HƏYATINI MİLLƏTİNİN AZADLIĞINA HƏSR ETMİŞ ŞƏXSİYYƏT

Pişəvəri təkcə Azərbaycan üçün yox, bütün İranın azadlığı üçün ağır mübarizə yolu keçmiş şəxs olub

Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da (hicri tarixlə 1313-cü il səfər ayının 13-də) Azərbaycanın Güneyində, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində dünyaya göz açıb. Seyidlər Zeyvəsi Ərdəbil tərəfdən Təbrizin 334, Miyana tərəfdən 271, Xalxalın isə 30 km-də yerləşir, hazırda Ərdəbil əyalətinə daxildir. Pişəvərinin doğulduğu Zeyvə kəndi Xalxal şəhərinin güneyində, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX yüzilin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır. Onun həyatı və fəaliyyəti haqqında indiyə kimi müəyən təzadlı qənaətlər olsa da, son tədqiqatlar Pişəvərinin bütöv obrazını təsəvvür etməyə imkan verir. XX yüzilin əvvəllərində Səttarxan hərəkatının ardınca Xiyabani hərəkatı yarandı. Ancaq bu hərəkatları fars şovinizmi və onların havadarları olan ölkələr boğdular.

XX yüzil o taylı-bu taylı Azərbaycan-Türk xalqının azadlıq uğrunda mücadilə tarixinə bir sıra görkəmli siyasi xadimlər bəxş edib. Onların hər biri öz əməlləri ilə tariximizdə əbədi yaşar insanlardır. Ancaq keçən yüzillikdə yetişən siyasi simalar içərisində haqqında az yazılan, az yad olunan, bəzən təhrif və böhtanlara məruz qalan şəxsiyyətlərimiz də var. Bunlardan biri də Seyid Cəfər Pişəvəri olub. O, həm «sağdan», həm «soldan» vurulub, çox vaxt da düşmənləri tərəfindən əsası olmayan ittihamlara, hətta təhqirlərə belə məruz qalmışdı.

Pişəvəri təkcə Azərbaycan üçün yox, bütün İranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına keçmiş bir şəxs olub. Onun 1941-1945-ci illərdə İranın və Güney Azərbaycanın xalq hərəkatında unudulmaz və yadda qalan xidmətləri İranın müasir demokratik ictimaiyyəti və xüsusən gəncliyi tərəfindən bu gün də ehtiramla yad edilir. Güney Azərbaycanda milli-demokratik hərəkatların zirvəsi sayılan «21 Azər» inqilabı, Azərbaycan Millihökuməti Pişəvərinin adı ilə sıx bağlıdır. Onun həyatı, azadlıq yolunda göstərdiyi mətanət və dözüm sonrakı nəsillər üçün örnək olaraq qalır. Pişəvəri həqiqətən də öyrənilməli səxsiyyətlərdəndir. O, Güney Azərbaycan tarixinin yaxın keçmişidir. Onun enişli-yoxuşlu həyat yolunun bütün çalarlarını diqqətlə öyrənmək, ondan nəticə çıxarmaq bugünkü və gələcək nəsillər üçün çox faydalı və önəmlidir. 55 illik həyatının siyasi istiqamətinə, məfkurə və düşüncə tərzinə bir mənalı yanaşmaq mürəkkəb və çətindir. 1918-ci ilədək onun simasında vətəninin və millətinin azadlıq yolunu axtaran və bu işdə müxtəlif siyasi cərəyanlara, cəmiyyət və partiyalara yanaşan, əslində ideya və məslək axtarışında olan bir gənci görürük. O, əvvəl demokrat, sosial-demokrat, sonra bir sıra İran ziyalıları kimi kommunist məsləkinə yönəlir, bu məsləkə köklənir və ona sədaqətlə xidmət edir. İlk məqalələrini Məhəmməd Əmin Rəsulzadənin «Açıq söz» qəzetində çap etdirən və onun millilik və Azərbaycançılıq ideyasına meyllənən Pişəvəri sonrakı illərdə ondan uzaqlaşır və N.Nərimanov xətinə – kommunist məramına qulluq edir. Rza şah zindanına düşmək ərəfəsinədə bu mərama sadiq qalır. Bu müddət ərzində Nərimanovu özünə müəllim, «Şərqin Lenini» adlandırır. Nəriman Nərimanov kimi Seyid Cəfər Pişəvəri də Vətəninin və məzlum Şərq xalqlarının xilasını Moskvadan, bolşeviklərdən umurdu. Bu məqsədlə o, 20-ci illərdə siyasi arenada kommunist məfkurəsilə yaşayır və mübarizə edir.

