AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN İRANDA 28 XORDAD 1400-CÜ İL (18 İYUN 2021) PREZİDENT SEÇKİLƏRİ, ŞƏHƏR, QƏSƏBƏ VƏ KƏND ŞURALARINA SEÇKİLƏRLƏ ƏLAQƏDAR

BƏYANATI

 

Əziz həmvətənlər, İranın səsvermə hüquqlu vətəndaşları, məsləkdaşlar, ölkənin bütün mütərəqqi və azadlıqsevər qüvvələri!

Sizlər xordad ayının 28-də (iyunun 18-də) İranda prezident seçkisi adına 13-cü saxta şounun, lakin əvvəlkilərdən fərqlənməyən lövhələrinin şahidləri olacaqsınız. Bu ssenarinin də müəllifləri eynidir. Vilayəti-fəqih rejimi yenə bəşəri qanunlara meydan oxuyacaq, ölkənin deyil, bir qrup istismarçının mənafeyinə xidmət edəcək şəxsi prezident kürsüsünə oturtmaq üçün qeyri-qanuni, zoraki metodlarını işə salacaqdır. Bu məqsəd üçün 43 vilayətdə, 450 rayonda yaradılmış, 59,3 milyon nəfərin adı yer almış seçki dairələrində məntəqələrdən gələn bülletenlər köhnə qaydada hesablanacaq, əvvəlcədən müəyyənləşdirilən “qalibin” adı elan ediləcəkdir.

Seçkilərdə şəhər, qəsəbə və kənd şuralarının üzvləri də paralel surətdə müəyyənləşdirilməlidir.

Azərbaycan Demokrat Firqəsinə ünvanlanan çoxsaylı müraciətlərdə soruşulur ki, bir halda bu seçkilər də əvvəlkinin cüzi fərqlə təkrarı olacaqsa, onun iştirakçısı olmaq nə dərəcədə dürüstdür? Onlar firqədən seçkilərə münasibətini, boykotun, yaxud iştirakın tərəfdarı olduğunu açıqlamasını təkidlə tələb edirlər. ADF belə yanaşmanı vətənin, demokratiyanın taleyinə, ölkənin gələcəyinə bəslənilən doğmalıq nümunəsi kimi dəyərləndirərək bəyan edir:

1.Azərbaycan Demokrat Firqəsi hesab edir ki, qarşıdakı seçkilərdə iştirak, yaxud boykotu seçmək hər bir şəxsin müstəsna hüququdur.

Amma gəlin görək İran İslam Cumhuriyyətində əzəldən kök salan qeyri-insani rejim indiyədək keçirdiyi müxtəlif səpkili 37 seçkinin hansında öz vətəndaşlarına demokratiyanı dadızdırıb. Hər dəfə yetərsayın təminatı seçki məntəqələrinə üz tutanların sayından deyil, qutulara topalarla atılan bülletenlərdən, saxta protokolların tərtibindən asılı olub. Prezident təyin edilən şəxslərə münasibətdə qeyri-legitimik onların ölkədə və İranın hüdudlarından kənarda qəbuluna sual altında qoyub.

Rejim bu dəfə prezidentliyə iddialı yüzlərin içərisindən cəmi 7-sini səsverməyə buraxıb, qadınların bir daha hüquqları tapdalanıb. Onların heç birinin namizədliyi keçməyib. İndi İbrahim Rəisi ilə yanaşı marafonun sonuncu mərhələsinə daha 6 nəfərin daxil edilməsi əslində seçkilərə demokratik görüntü vermək niyyətindən irəli gəlir. Bu gün İranda böyükdən-kiçiyə hamı deyir ki, seçkilərin qalibi məhz həmin şəxs olacaq. Niyə? Çünki İ.Rəisi mövcud diktaturaya ab-hava qədər gərəkdir. Bu namizəd hakimiyyətin ömrünü uzadanlardandır. Bunun üçün kütləvi zorakılıqlara, qan tökülməsinə, edamlara, təqiblərə yol açan bütün hökmlərə sözsüz-söhbətsiz imza atıb. İ.Rəisi belə lövhələrdən ləzzət alan, 6 namizədi praktik cəhətdən misilsiz dərəcədə kölgədə qoyan qəddarlardandır. Ötən əsrin 80-ci illərində firqəmizin və digər mütərəqqi təşkilatların yüzlərlə üzvünün 1 gündə güllələnməsini, edam olunmasını, şantajlara məruz qalmasını ölkə tarixi unudan deyil.

