İRAN İSLAM RESPUBLİKASINDA SEÇKİ “DASTAN”I

PREZIDENTLIYƏ NAMİZƏDLƏR

  1. Yazının davamı

1.Seyid   Əmir Hüseyn  Qazızadə Haşımi-vitsespiker

1350/1971-Fəriman şəhərində anadan olub. Həkimdir. Bir müddət Semnan Tibb universitetinin rektoru işləyib. VIII, IX, X, XI çağırış  məclisə Məşhəd və Kəlatdan deputat, IX, X çağırış parlamentdə Rəyasət heyətinin katibi, Davamlılar cəbhəsinin (Cəbheye paydari-M.Əhmədinejadın partiyasının) nümayəndəsi idi. Şüarı “Salam hökuməti”, “Xalq hökuməti diskursu”;

2.Əbdül Nasir Hümməti, İqtisad elmləri doktoru, Tehran universitetinin professoru, İranın Özəl sığortasının “atası”. Hökumətlərin çoxunda işləyib. İslahatçı, müstəqil;

1336/1957 kiçik (50 min əhalisi) Kəbudərahəng şəhərində (Həmədan ostanı) anadan olub, 23 yaşında (1359/1980)  R/Tv xəbər departamentinin müdiri, 1373/1994 R/Tv-də siyasi müavin, Beynəlxalq Sığorta təşkilatının sədri, 12 il İranda Mərkəzi sığorta təşkilatının rəisi olub. Həmin sahədə qayda-qanun yaradıb. Sığortanı özəlləşdirib. 7 il Səna bankın İcraçı direktoru, 1392/2013-cü ildən Milli bankın sədri, 1397/2018-ci ildən Mərkəzi bankın Baş direktoru olub. Yaxşı mütəxəssis hesab edilirdi.

“Qurucu kargüzarlar” partiyasının Mərkəzi Şurasının üzvüdür. H.Rəfsəncaninin prezidentliyi dövründə (1989-1997)  yaranan, nazirlər və məmurların üzv olduğu partiya idi. Sonra genişlənərək  islahatçı kimi tanınırdı.

3.Əlirza Zakani, 1344/1965-Tehranda dini ailədə anadan olub. Ana tərəfdən  babası-təbrizli,  müharibə veteranı, elmlər doktoru, Nüvə təbabəti mütəxəssisi, həkim,  1392/2013 və 1396/2017-ci illərdə prezident seçkiləri zamanı   səlahiyyətləri rədd edilib, tələbəlik illərindən bəsici və üsulgəra (fundamentalist) mövqeyində durub.

4.Səid Cəlili, 134/1965-ci ildə  Məşhəddə anadan olub, atası bircəndli, anası Ərdəbildəndir, 2003-cü ildə  dini mövzuda dissertasiya yazıb, dini elmlər üzrə doktor, müharibə veteranı, sağ ayağını itirib, 1386/2007-1392/2013 rəhbərin Ali Təhlükəsizlik Şurasında nümayəndəsi və  İranın nüvə proqramı ətrafında  beynəlxalq Müzakirə qrupunun sədri (1386-1386/2007-2010), həmin illərdə İrana qarşı BMT TŞ 3 Qətnaməsi qəbul olunub. İran dünyada sülh üçün təhlükə elan olunub, 1392/2013-cü ildə prezidentliyə namizəd olub,  seçkidə uduzub. Üsulgəra (fundamentalist), Məsləhət Şurasının üzvü, rəhbərin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsidir.

5.Möhsün Rezai, Möhsün Səbzevar Rezai Mirqaid, iqtisad elmləri doktoru, 1333/1954  Məscidi Süleymanda anadan olub, 1358/1979-cu ildə Sepahda  Kəşfiyyat və siyasi analiz təşkilatını yaradıb, Sepahın komandanlıq heyətinə daxil olub. 1360/1981-1376/1997-ci illərdə (16 il) Sepahın Baş komandanı olub, 1378/1999-cu ildə deputat seçilə bilməyib, 1384/2005-ci ildə  prezidentliyə namizəd olub, amma seçkidən 2 gün  əvvəl namizədliyini geri götürüb, 1388/2009-cu ildə prezident seçikilərində 4 nəfərdən axırıncı olub, 1392/2013-cü ildə prezident  seçkilərində yenə uduzub, özünü əqvamın (etnosların) nümayəndəsi hesab edir, milliyyətcə irandilli tayfa olan lor tayfasındandır.

