İRAN NİYƏ ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ

İran Ermənistana Araz çayının çirkləndirilməsi ilə əlaqədar müxtəlif iclaslarda lazımi xəbərdarlıqları edib.

Azerbaycan-ruznamesi.org Trend-ə istinadən bildirir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian İran və Azərbaycan arasında Araz və Mil-Muğan su bəndlərinin birgə istifadəsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, son illər İranın Energetika Nazirliyi Ermənistanın sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınmasında ciddi iradə nümayiş etdirir.

Nazir əlavə edib ki, Ermənistanın Araz çayına tullantıların axıdılması ilə əlaqədar addımları hələ də münasib səviyyədə deyil. Hər halda İranın Energetika Nazirliyi Araz çayının çirklənməsinin qarşısını almaq üçün addımlarını davam etdirir: “İranın Xarici İşlər Nazirliyinin məsləhətləşmələr aparması ilə İran Azərbaycan, Türkiyə və Ermənistan arasında Araz çayınn çirkləndirilməsinin qarşısının alınması və suyun keyfiyyətinin qorunması məqsədilə dördtərəfli iclasın keçirilməsi gündəmdədir. Qeyd olunan iclasın tezliklə İranın ev sahibliyi ilə keçiriləcəyinə ümid edilir”.

Qeyd edək ki, bu gün (31 may) İranın energetika naziri Rza Ərdəkanian, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, iki ölkə səfirləri və iki ölkənin bəzi yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Araz və Mil-Muğan su bəndlərinin istifadəyə verilməsinin 50 illiyi və Qız Qalası su bəndinə su vurulması ilə əlaqədar tədbir keçirilib.

Şərhlər bağlıdır.