MÖVZU: XALQIN QAYĞILARI
1.Qazızadə: “Nəsilçilik, etnikçilik, partiyabazlıq meydana gəlib”.
6.Mehrəlizadə: “Xalqın artıq sistemə etimadı qalmayıb, gənclər ölkədən qaçmaq istəyirlər”. “Müxtəlif əqvam və məzhəblər üçün müxtəlif sahələrdə bərabər imkan yaradılıbmı? Əsas qanunun 15-ci maddəsinin icrası və məhəlli (yerli) dillərdən mətbuatda, KİV və məhəlli ədəbiyyatın tədrisi sahəsində ciddi addımlar atılıbmı, sünniləri kənarda saxlayırlar”.
Həmin gün M.Mehrəlizadənin çıxışının yuxarıda qeyd edilən hissəsi “İSNA”saytında belə verilmişdir.
M.Mehrəlizadə: “Keçən illərdə artıq qadın, əqvam və məzhəblər, gənclər məsələsi öz aktuallığını itirbdir, gənclər xaricə qaçır, birlik adı ilə sünniləri səbəbsiz idarəetmədən kənar tutublar, mədəniyyət mərkəzləri belə maneələrlə üzləşib”.
Göründüyü kimi, teledebatın bu bölümündə Ə.H.Qazızadə etnik birliklər arasında etnik kimliyin güclənməsini qeyd etmiş, M.Mehrəlizadə isə milli məsələnin sosial və mədəni aspektlərindən danışaraq milli siyasətin milli azlıqların siyasi, iqtisadi, mədəni maraqlarına qarşı yönəldiyini, Əsas qanunun 15-ci maddəsinin icra edilmədiyini vurğulamışdır. Halbu ki, prezident H.Ruhani həmin maddənin icra ediləcəyini vəd etmiş, lakin 8 illik prezidentliyi dövründə vədini yerinə yetirməmişdir.
Hər bir namizəd 3 dəqiqə ərzində 3 teledebata yekun vurmalı idi
1.M.Rezai: Mənim hökumətim bütün etnosların/əqvamın hökuməti olacaq.
Göründüyü kimi, 7 namizəddən yalnız M.Rezai etnosların hökumətini təşkil edəcəyi haqqında vədini bir daha təkrar etmişdir.
Prezidentliyə namizədlərin üç teledebat zamanı çıxışlarına yekun vuraraq, qısa şəkildə ölkə qarşısında duran əsas problemlər və onların həllindən danışarkən milli məsələyə qətiyyən toxunmamışlar. Bu hal onu göstərirdi ki, prezidentliyə namizədlər milli məsələni ölkənin ictimai-siyasi, mədəni həyatının aktual problemi hesab etmirdilər.
Bununla belə, fars ifrat millətçiləri prezidentliyə azərbaycanlı namizədlərin ana dilinin hüquqlarını müdafiə etməsi və 15-ci maddənin həyata keçirilməsinin vacibliyindən danışdıqlarına, həmçinin türkcə bir neçə cümlə dediklərinə görə xəbərdarlıq etməyi – Bəyanat verməyi lazım bildilər (12 iyun 2021/22 xordad 1400 -“isna.ir”).
Bəyanatdan parçalar:
“Hər prezident seçkisi zamanı bəzi prezidentliyə namizədlərin yadına “əqvam” və ana dili düşür. Tam konyuktura xatirinə yerli və ya ana dilində bir neçə cümlə deyərək, çalışırlar ki, özlərini həmin dillərin və ləhcələrin hamisi göstərsinlər. Bu barədə danışmaq milli dili həmin dillərlə qarşı-qarşıya qoymaqdır. Belələri birləşdirməyə yox, qoparmağa gəliblər. Ən azı 1000 ildir ki, fars dilini könüllü surətdə rəsmi və vasitəçi dil seçiblər. Məktəbxanalarda Sədi, Hafiz və b. oxunurdu.
“Ərz edirik, ana və yerli dillərin milli dilə qarşı qoyulması ilə qarşınıza İran əhalisinin birliyini zəiflətrmək məqsədi qoymayın”.
