NİZAMİ İLİ: ŞAİR FARS NƏSLİNDƏNDİRMİ?

Mən Nizami yaradıcılığı ilə məşğul olmamışam. Ancaq son illərdə bəzi Avropa şərqşünaslarının və İran alimlərinin bizi Nizamini Azərbaycan şairi kimi qəbul etməkdə günahlandırmaları və 2021-ci ilin də bizdə Nizami ili elan edilməsi ilə bağlı istədim biləm ki, nəyə görə bu tədqiqatçılar Nizamini fars şairi sayırlar. Axı orta əsrlərdə hər hansı bir xalqın yazarlarının müəyyən tarixi-mədəni şəraitdən asılı olaraq öz əsərlərini başqa dillərdə yazması adi hal olub. Məsələn, avropalılar öz əsərlərini ölü latın dilində, yapon və koreyalılar Çin dilində, farsların özləri X əsrədək ərəb dilində yazırdılar.

Araşdırma nəticəsində məlum oldu ki, bu məsələdə farslar daha çox faktlara əsaslanmağa çalışırlar, ancaq bu faktlar düzgün izah edilmir. Bizim nizamişünaslar isə həmin faktların şərhinin yanlış olmasını göstərmək əvəzinə, özlərinin asanlıqla təkzib oluna bilən müəyyən mülahizələri əsasında Nizaminin türk olmasını sübut etməyə çalışıblar.

Biz farsların “sübut” hesab etdikləri hər bir faktı ayrıca statusda araşdıracağıq, burada isə onların “daşdankeçən” hesab etdikləri “əsas fakt” üzərində dayanacağıq. Bu yanlış fakta əsasən, guya “Leyli və Məcnun” poemasındakı bir beytdə Nizami özünün fars nəslindən (orijinalda – “parsi-zad”, yəni “farsdan törəmiş”) olmasını deyib. Həmin bölmədə ilk beyt olan bu sətirlər belədir: “Fars nəslindən olan şirindil dehqan” belə xəbər verir ərəb halından”. İndi “kəndli” mənasında işlənən “dehqan” sözünün qədim mənalarını bilmək üçün isə M. Mounin “Fars lüğəti”nə baxaq: 1) kənd başçısı, 2) torpaq sahibi, 3) rəvayət və dastan söyləyicisi.

İran alimləri buradakı ikinci mənanı qəbul edərək, Nizamini də Firdovsi kimi mülkədar hesab edirlər. Halbuki Firdovsi “Şahnamə”də yazdığı qədim dastanları fars dastançılarından öyrəndiyi kimi, Nizami də “Leyli və Məcnun” əhvalatlarını əsasən ərəb söyləyicilərindən, bu bölmədəki əhvalatı isə fars söyləyicisindən öyrənib və ona “dehqan” (dastan söyləyən) deyib. Söyləyicilər barədə bu cür məlumatlar “Leyli və Məcnun” poemasının təqribən on digər bölməsinin birinci beytində də verilib. Məsələn: “Bu söz incisini düzən zaman mən. Belə danışmışdı bunu nəql edən”. Və ya: “Əfsanə yaradan bir sahib hünər. Bu qədim dastanı belə nəql edər”.

Göründüyü kimi, İran alimlərinin “sübut” kimi göstərdikləri həmin beytdə söhbət Nizaminin özündən yox, dastanın fars söyləyicisindən gedir. “Xosrov və Şirin” əsərində isə Nizami öz oğlu Məhəmmədə “torki-zad” (türkdən törəyən) deyir.

Kamil Allahyarov,

filologiya elmləri doktoru, professor

Şərhlər bağlıdır.