İndi sizlər deyin, belə bütün vücudu qana bulaşmış bir şəxs İranda hansı demokratiyanı, insan hüquqlarını, rahat və firəvan yaşayışı təmin edə bilər?! Bu baxımdan Azərbaycan Demokrat Firqəsi seçkilərin boykot edilməsinin tam tərəfdarıdır. Çünki seçkinin demokratik qaydada keçəcəyinə bəslənilən ümidlər eyforiyadan başqa heç nə deyildir. Bu rejimin özünü dəyişmədən İranda heç vaxt azad seçkilər baş tutmayacaq. Həmin vəzifə indiki nəsillərin, o cümlədən Azərbaycan Demokrat Firqəsinin, təşkilatın hər bir üzvünün mənəvi missiyasıdır. Biz bu yola xidmətdən daim qürur hissi duyuruq.

Əziz həmvətənlər, İranın səsvermə hüquqlu vətəndaşları, məsləkdaşlar, ölkənin bütün mütərəqqi və azadlıqsevər qüvvələri!

Məlum olduğu kimi İranda prezident seçkiləri ilə eyni gündə şəhər, qəsəbə, kənd şuralarının tərkibi də müəyyənləşdirilir. Belə bir qurum İrana 1945-1946-cı illərin Güney Azərbaycandakı Milli Hökumətindən yadigardır. Sadəcə əncümənlərin adları Şura sözü ilə əvəzlənib. Sistem elə qurulub ki, bu seçkidə iştirakı barədə arayışı olmayan büdcə təşkilatlarında çalışanların işdən uzaqlaşdırılmaları an məsələsidir. Paralellik, qorxu-hürkü mühiti prezident seçkilərində yetərsaya xidmət edir.

Azərbaycan Demokrat Firqəsi həmin nüansları da nəzərə alaraq bu şəxslərə tövsiyyə edir:

a)Sizlər bülletenləri doldurmadan qutulara atmaqla, bütün namizədlərin adlarının üstündən çarpaz xətt çəkməklə də rejimə və onun dəstəklədiyi şəxsə qarşı boykot aktını müdafiə etmiş olarsınız;

b)Şuralara namizəd göstərilənlər arasında elələrini dəstəkləyin ki, onlar yaşayış yerlərimizin təhsil, iqtisadiyyat, səhiyyə, idman, mədəniyyət, abadlaşdırma… ilə bağlı problemlərinin həllinə qəlbən maraqlı olsunlar;

c)Qərbi Azərbaycan vilayətində seçkilər xüsusi diqqətdə saxlanılmalıdır. Ona görə ki, burada yaranmış həssas məqamları unutmaq olmaz. Belə ki, orada ata-baba torpaqlarımızın müxtəlif yollarla mənimsənilməsi prosesi getməkdədir ki, bu mənfi tendensiyanın da arxasında digər millətlərin mürtəce nümayəndələri dayanmaqdadır. Vilayətin seçkili orqanlarında soydaşlarımızın həlledici mövqelər tutmaları həmin tendensiyanın aradan qaldırılmasına xidmət edə bilər.

Azərbaycan Demokrat Firqəsi bəyan edir ki, 28 xordad (18 iyun) seçkilərinə obyektiv baxışlar, operativ tədbirlər, əməli işlər vətənimizdə son 75 ildə xeyirlə şər arasında barışmaz mübarizənin daha bir təcəssümüdür. ADF bütün İran xalqlarının, onun avanqardı, aparıcı qüvvəsi sayılan Azərbaycan xalqının ümumi qələbəyə doğru məsafəni daha da qısaldacağına əmindir

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəs

Şərhlər bağlıdır.