6.Möhsün Mehrəlizadə, 1335/1956-cı ildə Marağada dindar bir ailədə anadan olub, 1353/1974-Təbriz universitetinin mexanika mühəndisliyini bitirib, Tehran universitetindən doktorluq diplomu alıb, 1364/1985-1369/1990-cı illərdə Ağır sənaye nazirinin müavini  vəzifəsində işləyib, İdman Federasiyasının, Kiş Azad Zona İdarə heyəti, Asiya Su Şirkəti idarə heyətinin sədri, 1997-2001-ci illərdə Xorasan ostandarı (valisi), 2001-2005-ci illərdə Prezidentin müavini, Bədən tərbiyəsi təşkilatının sədri, 1396/2017-ci ildə İsfahan ostandarı təyin edilib, 139/2018-ci ildə pensiyaçılar ixtisar edildiyindən  təqaüdə göndərilib. Müxtəlif iqtisadi-maliyyə qurumlarında  rəis və müavin işləyib, 2005-ci il prezident  seçkilərində iştirak edib, uduzub. Həmin vaxt Şərqi və Qərbi Azərbaycan ostanları,  Ərdəbil, Gilan,  Xorasandan  deputatların dəstəyi və prezidentlik dövrü başa çatmaqda olan  S.M. Xatəminin təklifi ilə seçkilərə qatılıb. Əvvəlcə Nəzarət Şurası  onun səlahiyyətini rədd edib, lakin yenidən baxılma müddətində rəhbərin hökmü ilə səlahiyyəti təsdiq edilib, lakin  4-cü olub, islahatçı, ”Dəyişiklik/təhəvvül və ədalətli iqtisadiyyat prioritetdir” şüarı ilə çıxış edirdi.

  1. İbrahim Rəisi: 1339/1960-cı ildə Məşhəddə anadan olub. Atası Sistanın Dəştək kəndindən idi.

Ali dini təhsil alaraq fəqih dərəcəsinə yüksəlib.

2001-ci ildə doktorantura/aspiranturaya qəbul olunub və 12 ildən sonra 2013-cü ildə fiqh  və xüsusi hüquq üzrə doktor diplomu alıb. Qeyd edilir ki, o, həmin vaxt (1383/20024-1393/2014) Məhkəmə hakimiyyətinin birinci müavini idi.

1980-ci ildə 20 yaşında ikən Kərəc prokuroru təyin olunub. Sonra,1985-ci ildə  Tehran inqilab prokurorunun müavini, 1368-1373/1989-1994-cu illərdə Tehran inqilab  prokuroru, 1373/1994 – 1383/2004-cü illərdə Baş Təftiş Təşkilatının rəisi, 1383/2004-1393/2014 Məhkəmə hakimyyətinin birinci müavini, 1393/2014-1394/2015-ci illərdə Baş Prokuror, 1394 esfənd/2016-cı ildən İmam Rza kompleksinin müdiri, esfənd 1397/2019-cu ildən Məhkəmə hakimiyyətinin sədri vəzifəsində işləmişdir.

2017-ci ildə prezident seçkilərində iştirak edərək H.Ruhaniyə məğlub olmuşdur.

Namizədlər  7-26 xordad 1400/28 may-16 iyun 2021 tarixləri müddətində     təbliğat kampaniyası apara bilərdilər.

Namizədlər üçün 3 saatlıq  3 teledebat  və 3 radiodebat nəzərdə tutlurdu.

İranda milli məsələnin ictimai-siyasi həyatda yeri haqqında təsəvvürü prezidentliyə namizədlərin təbliğat kampaniyası zamanı ona ayrılan diqqət əsasında əldə etmək olardı. Həqiqətən prezidentliyə namizədlərin  vəzifəsi ölkə və cəmiyyətin əsas problemlərini  və onların həll yollarını göstərmək idi.

Birinci teledebat 15.03.1400/05.06.2021-ci il tarixində keçirilmiş və teledebatın birinci yarısının üçüncü hissəsində namizədlər 4 dəqiqə ərzində gələcək  hökumətin iqtisadi siyasəti haqqında danışmalı idilər.

Həmin hissədə çıxış edən M.Mehrəlizadə  sona 23 saniyə qalmış dedi: “İcazə verin, fürsətdən istifadə edib əziz həmdillilərim üçün bir türki şeri oxuyum”:

Heydər baba, mərd oğullar doğginən

Gədiklərdə qurdları tut, boğginən

Qoy quzular ayın-şayın otlasın

Qoyunlar quyruqların qatlasın.

Şəhriyarın “Heydər baba” poemasından bir bəndin girişsiz-filansız, demək olar ki, yersiz deyilməsinin izləyicilərə necə təsir edəcəyini demək çox çətin idi.

M.Mehrəlizadənin həmin 1 bənd şeiri türkcə əzbər deyə bilməməsi və vərəqdən oxuması onun həmin addımının əhəmiyyətini heçə endirmiş olurdu.

Eyni zamanda həmin parça bir çox mətləblərdən xəbər verə bilərdi.

M.Mehrəlizadə həmin gün teledebatın ikinci yarısının sonunda deyilənləri ümumiləşdirmə hissəsində çıxış edərkən,  yenə də Azərbaycan dilində müraciət etdi.

Bu dəfə sonda o əziz həmvətənlərinin dilində, türkcə bir məsəl demək istədiyini bildirdi. Yenə də kağızdan oxudu: “Az yaşa, azad yaşa, namərdə əymə başıvi, yatma tülkü daldasında, qoy yesin aslan səni”.

