TALİBANIN AÇDIĞI İKİNCİ CƏBHƏ…

Vüqar Dadaşov:

Türkiyənin və Azərbaycanın böyük tarixi şansı

Talibanın bütün Əfqanıstanı nəzarətə götürməsi və onun Əfqanıstanda hakimiyyətə yiyələnməsi əslində Əfqanıstanda ikitirəli hakimiyyət dövrünün sonu, bütöv Əfqanıstanın vahid hakimiyyət tərəfindən idarə olunmasının bərpası deməkdir. Zatən, Taliban təzə hakimiyyətə gəlməyib, Taliban ABŞ və NATO işğalından sonra faktiki olaraq iki hissəyə bölünmüş Əfqanıstanın müəyyən əraziləri üzərində bu günə kimi nəzarətini və hakimiyyətini qoruyub saxlaya bilmişdi. Taliban Əfqanıstanda hakimiyyətdən getməmişdi, ABŞ və onun müttəfiqləri tərəfindən işğal olunmuş ölkənin yarısına nəzarəti itirmişdi. Odur ki, Taliban bütün Əfqanıstan üzərində vahid hakimiyyətini bərpa edib.

Təbii ki, Taliban kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə belə asanlıqla yiyələnməsi müqabilində böyük siyasi oyunun tərkib hissəsi kimi götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır. Talibanın hakimiyyətə gətirilməsi ABŞ, Böyük Britaniya və Türkiyə arasında  razılaşdırılmış plan üzrə həyata keçirilib. Proseslərin analizi və Talibanın ilkin açıqlamaları  onun  bu üç ölkə ilə müəyyən dövr üçün müttəfiq kimi davranacağını  göstərir. Dünya nizamını dəyişə biləcək Əfqanıstanda  gedən proseslər Rusiya və İran üçün  ən xoşa gəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın Talibanla bağlı qarışıq açıqlamaları, Rusiya Təhlükəsizlik Şurasının  təcili iclasları və Taliban rəsmisinin Rusiya haqqında söylədikləri göstərir ki, Talibanın regionda əldə etdiyi tam hakimiyyəti müqabilində əsas öhdəliyi Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir.

O ki, qaldı Taliban və Pakistan münasibətlərinə, əvvəla qeyd etmək lazımdır ki, ümumiyyətlə Taliban hərəkatının yaradılması, Əfqanıstanda hakimiyyətə gətirilməsi, ABŞ və NATO-nun Əfqanıstanı işğal etdikdən sonra Talibanın Əfqanıstanın müəyyən ərazilərində indiyə qədər dura bilməsi bilavasitə Pakistanla bağlı olan prosesdir. Hətta, Talibanı ikinci Pakistan belə adlandırırlar. Pakistan isə Azərbaycan və Türkiyənin ən etibarlı müttəfiqidir. Azərbaycanın qələbə ilə başa vurduğu 44 günlük müharibədə Türkiyə və Pakistan öz müttəfiqliyinin ən yüksək səviyyəsini göstərdi. Pakistan, hətta, bu günə kimi Azərbaycana ərazi iddiası ilə çıxış edən Ermənistanı müstəqil dövlət kimi  tanımayıb. Talibanın Əfqanıstanda tam hakimiyyətə yiyələnməsində təbii ki, ABŞ-ın ən etibarlı müttəfiqi kimi Pakistanın xidməti çox böyükdür. Pakistanın isə Azərbaycan və Türk sevgisi tarixə bağlı xalqın daxili hissidir və ruhən həmişə türk etnosunun yanında olub və dövlət kimi də siyasətini məhz bu sevgi üzərində qurub. Odur ki, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə üçün ikinci Pakistan qazanmaq deməkdir.

Tarixin elə bir dönəmində yaşayırıq ki, Azərbaycan üçün, Türk dünyası üçün yeni, çox əlverişli siyasi dövr başlayıb. Tarixi şansımızdan tam istifadə etməklə publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam reallaşdıra bilərik. Onsuz da dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır.

