünki bu milyonlarla azərbaycanlı seçicinin də gələcək taleyinə təsirsiz ötüşməyəcək yaşantılar olacaq. İndi isə şansları daha çox dəyərləndirilən iddialılar barədə növbəti materialı sizlərə təqdim edirik. Bununla əlaqədar Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın  cebheinfo.az saytına açıqladığı fikirləri bölüşürük.

Politoloq deyir: iddialılar arasında Mahmud Əhmədinejad əvvəllər prezident vəzifəsini tutmuş yeganə siyasətçidir. O, hətta üçüncü dəfədir ki, bu posta namizədliyini irəli sürür. Ultra-sağçıların nümayəndəsi kimi ilk dəfə 2005-ci ildə seçkilərdə qalib gələn Mahmud Əhmədinejad mühafizəkar düşərgədə yüksək reytinqə malikdir. Pandemiya ilə əlaqədar İranda dərinləşən iqtisadi böhran fonunda sosial-iqtisadi narazılığın artması islahatçıların qalib gəlmək şansını azaldır.

Eyni zamanda, 2018-ci ildə ABŞ-ın İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından sonra Vaşinqtonun sanksiyaları artırması mühafizəkarların siyasi mövqeyini gücləndirib. Ona görə də seçkidə mühafizəkarların namizədinin qalib gələcəyinə dair proqnozlar üstünlük təşkil edir. Bu baxımdan, Mahmud Əhmədinejadın namizədliyi qeydə alınarsa, seçki prosesinin əsas fiqurlarından birinə çevriləcək.

Ancaq 2018-ci ildə İranda baş verən etiraz aksiyaları zamanı Mahmud Əhmədinejad insanları hakimiyyətə qarşı mübarizəyə çağırmışdı. Bu mənada, onun namizədliyinin qeydə alınmaması da gözləniləndir.

Mahmud Əhmədinejadın seçkiyə qatılması onun qələbə qazanmaq şansının yüksək olması anlamına gəlmir.

Ekspert hesab edir ki, İran rejimi Mahmud Əhmədinejaddan seçki prosesini aktivləşdirmək məqsədi ilə istifadə edə bilər.

“Qeyri-rəsmi növbələşmə ilə yanaşılsa, indi hakimiyyətə mühafizəkarlar gəlməlidir. Mən o növbələşmə barədə fikirləri qəbul etmirəm. Mühafizəkarlar Həsən Ruhani kabinetinin Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi səhvə yol verməkdə ittiham edir. Bu isə qarşıdan gələn seçkilərdə mühafizəkarların nümayəndəsinin prezident olacağını deməyə əsas verir. Onların arasında yalnız Mahmud Əhmədinejad deyil, keçmiş müdafiə naziri Dehqanın da şansı aşağı qiymətləndirilmir.

Çünki Hüseyn Dehqan İranın ali rəhbəri Xamneyinin nümayəndəsidir və mühafizəkar xətti təmsil edir. Eyni zamanda, Əli Laricani də Xamneyiyə yaxın şəxsdir və şanlı namizədlərdən sayılır. Bütün hallarda namizədlər müəyyən edilməyib. 2017-ci ildə keçirilən seçkidə də Mahmud Əhmədinejad namizəd olmağa səy göstərdi. Lakin onun namizədliyini qeydə almadılar. İndiki mərhələdə də onun namizədliyinin qeydə alınacağı inandırıcı görünmür. Çünki Əhmədinejad prezidentliyi dövründə Xamneyini deyil, Misbahi Yəzdini özünə mənəvi lider sayırdı. Bu isə o deməkdir ki, Əhmədinejad seçki prosesində Xamneyini deyil, ali liderin nəzarətindən kənar başqa bir ayətullahın təmsilçisi olacaq.

Bu da Əhmədinejadın seçkidə namizəd kimi qeydiyyata alınmasına problemlər yaradacaq. Çünki Əhmədinejad prezidentliyi dövründə 10 milyard dollar vəsaitin yoxa çıxması barədə faktlar ortaya çıxıb, maliyyə maxinasiyaları baş verib. Hətta, Əhmədinejadın müavinini həbs etdilər, maliyyə işləri məşğul olan kadrlarına cinayət işi açıldı. Oxşar hadisə Əhmədinejadla Rəfsəncani arasında da baş vermişdi. Rəfsəncanini namizəd kimi qeydə alsalar da Əhmədinejadı seçkinin qalibi etdilər. Əhmədinejadın siyasi şansı çox deyil. Amma siyasi kampaniyanı qızışdırmaq, prosesi cəlbedici etmək üçün Əhmədinejad da oyuna qatılır. İranda infkyasiya sürətlə artır. Gündəlik tələbat mallarının qiyməti bahalaşır. İranda sosial vəziyyət ağırlaşır. Belə bir şəraitdə cəmiyyət seçkini vacib saymır.