M.Mehrəlizadənin Azərbaycan dilində şeir oxuması və zərbül məsəl deməsinə çox irad tutmaq olar, amma ona digər tərfdən də yanaşmaq olar. Birincisi, həm M.H.Şəhriyardan dediyi bənd, həm də məsəl adlandırdığı deyim azərbaycanlıların milli xarakterinin ən əsas xüsusiyyətini özündə əks etdirirdi. İkincisi, həmin şeir parçası və xüsusən də zərbül-məsəli həm iranlıları, həm də, xüsusən azərbaycanlıları, azadlığa  çağırış kimi dəyərləndirmək olardı.

Ə.Himməti də birinci teledebatın ikinci yarısının yekunlaşdırma hissəsində çıxışına başlayaraq farsca dedi: “Mən azərbaycanlı, həmədanlı, zəncanlı həmvətənlərimə bir-iki cümlə ilə müraciət etmək istəyirəm”. Sonra Azərbaycan dilində davam etdi: “Mən sizin  ümidinizə gəlmişəm meydana, İnşallah, bir-iki həft ayında (?) ki, həssas günlərdir, kömək eləyin ki, keşvəri-əzizimiz (əziz ölkəmiz) düşməsin bu cərayani-xast (tələbkarlart cərəyanı) əlinə”.

Həmin müraciətində Himməti aydın şəkildə bildirirdi ki, azərbaycanlıların ona səs verəcəklərinə ümid edərək meydana çıxmışdır. Azərbaycanlılara müraciət etməklə onları həm bir azərbaycanlı kimi özünün, həm də bir islahatçı kimi islahatın dayağı olduqlarını vurğulamışdı.

Prezident seçkilərində ilk dəfə idi ki, iki azərbaycanlı namizəd    iştirak edirdi. Azərbaycanlıların prezident seçkilərində iştirakı ilə bağlı onu demək olar ki, 1980-ci ildə keçirilən ilk prezident seçkilərində Həmədan ostanının azərbaycanlılar-türklər yaşayan kiçik şəhəri Kəbudərahəngdən olan Əbülhəsən Bənisədr İran İslam Respubliasının ilk prezidenti seçilmişdi, lakin mühafizəkar qüvvələrin intriqaları  nəticəsində, gənc və təcrübəsiz siyasətçi olduğundan təzyiqlərə müqavimət göstərə biməyib 1981-ci ildə  vəzifəsini tərk edərək İrandan qaçmalı oldu.

Bundan sonra 2005-ci ilə qədər azərbaycanlılar prezident seçkilərində iştirak etməmişlər.

1981-1989-cu illərdə prezident,  ondan sonra İndiyə kimi rəhbər olan  Seyid Əli Xameneini Azərbaycanla Xamene adından başqa heç nə bağlamadığı üçün (nə etnik şəcərə, nə də yaşayış yeri  onu Azərbaycanla bağlamır, atası uşaqlığını Təbrizdə keçirib və  ruhani fəaliyyətini Məşhəddə göstərib. Məşhəddə anadan olub orada boya başa çatan Xameneinin nəsil şəcərəsi  ata tərəfdən VI və ana tərəfdən IV imama gedib çatır) azərbaycanlı  kimi qəbul etmək doğru deyildir.

2005-ci ildə Möhsün Mehrəlizadə, 2009-cu ildə Mirhüseyn Musəvi prezident seçkilərində iştirak etmişlər. Nəhayət, sonuncu, 13-cü prezident seçkilərində iki azərbaycanlı – M.Mehrəlizadə və Ə.M.Himməti, iştirak etmişlər. Maraqlıdır ki, Ə.Bənisədr texnokrat kimi, qalan üç nəfər isə islahatçı qüvvələrin nümayəndəsi qismində çıxış etmişlər. Ə.M.Himməti Ə.Bənisədrlə eyni şəhərdən – Həmədan ostanının Kəbudərahəng şəhərindəndirlər. O da maraqlıdır ki, çoxsaylı  prezidentliyə mühafizəkar namizədlər arasında azərbaycanlıya rast gəlinmir.

İlk dəfə idi ki,  prezidentliyə namizədlər arasında olan islahatçılar azərbaycanlılarla  təmsil olunurdular və  mərkəzi televiziya ilə teledebat zamanı  türkcə nəsə deyirdilər. Bu, prezident seçkiləri tarixində yeni və tarixi bir hadisə idi. Çünki ilk teledebat 2009-cu il seçkiləri zamanı təşkil olunmuşdu. Həmin vaxt əsas islahatçı namizəd, keçmiş baş nazir (1981-1989) azərbaycanlı Mir Hüseyn Musəvi idi. Teledebat zamanı o, Azərbaycan dilində danışmamışdır. Sonrakı prezident seçkilərində (2009, 2013, 2017) azərbaycanlı namizəd iştirak etməmişdir. Ona görə sonuncu prezident seçkilərində prezidentliyə namizədlərin milli məsələyə münasibətini aydınlaşdırmaq üçün teledebatlar və imkan daxilində digər kütləvi informasiya vasitələrində çıxışları nəzərdən keçirilir.

Davamı növbəti sayda

Vidadi Mustafayev,
24 sentyabr 2021

Şərhlər bağlıdır.