21 AZƏR HƏRAKATINDAN DOĞULANLAR

MİLLİ HÖKÜMƏTİNİN ZABİTİ YƏHYA ŞEYXİ

Yəhya Həbib oğlu Şeyxi 1921-ci ildə Ərdəbil şəhərində yoxsul ailədə anadan olmuşdur. O, uşaq ikən atası vəfat edir, ailənin yaşayış vəziyyətinin çətinləşməsinə baxmayaraq Ərdəbildə ibtidai təhsil alır. Doğma şəhərində orta məktəb olmadığı üçün Tehrana getmək məcburiyyətində qalır. Lakin Tehranda bir sıra maddi və ictimai məhrumiyyətlər ona təhsilini davam etdirmək imkanı vermir.

Gənc əsgərlik xidmətinə cəlb olunduğu üçün əvvəl guruhbanlıq, sonra isə zabitlik məktəbinə daxil olur. Tehran zabitlik məktəbini kiçik leytenant dərəcəsilə bitirərək Ərdəbilə göndərilir və az sonra Qələ Bərzənd kəndində yerləşən nizami dəstənin fərmandehi olur. O, İran ordusunda xidmət etdiyi vaxtda belə əsgərlərə insan kimi yanaşaraq onların hüquq və mənafeyinin tapdalanmamasına səy göstərirdi.

Yəhyaya 1945-ci ildə leytenant rütbəsi verilir. Bu zaman İranda və Azərbaycanda azadlıq hərəkatı genişlənir, onun təsiri ordu daxilinə də keçir. Bir çox cavan zabitlər kimi Y.Şeyxi də İran ordusunun xalqın mənafeyinə zidd hərəkətlərini pisləyir. 1945-ci ildə Azərbaycan xalqının milli azadlıq hərəkatı özünün ən yüksək mərhələsinə-silahlı üsyan zirvəsinə yaxınlasdığı zaman Y.Şeyxi də leytenantlıq dərəcəsini daşıdığı İran şəhənşah ordusundan üz döndərərək Germiyə gedir. Bundan sonra o, nizami dəstənin fərmandehliyindən boyun qaçırır və bir daha Qələ Bərzəndə qayıtmır. O, öz əsgərləri ilə birlikdə fədailərə qoşularaq, nəhayət, Azərbaycan Qızılbaş Xalq Qoşunları sırasına daxil olur.

1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə üzv olmağı nəticəsində ictimai fəaliyyəti, həyatı, mübarizəsi yəni məzmun, yeni məna kəsb edir. Qışın ən sərt soyuq günlərində, hətta fədailərlə birlikdə dağlar döşündə yorulmadan çalışır. 21 Azər hərəkatı qələbə ilə nəticələndikdən sonra Azərbaycan Demokrat Firqəsi və Milli Hökumət Yəhya Şeyxinin xidmətini, bacarığını nəzərə alaraq onu “21 Azər” medalı ilə təltif edir. O, baş leytenant rütbəsilə Azərbaycan Xalq Qoşunları sıralarına qəbul olunur.

Məhəmməd Rza şah və Əhməd Qəvam dövləti hər vasitə ilə olur-olsun Milli Hökumət zamanı Azərbaycan daxilində ixtilaflar yaratmaq, əmniyyəti pozmaq kimi işlərlə məşğul olurdular. Onlar bu iş üçün külli miqdarda büdcə vəsaiti ayırır, imperialist dövlətlərin işdən qovulmuş jandarm və polislərindən Tehrana qaçmış feodallardan, xanlardan istifadə edirdilər. Onlar hər mahalda əlverişli dağlarda, meşələrdə hökumətə qarşı hücum dəstəsi düzəldir, əmniyyəti pozmaq istəyirdilər. Şeyxi bu hadisə haqqında məlumat verdikdən sonra Ərdəbil vilayət komitəsi və tabor fərmandehliyinin əmri ilə bir dəstə fədai və əsgərlə birlikdə həmin dəstələrə qarşı mübarizə aparır. Bu işlərdə fəallığına görə firqə rəhbərliyi və qoşun fərmandehliyi tərəfindən təqdirnamə almağa müvəffəq olur.

Yəhya Şeyxi 1946-cı ildə azər ayında Xalxal taborunun fərmandehliyinə təyin olunur. İran şahənşah ordusu xaincəsinə Azərbaycana hücum etdikdə şahənşah cəlladları tərəfindən güllələnir. Düşmənə qarşı mərdlik və cəsarətlə vuruşan Yəhya Şeyxinin adı ürəklərdə yaşayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Şərhlər bağlıdır.