HƏBSXANADA QEYD OLUNAN AD GÜNÜ

İran başdan-ayağa sanki məhbuslar ölkəsidir. Buna baxmayaraq ölkədə müqavimət səngimir,getdikcə daha geniş vüsət alır.

Abbas Lisani, Əlirza Fərşi, Kiyanuş Aslani, Həmid Mənafi Nadarlı, Behnam Şeyxi, Tovhid Əmini və adlarını çəkmədiyim bir çoxları ilə birlikdə, onu doğum günündə anmaq istədiyim çox dəyərli milli fəalımız Əkbər Nəimi dilimiz, varlığımız, kimliyimiz uğrunda göstərdikləri dirəniş üçün iranın zindanlarındadırlar.

Bizi alçaq tavanların altında, pəncərəsiz təkadamlıq kameralarda yaşatmaq istəyənlərə inad edənlər indi zindanların alçaq tavanları, pəncərəsiz yoğurğalarının dustağıdırlar. 10 il 9 il, 8 il deyib keçirik, oysa oralarda 8 saat qalmaq belə böyük bir iradə, sarsılmaz inam istər!

Əkbəri uzun zamandır tanıyıram, Səid Mətinpurun 2-ci il həbsi ilə ilgili bir köşə yazısı hazırlamaqdaydım, Əkbər Nəimi bir çox material göndərdi. Səid Mətinpur haqda netdə yayılmış, geniş və detaylı informatik yazıların müəllifinin Əkbər olduğunu da sonralar öyrəndim.

Əkbərin şəxsi həyatı təhsilatı və əlində olan işi iran kimi bir ölkədə çoxlarına əlçatmaz görünər. O iran hava yollarının tə’mir və ayaqda tutma bölməsində mekanik mühəndis olaraq çalışırdı. İranda belə bir işin və məsləkin ola, bunları riskə atıb milli fəaliyyətə girmək, insanda böyük bir sevgi, içdənləşmiş bir inam və əqidə istər.

Əkbər Nəimiyə 9 il 8 aya həbs verənləri yaxşı tanıyırıq. Fars şovinismi 100 ildir bu elin, bu yurdun ən dəyərli oğlan, qızlarını alçaq tavanların, pəncərəsiz yoğurğaların bucağına sıxışdırıbdır. Oysa onlar unudurlar ” nuri həq, zülmət olan yerdə təcəlla eylər!”

Doğum günün qutlu olsun Akbar Naeimi , doğum günün qutlu olsun qoç oğlan! Nə yaxşı varsan, adın var, səsin var, sevgili dilin vardır!

Şərhlər bağlıdır.