Bəyanatdan göründüyü kimi, İranın zahirən İslam dünyasını öyrənən və təbliği ilə məşğul olan və ya məşğul olmalı olan üzdəniraq alimləri İranda etnosların onların dili və mədəniyyətinin varlığına dözə bilmədiklərindən müxtəlif bəhanələr gətirərək hətta prezydentliyə namizədlərə öz mənsub oduğu etnos və onun problemlərindən, o cümlədən ana dili və etnik mədəniyyətindən danışmağı qadağan edirlər. Həmin bəyanatın saytlarda geniş yayılması İranda fars hakim millətçiliyinin artıq çoxdan ifrat xarakter aldığını və dəstəkləndiyini bir daha nümayiş etdirir.
Eyni zamanda azərbaycanlı namizədlər Şərqi Azərbaycan telekanalında çıxış edərkən, milli məsələdən az da olsa danışırdılar. Həmin yazı da məhz onların əleyhinə yönəlmişdi və qalan 5 gün ərzində həmin məsələyə diqqət yönəldilməsinə qarşı hesablanmışdı. Onu da nəzərə almaq lazımdır ki, xəbərdarlıq seçki kampaniyasına nəzarət orqanı tərəfindən deyil, kənar bir “elmi müəssisə” tərəfindən edilmişdi. Bu, rəsmi dairələrin yox, millətçi dairələrin münasibətini əks etdirirdi, ona görə təbliğat kampaniyasının sonrakı gedişinə və ana dilinin statusunun yüksəldilməsi sahəsində vəd verilməsinə təsir edə bilməmişdi.
Deyilənləri Ə.N.Himmətinin və xüsusən Möhsün Mehrəlizadənin Qərbii Azərbaycan telekanalı ilə çıxışı əyani şəkildə göstərir.
22.03.1400/12.06.2021
ƏBDÜLNASİR HİMMƏTİ
Ə.N. Himmətinin Qərbi Azərbaycan telekanalanda çıxışı reqlamentə görə 30 dəqiqə davam etmişdi. O, çıxışına farsca başlamışdı. Farsca çıxışın əsas hissəsi ümumi məsələlərə həsr olunmuşdu, bununla belə aşağıda mövzu ilə bağlı yer almış bir neçə fikir qeyd edilir.
“Ostan yerli əhali tərəfindən, ləyaqəqətlilər tərəfindən idarə olunmalı, burada qövm, din, məzhəb rol oynamamalıdır.
İctimai azadlığa xüsusi diqqət yetirəcəyik, gənclərin, xüsusən kiçik şəhərlərdə, asudə vaxtının təşkili unudulub”.
Natiq 25-ci dəqiqədən etibarən birbaşa Qərbi Azərbaycana müraciətlə dedi: “Əziz əhali, sizin ostan sünni və şiə, erməni, aşur, türk və farsın dinc yanaşı yaşadığının simvolu olan ostandır, mənim üçün çox əziz olan kürdlərə ehtiramla bildirirəm ki, hökumətimdə məzhəb və qövm nəzərə almadan ləyaqət əsasında sizlərdən istifadə edəcəyəm. Mənim ana dilim türk dili olduğu üçün ostanda olan əziz kürdlər və farsların icazəsi ilə bir neçə kəlmə türkcə Azərbaycan-e Qərbi türkləri ilə bir neçə dəqiqə söhbət edəcəm, amma əvvəlcə 3 cəhəti qeyd edirəm: 1. Hökumətlər onun mövqeyindən, yəni üç ölkə ilə həmsərhəd olmasından istifadə edə bilməyiblər; 2.Urmiya gölünün bərpası; 3.Xəstəxanaların azlığı məsələlrinə xüsusi diqqət yetiriləcəkdir.
Göründüyü kimi, islahat cəbhəsi müdafiə etməsə də, prezidentliyə əsas islahatçı namizəd hesab edilən Ə.M.Himməti Qərbi Azərbaycan telekanalında seçkiqabağı proqramını şərh edərkən, milli məsələyə toxunmamışdır. Halbu ki, ostanın əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılar və ostanın millətçiliyi ilə seçilən və hakimiyyət tərəfindən təşviq edilən kürd azlığı üçün namizədin milli məsələyə münasibətini şərh etməsi xüsusilə vacib idi, lakin namizəd belə “həssas” məsələyə toxunmağa cəsarət etmədi.
