ƏRDƏBİLLİ FƏALLAR QARABAĞA DƏSTƏK VERDİLƏR

ƏVƏZİNDƏ 180 AY HƏBS, 888 QAMÇI CƏZASI ALDILAR 

Ərdəbilin bir qrup gənci 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Cinral parkında aksiya keçirib. Lakin müsəlman ölkəsinin dinbir qardaşlarının bu hərəkətini bəyənməli və ona kömək etməli olan yerli hakim dairəri  12 ərdəbilli fəal barəsində özlərinə məxsus ölçü götürüblər.

Oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci bölməsinin başçısı Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər.

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd colani, Sobhan Bəkhshi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən ittiham olunublar.

Fəallar “hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Bununla yanaşı məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.

Eyni halda İran İslam Respublikasının Cinayət  Məcəlləsinin 448 və 449 -cu maddələrinə və Cinayət Prosessual Məcəlləsinin 427-ci maddəsinə əsasən Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirdiyi üçün cərimə ödəməyə məhkum olunub.

Yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. “Amnesty İnternational” yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb olunmuşdu.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.