“21 AZƏR” HƏRƏKATININ İZLƏRİ VƏ TƏSİR DAİRƏSİ HAQQINDA

21 Azər hərəkatı Azərbaycan xalqının milli mübarizə tarixində ən şanlı və fəxrlə, qeyrət hissi ilə yad ediləcək, öyrəniləcək, gələcək nəslə nümunə göstəriləcək səhifələrdən birini təşkil edir.

21 Azər hərəkatı bütün İranda, eləcə də Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli şüurunun formalaşmasında əhəmiyyətli və misilsiz rol oynamışdır.

Azərbaycan Milli Hökuməti (AMH) qısa müddət ərzində mühüm islahat tədbirlərini həyata keçirdi. Bunlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində də öz əksini tapdı və təsir dairəsini yaratdı.  İran xalqları Azərbaycandakı “21 Azər” hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını gördü, ona özlərinin mübarizə dayağı kimi baxdılar. Bu zaman İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca İran azadixahlarını boğmaq qeyri  mümkün olacaqdır”.

“21 Azər” hərəkatı əzilən, milli və iqtisadi zülmə, istismara və xarici dövlətlərin soyğunçuluq siyasətinə məruz qalan xalqlar üçün mübarizə yollarını, azadlığı əldə etməyin taktikasını, milli dövlətin qurulması və müdafiə edilməsi üsullarını göstərdi, uzun illər boyu regionda bu yolda çarpışan və mübarizə aparan demokratik və milli qüvvələr üçün örnək  və məktəb oldu, onlar üçün həmişə ümid çırağı kimi yandı. Belə ki, “21 Azər” hərəkatı öz mahiyyətinə görə antiimperialist və demokratik xarakterli bir xalq hərəkatı idi və bu hərəkat  Azərbaycanın tükənməz sərvətini qarət edib aparan xarici imperializm əleyhinə və xarici inhisarların soyğunçuluğuna əlverişli şərait yaradan səltənət rejiminə və daxili irtica əleyhinə üsyan etmiş xalqın möhkəm və sarsılmaz iradəsini nümayiş etdirirdi.

1946-cı ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin ABŞ imperializminin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilməsinə, qan dəryasında boğulmasına, xalqın rifahı naminə yaradılmış bütün təsisatların məhv edilməsinə, 25 min nəfərdən çox demokratın və milli qüvvələrin güllələnməsinə, dar ağacından asılmasına, 100 mindən çox adamın sürgünlərə göndərilməsinə, mütərəqqi və demokratik ruhlu insanların amansızlıqla təqib edilməsinə baxmayaraq, Azərbaycan xalqının milli-azadlıq və milli-demokratik hüquqlar uğrunda mübarizəsi bir gün belə səngimədi. Azərbaycan xalqını təslim etmək kimsəyə müyəssər olmadığı kimi Məhəmməd Rza şaha və onun ağalarına da müyəssər olmadı.

İrandan alınan məlumatlara istinadən Bakıda nəşr edilən “Kommunist” qəzeti 23 aprel 1949-cu il tarixli sayında  yazırdı: “Budur, Azərbaycan himninin gurultulu səsi Səttarxan xiyabanını titrədir, bir müddət bütün hay-küy kəsilir, sanki burada heç qan tökülməmiş, adam qətl olunmamışdır. Gələn 27 nəfər igid və namuslu zabitlərdir, bunlar Azərbaycan Milli hökuməti himnin bu sözlərini oxuya-oxuya ölüm ayağına gedirlər:

“Ana yurdumsan, ey şanlı Vətən

Həmişəlik yaşa Azərbaycan…”

7 iyul 1949-cu il tarixli “Tolu” (Günəşin doğuşu) qəzeti “Pişəvəri dirilmişdir!” başlıqlı məqaləsində “21 Azər” hərəkatının məğlubiyyətindən keçən qısa bir aradan sonra Azərbaycandakı siyasi və iqtisadi vəziyyəti şərh edərək yazırdı ki, “..yenə bizə pis xəbərlər çatır, yenə fırıldaqçı və üsyankar ünsürlər (əslində, Azərbaycan demokratları nəzərdə tutulur – S.B.) hər yerdə baş qaldırmış və “ Yaşasın Pişəvəri!” çağırışları getdikcə daha gur səslənir. Təbrizdə eşidilən bu səslər təhlükə olduğunu sübut edir. … bu dəfə, Allah eləməsin, Azərbaycanda bir fəlakət baş verərsə, indiki vəziyyət üsyançılar üçün çox əlverişli, bizim üçün isə çox zərərli olar. Hazırda Azərbaycan barıt anbarına bənzəyir”. Bütün bu xəbərlər onu göstərirdi ki, Cənubi Azərbaycanda qısa bir müddət ərzində qalib gəlmiş xalq demokratiyası, yəni “21 Azər” hərəkatı bütün ölkəyə nicat yolunu göstərdi.

