URMU VƏ QƏZVİNDƏ NARAZI SÜRÜCÜLƏRİN AKSİYASİ

Avqustun 24-də Qəzvinin Əlvənd, Məhəmmədiyyə və Mehrqan bölgələrinin avtobus sürücüləri əyalət valiliyinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Sürücülər hüquqlarının pozulduğunu, əmək haqlarının verilməsində uzun müddətli gecikmələr olduğunu və koronavirus məhdudiyyətlərinə görə nəzərdə tutulan yardımları ala bilmədiklərinə etiraz ediblər.

Azerbaycan-ruznamesi.org “İrna” xəbər agentliyinə istinadən bildirir ki, sürücülər problemin həlli ilə bağlı əlaqədar məsulların, valinin onlara verdikləri vədlərinin heç birinin doğrulmadığını bildirib.

Onlar bildiriblər ki, koronavirus xəstəliyindən həyatını itirən sürücülərin ailələrinə heç bir yardım edilməyib, çalışanlara isə adi tibbi maskanı belə verilməyib.

“Məcburiyyət qarşısında 6 milyon tümənlik koronavirus krediti götürmüşük, ancaq ayda 10 gün işlədiyimiz və heç bir yardım almadığımız üçün onu ödəyə bilmirik”-deyə, narazı sürücülər bildiriblər.

Avqustun 25-də isə Urmu şəhərinin sürücüləri valilik binası qarşısına toplaşıblar.

Onlar uzun müddətdir qaldırdıqları sosial problemlərin həll edilməsini, əmək haqlarının ödənilməsini və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmasını tələb ediblər.

Urmu şəhərinin avtobus sürücüləri son bir ildə oxşar problemlərlə bağlı dəfələrlə etiraz və tətil aksiyası keçiriblər.

Şəhər məsulları tərəfindən problemin həlli istiqamətində heç bir əməli tədbir görülmədiyi üçün sürücülər ötən ilin dekabr ayının 28-də Tehrana gedərək İran parlamentinin binası qarşısında da aksiya keçirmişdilər.

Xəbərçi

 

Şərhlər bağlıdır.