M.Mehrəlizadənin Qərbi Azərbaycan telekanalında çıxışının videoyazısı mövcuddur. Belə güman etmək olar ki, həmin çıxış təkcə Qərbi Azərbaycana deyil, bütün Azərbaycana ünvanlanmışdı. Yəqin ki, Şərqi Azərbaycan telekanalında çıxışı zamanl da eyni fikirləri səsləndirmişdi. Ona görə həmin çıxışı nəzərdən keçirmək vacibdir.
Aşağıda M.Mehrəlizadənin 22 xordad 1400/12 iyun 2021-ci il tarixində Qərbi Azərbaycan telekanalında çıxışının video mətninin tam versiyası təqdim edilir.
Çıxış yerli vaxtla saat 16.30 da başlanıb və 29 dəqiqə davam edib.
M.Mehrəlizadə çıxışına azərbaycanca başladı:
“Əziz azərbaycanlılar, həmvətənlərim, həmşəhrlilərim, əziz ərdəbillilər, əziz Azərbaycan-e şərqlilər, əziz Azərbaycan-e qərblilər, əziz zəncanlılar, əziz türkzəbanlar, nə fəqət Azərbaycanda, təmam-e İranda, hər yerdə, hamıza salam ərz eliyirəm. Hamınızın qabağınızda təzim edirəm. Azərbaycanlı qeyrətlidir, azərbaycanlı himmətlidir, azərbaycanlı böyükdür. Azərbaycan İranın başıdır. Azərbaycan İranın iftixarıdır. Mən də iftixar elirəm ki, türkəm, azərbaycanlıyam, marağalıyam, sizlərdənəm, türk balasıyam və inşallah ki, bu dəfə, bu intixabatda sizlərin himmətiynən, sizlərin böyüklüyünən elə eliyəciyik ki, inşallah, qeyrəti məsuliyyətpəzirliği, şücaəti, şəhaməti, işbilməyi, portəlaşlığı, hamısını və vətənpərəstliği təzədən, böyük səthidə, ali səthidə ölkəmizə, vətənimizə, əziz İranımıza hakim eliyək, inşallah, Yaşasın Azərbaycan, zende bad İran [2.19 dəq. davam etdi].
Sonra farsca davam etdi:
Azərbaycan Səttar xan, Bağır xan, Xiyabaninin, Şəhriyar və Kəriminin, Fizuli və Nizaminin diyarı.
İranın bütün türkdilliləri, bütün əziz azərbaycanlılara – Qərbi, Şərqi Azərbaycan, Ərdəbil, Həmədan, Zəncan, bütün iranlıların qeyrətinə, bütün əqvamın qeyrətinə salam göndərirəm və türk dilli olduğum üçün əziz vətənim İranın bütün türkdililərinin qeyrətinə salam göndərirəm və Azərbaycanda və digər türk bölgəlırindəki lərə – salam olsun sizə!