Hətta, 1946-cı ilin sonunda 21 Azər hərəkatının süqutundan sonra İran mərkəzi hökumətinin Azərbaycan maarif sistemində farslaşdırma siyasətini həyata keçirən mürtəcelərin məktəblərdən azərbaycanlı müəllimləri yığışdırıb, onların yerinə şovinist fars müəllimlərini təyin etmələrinə, AMH-in yaratdığı bütün maarif ocaqlarını (kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı, Azərbaycanın hər yerində 3800 savadsızlığı ləğvetmə kursu açıldı) vəhşicəsinə yıxıb dağıtmalarına, müəllimləri öldürmələrinə, həbsə salmalarına, sürgün etmələrinə və yerdə qalanları da müəllimlik hüququndan məhrum etmələrinə baxmayaraq, 1949-cu ilin sonunda Azərbaycan şəhərlərinə səfər etmiş “Ettelaat” qəzetinin müxbiri Əbülhəsən Ehteşaminin yazdığına görə, “…türk (Azərbaycan – S.B.) dilinin məhv edilməsi və fars dilinin Azərbaycanda yayılması sahəsində heç bir iş görülməmişdir.. Bu gün də milli məktəblərdə dərslər türk dilində aparılır”.  Bunun əsas səbəbi o idi ki, AMH qısa müddət ərzində Azərbaycan dili bazasında güclü maarif sistemi yarada bilmişdi, onu ana dilində yazılmış dərs vəsaiti və milli kadrlarla təmin edə bilmişdi. Belə ki, Milli hökumət 64 mln. tümənlik büdcənin 15,6%-ni təkcə Azərbaycan maarifinin inkişafı üçün ayırdı (“Azərbaycan” qəzeti, ADF orqanı, 09.04.1946).

İran mərkəzi hökuməti isə hətta, fars dili bazasında belə bu işin öhdəsindən lazımınca və layiqincə gələ bilmədi. Beləki, 1949-cu ilin payızında Təbriz universitetinin açılış mərasimində olmuş  İran maarif naziri dr.Zəngənə Tehrana qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında etiraf etmişdi ki, “İcbari təhsil İranda mümkün deyil. Bu iş üçün 7 il vaxt və 400 mln. tümən pul lazımdır. Odur ki, biz bu işin öhdəsindən gələ bilmərik” (“Azərbaycan” qəzeti, ADF orqanı, 18.09.1949).

Maarif nazirliyi AMH-in məğlubiyyətindən sonrakı illərdə fars dili tədrisinin Azərbaycanda aşağı səviyyədə olmasının səbəbini izah edərkən elə göstərməyə çalışırdı ki, guya azərbaycanlıların fars dilini bilməməsinin əsas səbəbi onun zorla qəbul etdirilməsində deyil, əksinə pis tədris olunmasımdadır. Əslində isə məktəblərdə şagirdlər mövcud dərs proqramını boykot edir, tədris üsuluna qarşı çıxır və bununla bərabər Azərbaycan maarif sistemində demokratik fikirlər artıb yayılır və demokratik əhval ruhiyyə də öz növbəsində mərkəzi hökumətin farslaşdırma siyasətinə qarşı dayanırdı.

Təsadüfi deyil ki, 1947-ci ilin oktyabr ayında Azərbaycana səfər etmiş “United Press” agentliyinin müxbiri Miller qeyd edirdi ki, Azərbaycan Milli hökumətinin bərqərar etdiyi demokratik rejim çərçivəsində həyata keçirdiyi islahatlar İran hökumətinin mövcudluğu dövründə həyata keçirdiyi bütün islahatlardan çox olmuşdur (Иванов М.С. Очерки истории Ирана. Москва, Госполитиздат, 1952, c.401).

“21 Azər” hərəkatı Azərbaycan xalqının qəlbində özünə həmişəlik yer açmışdır. Cənubi Azərbaycan və eləcə də bütün İran mübarizləri “21 Azər” hərəkatından  böyük təcrübə qazandılar. Həmişə canlı və nəzərdə tutulması vacib olan ibrət dərsləri aldılar.

İran demokrat cavanlar və tələbələr təşkilatının orqanı olan “İrəli” dərgisi özünün 30 noyabr 1978-ci il sayında yazırdı ki, ABŞ hərbi müşaviri Şvartskopun başçılığı ilə Azərbaycan və Kürdüstanda xalq hərəkatının yatırılmasını hər il bayram edən Məhəmməd Rza şah bu il (1978-ci ildə) xalqın coşan qəzəbindən lərzəyə gələrək cinayətlərinin üstündən səssiz keçməli oldu. Amerikadan xüsusi tapşırıqla gəlmiş “müəllimlər” kütbeyin şahı başa saldılar ki, hələlik xalqın yaraları üstünə duz səpməkdən əl saxlasın, yoxsa bu iş həm saraya və həm də “Ağ evə” baha başa gələr.

Şahın “müəllimlər”i və tülküsifət daxili nökərləri yaxşı bilirdilər ki, Bəhmənin 29-da (1978-ci il fevralın 18-də) Təbrizdə yüksələn alov heç də təsadüfi və keçici deyildi. O, Səttarxan hərəkatından, Şeyx Məhəmməd qiyamından və “21 Azər” hərəkatlarından güc alır, həmin küllər üstündə ucalır, eyni xalqın iradəsini təmsil edir. Yalnız bu fərqlə ki, yenidən ucalan xalq hərəkatı keçmişin təcrübələri ilə öz yolunu işıqlandırır, irəliyə daha inamla və daha cəsarətlə gedir (“İrəli” dərgisi, 30.11.1978, yersiz, s.1).

İranda milli-demokratik bir üsul idarə və rejim yaratmaq yalnız bütün mübarizlərin birgə vuruşu, birgə döyüşü sayəsində mümkün ola bilər. Yalnız belə olduğu halda, İranın və Azərbaycanın azadlığı və xoşbəxtliyi yolunda mübarizə aparan vətənpərvər insanlar  bu yolda  qəhrəmanlıqla şəhid olmuş igidlərin müqabilində borclarını ödəmiş olarlar.

Var olsun birlik, mübarizə, zəfər!

Səməd Bayramzadə,
tarix üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.