Türk qanına susamış İranın aqibəti Rusiyadan daha acınacaqlı olacaq. İstər-istəməz Talibanla üzə-üzə gələcək İran ətrafında halqa daha da daralacaq və İranın indiki sərhədləri daxilidə mövcudluğuna böyük təhlükələr daimi hərəkətdə olacaq.

Talibanla diplomatik, siyasi əlaqələrimiz qurulmalıdır. Qeyri rəsmi olsa da, Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında “Şuşa bəyanatı” bu qənaətimizə əsas verir. Çünki, həmin bəyanata əsasən Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şurası əlaqəli fəaliyyət göstərir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında Taliban barəsində ümumi qərarın olduğu şübhəsizdir. Təbii ki, Talibanın yaratdığı vəziyyət Rusiya və İran üçün real üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq Taliban Rusiya və İrana qarşı ikinci cəbhə açmaqla bu dövlətlərin hərbi və iqtisadi gücünü parçalamış olur. Yaxın Şərqdə, eləcə də Asiyada konfliktlərə və hərbi qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır.  Əfqanıstanda Talibanın tam hakimiyyətə yiyələnməsindən sonra Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan müsəlman ölkələrində vəziyyət Rusiyanı daimi “foksda” olmağa məcbur edəcək. Əks təqdirdə Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu itirə və onsuz da formal KTMK-nı daha əhəmiyyətsiz hala salmış olar. Nəticədə Rusiya özü üçün keçmiş SSRİ respublikalarında yaratdığı “bufer” zonasından məhrum olar və bir başa öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir və buna görə də Rusiya bütün hərbi və iqtisadi gücü bu istiqamətə sərf etmək məcburiyyətindədir. Yaranmış şərait  Türkiyə və Azərbaycan üçün olduqca əlverişli şərait və imkanlar yaradır hansı ki, daha böyük hədəflərimizi reallaşdıra bilərik.

Vidadi Mustafayev:

Hər şey doğru, amma əsas oyunçu yaddan çıxdı.

Burada yeganə qazanan ölkə Çindir.

Niyə Çin? Çin Əfqanıstana öz qlobal maraqlarına uyğun olaraq iqtisadi sponsor və qurucu kimi gələcək. Bunun üçün onun pulu, mütəxəssisi və istənilən qədər işçisi var. Çini siyasi sistem az maraqlandırır. Onlar yaxşı bilirlər ki, iqtisadiyyat siyasəti müəyyən edir.

Mənə belə gəlir ki, hələlik region tədricən Çinin iqtisadi nəzarətinə keçir. Rusiya və İran son dövrdə olduğu kimi Çinin yardımçıları kimi çıxış etməyə məhkumdurlar.

Səməd Bayramzadə:

Bütün yanaşmalar maraqlı olmaqla yanaşı, müxtəlif və fərqlidir.

Əslində bu şərhləri verən insanların heç biri Əfqanıstanı yaxşı tanımır.

Ona görə də dəqiq proqnozlar verə bilmirlər.

Məncə, açar elə ABŞ-ın öz əlindədir. Belə ki, 2014-cü ildə (7 il öncə) Qatarda (Dohada) ABŞ Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Zelmi Xəlilzad ilə taliban arasında Əfqanıstandan Amerika qoşunlarının çıxarılması barədə imzalanan müqavilə zamanı sonuclar mütləq nəzərə alınmışdı. Bəlkə, elə buna görə də hakimiyyətdə olan Əfqanıstan prezidenti öncədən düşünülmüş plan barədə xəbərdar oldugundan öz postunu “könüllü və sakit” bir şəkildə təhvil verib ölkəni tərk etdi.

Sonra da bəraət üçün deyirlər ki, “qan tökülməsini istəmədik” (əslində nəticə belə də oldu, taliblər hakimiyyəti qan tökmədən qəbul etdilər).

Vidadi Mustafayevin mövqeyi ilə da tam razıyam. Belə ki, bu oyunda Rusiyadan da, İrandan da, Pakistandan da daha çox qazanan Çin olacaqdır… Amma “dəyirman işləyəcək, çoxlu da su işlədəcək”.

 

Şərhlər bağlıdır.