İnsanların əsas istəyi güzəranın yaxşılaşması, dolanışıq imkanlarının təmin olunmasıdır. Hakimiyyət isə cəmiyyətin gündəlik artan tələbatını ödəmək qabiliyyətində deyil. Ona görə də siyasi kampaniyaya keçmiş oyunçuları qatmaqla onu cəlbedici etmək istəyir. Əhmədinejadın prezidentliyi dövründə İranın aztəminatlı təbəqəsi sosial müavinətlər, güzəştlər alıb. Əhaliyə talonla ərzaq verilib. Bu səbəbdən, Əhmədinejadın namizədliyini irəli sürməklə əhalini seçkiyə cəlb etməyə çalışırlar”.

Ekspert bildirib ki, Əhmədinejad kimi kadrlardan istifadə etməklə seçki prosesini maraqlı etmək istəyirlər:

“İranda seçkini siyasi qüvvələr deyil, hakimiyyət keçirir. Seçkinin taleyinin müəyyənləşməsində İnqilab Keşikçiləri Qvardiyası və onun yarımhərbi qüvvəsi olan “Bəsici”lər mühüm rol oynayır.

Onların birlikdə sayı 20 milyondan çoxdur. Hakimiyyətin siyasi, inzibati və hərbi resurslarının sayı 35-40 milyon civarındadır. İran əhalisinin sayı 80 milyon nəfər, seçicilərin sayı isə 60 milyon nəfər təşkil edir. Bu isə deməyə əsas verir ki, İranda seçkiləri hərbi, güc strukturları həyata keçirəcək və onların da nümayəndəsi seçiləcək. Onun kim olacağı isə namizədlər qeydiyyata alınandan sonra məlum olacaq. İndiyədək 13 nəfər namizəd qeydə alınıb. Ancaq onlar prezidentliyə deyil, namizədliyə qeydə alınmış namizədlərdir. Əsas namizədlər mayın 27-də müəyyən ediləcək. Ondan sonra kimin daha şanslı olduğunu söyləmək mümkündür. Lakin Mahmud Əhmədinejadın oyuna buraxılması sadəcə olaraq, əhalini seçkiyə cəlb etməyə hesablanıb. Onun seçkidə iştirakı islahatçılara qarşı kəskin çıxış etməklə siyasi prosesi qızışdırmaqdan ibarət olacaq. Bunlar hamısı cəfəngiyyatdır və siyasi oyundur.

Çünki İranda prezidentlik institutu əsas söz sahibi deyil. İranda bütün siyasi prosesləri ali lider və onun rəhbərlik etdiyi qurumlar idarə edir. Prezidentlik, parlament köməkçi strukturlardır. Bunlar İrandakı rejimə dünyəvilik, demokratiklik bəzəyi vurmaq üçün bir vasitədir. Əhmədinejad da prezidentliyi dövründə istədiyi kimi qərar verə bilməzdi. Prezident icra strukturuna başçılıq edir və hakimiyyətdə ikinci səlahiyyət sahibidir. İranda birinci şəxs və əsas söz sahibi ali rəhbər Seyid Əli Xameneyidir. Onun rəhbərlik etdiyi Nəzarət Şurası və Dini Ekspertlər Şurası var. Ali rəhbərin bütün sahələr üzrə müşavirləri var. Ona görə də İranda prezident seçkiləri sadəcə siyasi oyundur”.

Sədrəddin Soltan onu da bildridi ki, hazırkı namizədlər arasında Əli Laricaninin prezident seçilmək şansı yüksək sayıla bilər:

“Bu, onun mühafizəkar düşərgəni təmsil etməsi ilə yanaşı, həm də panfarsisit düşüncə tərzinin daşıyıcısı olması ilə bağlıdır. Yəni o da Həsən Ruhani, Məhəmməd Xatəmi kimi fars şovinistlərinin başında dayanır”.

Şərhlər bağlıdır.