«Ədalət» firqəsindən uzaqlaşan Pişəvəri az sonra İran Kommunist partiyası sıralarına keçir və bir müddət İran kommunistlərinin aparıcı rəhbərlərindən olur. 20-ci illərin əvvəllərində bolşeviklərin müdafiə etdiyi Gilan inqilabında, Bakıdakı Şərq Xalqları qurultayında, Kominternin 3-cü konqresində, İran kommunistlərinin qurultayında iştirak edir. Bu dövrdə Pişəvərinin adı tarixi sənədlərdə Sultanzadə, Heydər Əmioğlu, Axundzadə (Bəhram Sirus), Hüseyn Şərqi, Nikbin, Seyfi və s. görkəmli İran kommunist rəhbərləri cərgəsində çəkilir. Pişəvəri 20-ci illərin sonunadək kommunist məramına sadiq qalıb və yalnız bu məsləkə xidmət edib.

Ötən yüzilin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində Arazın bu tayında, azadlıq hərəkatının ilk illərində bəzi «tənqidçilər» tərəfindən Seyid Cəfər Pişəvərinin mübarizə yolu, məram və əqidəsini «təftiş» etməyə meyl göstərənlər olmuşdu. Ara-sıra mətbuat səhifələrində, yığıncaqlarda Pişəvərinin və onun başçılıq etdiyi hökuməti qınamağa, onların qeyri-müstəqil olmalarını, hər addımı rusların göstərişi və məsləhətilə atdıqlarını söyləyənlər və yazanlar olmuşdu. Təəccüblü cəhət burasıdır ki, bu «tənqidçilər» nə Güney Azərbaycandakı baş vermiş hərəkatın milli zəmini, nə hərəkatın aparıcı qüvvələri, nə də fars və əski əlifbadamövcud olan çoxsaylı sənəd və ədəbiyyatla tanış deyildilər. Üstəlik Pişəvərini və 1945-1946-cı illərdə Güneydəki siyasi olayları «təftiş» edənlərin çoxu tarix elmi üzrə savadı və təcrübəsi olmayanlar və bu sahədə əsaslı araşdırma aparmayanlar idi.Öz yazılarında və deyimlərində özgələrdən «kult» düzəltməyə can-başla hazır olan bu adamlar keçmişimizi insafsızcasına təhrif etməyə, tarixi şəxsiyyətlərimizi haqq-nahaq qamçılamağa başladılar. Təəssüf doğuran cəhət budur ki, bütün həyatını millətinin azadlığına həsr etmiş Pişəvəriyə və Güneydəki milli-azadlıq hərəkatına əsassız ittihamları yağdıran nə erməni, nə rus və nə də başqa yad qüvvənin nümayəndəsi yox, bizim öz soydaşlarımızdır.

Rusiyadakı Fevral inqilabı, Oktyabr çevrilişindən sonra bir sıra Azərbaycan ziyalılarının sözügedən hadisələrə müsbət meyllənməsi Pişəvərini də tədricən Rəsulzadə xəttindən ayırdı, digər xəttə keçirdi: bu xəttin başında Həriman Hərimanov dururdu. Pişəvəri 1929-cu il dekabrın 28-də həbs olunub, 10 il azadlıqdan məhrum edilib. Edilən sorğu-suallara cavabı, ümumiyyətlə, istintaq materialları Tehranda kitab şəklində buraxılıb.

Müstəntiq Pişəvəriyə sual verir ki, siz kommunistsiniz,bu məfkurə ilə dövlətə qarşı mübarizə aparmısınız. Pişəvəri deyir ki, mən dövlətə qarşı mübarizə aparmamışam, indi də azadlıq uğrunda mübarizə aparıram. Qaldı ki, kommunistliyə, mən kommunist deyiləm. Müstəntiq təəccüblə soruşur ki, niyə? Pişəvəri cavab verir ki, mən 10 il ərzində kommunist ideologiyasını diqqətlə öyrəndim, anladım ki, bu məfkurənin İran zəmininə tətbiqi mümkün deyil. Sonra da deyir ki, Bakıda olduğum zaman birgə mübarizə apardığım, çarizmə qarşı mitinqlərdə həmrəy olaraq iştirak etdiyimiz adamlar sovetləşmədən sonra rəhbər vəzifələrə gəlmişdilər, gördüm ki, mənə başqa cür münasibət bəsləyirlər, soyuq davranırlar. Sonra öyrəndim gördüm ki, bu dönüklük, soyuqluq təkcə mənə qarşı yox, Quzey Azərbaycanda yaşayan güneylilərə qarşıdır. Gördüm ki, Güney Azərbaycandan olanlaraqarşı inamsızlıq var, onları rəhbər vəzifələrə qoymurlar. Hətta onlarla şübhəli adamlar kimi davranır, yeri gələndə təhqir edirlər. Bu münasibət məndə pərişanlıq əmələ gətirdi: necə olur axı, dünənə kimi bir cəbhədə vuruşurduq, indi isə bunlar bizə belə münasibət bəsləyirlər?

Pişəvəri ilə bağlı istintaq materiallarındakı bir məqam da diqqət çəkir. İranda Rza şah hakimiyyətə gələn kimi mətbuat təqib olunur, azadfikirli qəzetlər bağlanır, kommunistlər, sosialistlər, demokratlar, milli qüvvələr həbsə alınır, təşkilatları dağıdılır, bir sözlə, ölkədə irtica hökm sürməyə başlayır. İranda söz-fikir azadlığının boğulduğu, insan haqlarının tapdandığı bir vaxtda Moskva İranla 1921-ci ildə dostluq və əməkdaşlıq haqqında müqavilə bağlayır.

Sonradan SSRİ həmin müqaviləni 1927-ci ildə yenidən təzələyir. İstintaq materiallarında Pişəvəri bu məsələyə təəccübünü bildirir, fikirlərini dilə gətirir ki, görəsən, bu, nə işdi, axı Sovetlər bizi himayə edirdi, kommunist hərəkatının genişlənməsindən danışırdılar, bu yandan da İrandakı azadlıq qüvvələrinə qarşı təqiblər artır, SSRİ də İranladostluq edir. Pişəvəri bu düşüncələr içərisində Bakıya gəldiyini deyir, ordan da Moskvaya gedir. Danışır ki, Moskvada döymədiyim qapı qalmadı, axırda məni yolladılar «Komintern»ə — İran üzrə şöbəyə. Ora bir yəhudi rəhbərlik edirdi. Mən ona Güney Azərbaycandakı, ümmumiyyətlə isə İrandakı vəziyyəti başa saldım,bildirdim ki, bizə siyasi-mənəvi, həm də maddi cəhətdən kömək lazımdır. Hiss elədim ki, bu adam sözlərimi bir qulağından alıb o biri qulağından ötürür. Pişəvəri onun soyuqqanlığından qeyzlənir. Danışır ki, son dərəcə pərişan olmuşdum. Əliboş, tutduğum məsləkə inamsızlıqla Bakıya qayıtdım, ailəmi götürüb İrana gəldim.

Bu hadisə 1927-ci ildə olub. Pişəvərinin istintaq materiallarındakı ifadəsində sonrakı gedişat dilindən belə nəql olunur: «İrana gələndən sonra fikirləşdim ki, ümumiyyətlə, kommunist üsul-idarəsini, proletar diktaturasını İranda qurmaq mümkün deyil. Ona görə ki, İranda proletariat yoxdur. Rusiya isə proletar ölkəsidir.İranda proletariat məsələsi heç 100 il sonra da mümkün olmayacaq. İran çoxukladlı ölkədir. Burada fəhlə də, kəndli də, ortabab da, mülkədar da, tacir də var. İranda sinfi mübarizə məsələsini önə çəksən, heç nə alınmaz. Göründüyü kimi, Pişəvəri sinfi mübarizə məsələsini o mənada inkar edir ki, deyir burda azadlıq istəyən bütün siniflərin birliyi olmalıdır. Bununla da o sinfi mübarizə məsələsini kənara qoyur. Mülkiyyət məsələsinəgəlincə isə deyir ki, İranda xırda mülkiyyətçilik çoxdur. Ölkənin milli gəlirinin 80 faizini aqrar sektor verir. Deyir əgər biz mülkiyyəti ümumiləşdirsək, bu, böyük bir partlayışa səbəb olar. Yəni mülkiyyət məsələsini kommunistlərin dediyi kimi bölmək, ümumiləşdirmək olmayacaq. Kommunistlərin məramında göstərilir ki, onlar ateistdirlər. İran isə dindar bir ölkədir.

Pişəvəri zindana düşmək ərəfəsində artıq prinsiplərindən ayrılır, sırf milli demokrat olur. O, zindanda yatan zaman burada kommunistlər çox idi. Pişəvəri zindanda heç bir məfkurəyə qoşulmadan öz məfkurəsini təbliğ edir. Doktor Salamulla Cavidin yazdığı kimi, «Qəsri-Qacar» zindanında öz məktəbini yaradır.

Əkrəm Rəhimli (Bije),

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işcisi, iqtisad üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.