[keçdi türk dilinə]
Əzizlərim, böyük şairimiz Şəhriyar-e əziz buyurur: “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni”. Bəli, biz türklərdə bu qeyrət var, biz türklərdə bu himmət var, eşitmişəm 400 min nəfər indi Tehranda roftgərlər (süpürgəçilər), kargərha-ye sadə (sadə fəhlələr) türkdürlər, niyə gəliblər Tehrana, niyə o qəşəng bağların, yerlərin, imkanatlarını boşluyub gəliblər, iş yoxdu, baxılmayıb, təvəccoh (diqqət) olmayıb, o istedadi ke, məntəqədə var, əslən onu itiriblər, yaddan aparıblar, qoymayıblar, istedad, bir belə orda mədən, bir belə orda iş, bir belə orda sabeğeye sənət (sənət təcrübəsi). Baba, azərbaycanlı camaat qeyrətlidilər, işçidilər işləyəndilər, orda olmur, gəlir Tehran ətrafına, orda olmur, gedir nə bilim İsfahanda, Şirazda, Xorasanda, ayrı yerdə, Bəndər Abbasda, nemidunəm Əsəluyyədə, gedirlər işləyirlər, görürsən, hər yana gedirsən yarıdan çoxu türkdür, gərək niyə bu cürə şey, türk yerində, kürd yerində, ərəb yerində, türkmən yerində, lor yerində, öz yerində rahətdədir, bir belə imkanat var, bunlar nabesamanidir (xaos), bunlar bibərnamegidir (proqramsızlıq), bunlar iş bilməməkdir, bunlar işə təvəccoh (diqqət) eləməməkdir, fəqət tələb etsin, gəlsin, otursun rəisi comhur (prezident), ondan sonra dörd dənə özünə fək famil, dost, aşina gəlsin, qoysun iş üstünə, hər….. lailəhailləlah, baba, qoyun bir nəfər gəlsin, qeyrətnən işləsin, dilsuz olan (ürəyiyanan) işləsin, özün fəda eləsin. Tarix bizə imkan verib, məşrutəni (konstitusiyanı) bu keşvərdə kim gətirdi qabağa, kimlər qan verdilər məşrutədə, məgər məşrutəxahi gəldi məşrutə oldu, təqdim elədilər İranı əzizə, abadanlığı səfəviyan İsfahanda, hardan icad oldu, ordan götürdülər gətirdilər, burada, qəlb-e İranda, İsfahane əzizdə, ayrı nöqtələrdə, baba, qeyrəti iş var, gəlir, aparır, iş gətirir özünə, ebtekar gətirir özünə, aç yolu, bağlamıyın yolu, bir belə neqahhaye əmniyyəti qövmiyyətə var, bağlayın vallah-billah, qövmiyyəte motəfavete keşvərdə qənimətdir, mənfi bərxord eləmiyin, burada mən bir seri moşəxxəs işlər ki, Azərbaycanda gərək olaydı və olmayıb, onları ünvan eləyirəm, nə fəqət Azərbaycanda, bəlkə ayrı türkzəban (türkdilli) həmvətənlərim həmin tour, onların da mouredidir, onları burdan oxuyuram ki, yadavər eliyəm və sizə deyəm ki , əgər inşallah, allah tofiq verdi, bəd əz 42 il ki, inqilabdan keçir, dobarədən diyare Səttar xandan, diyare Bağır xandan, diyare oləmaye əlame Azərbaycandan bir nəfər gəldi qabağa ki, bəndə olam, xidmətinizdə olam, inşalah, bunları icra eliyəm”.
- 55-də farsca davam etdi:
Azərbaycanın inkişaf və ticarətdə, hakimiyyətdə payını, tarixi mövqeyini milli səviyyədə özünə qaytarmaq, əqvamın hüququnu himayə etmək, xüsusən, Əsas Qanunun 15-ci maddəsində təsbit edilmiş ana dilində təhsil və tədris hüququnun rəsmən tanınması və ana sənayeni türk ostanlarına qaytarmaq, ölkənin şərq-qərb dəhlizini gücləndirmək, hörmətli prezident söz vermişdi ki, türk dili Akademiyası təsis edilsin, yalnız Fərhəng (mədəniyyət) fondu yaradıldı, bu iş o sözlə düz gəlmir.
Mədən məhsullarının xammal kimi satışının qarşısının alınması, Urmiya gölünə münasib büdcə ayrılması, türk ostanlarının ölkə idarəetmə və qərar qəbul etmə qurumlarında ciddi və təsirli formada iştirakı, türk ostanlarının milli sərmayəsinin qarətinin qarşısının alınması, işlərin səlahiyyəti çatmayan şəxslərə verilməsinin qarşısının alınması, Muğan kənd təsərrüfatı və sənaye kompleksi, maşınqayırma kimi yerlərdə, həmçinim söz verildiyi kimi, bir sıra təsisatlarda, məsələn gömrük, sərhəd terminalları, ortaq bazarçalarda, azad zonalarda yerli kadrlardan istifadə”.
Son sözlər: “Allah sizi saxlasın. Hamınızı allaha tapşırıram”.
M.Mehrəlizadənin yuxarıda irəli sürdüyü proqramın əsas müddəalarını belə xülasə etmək olar:
– Etnoslara təhlükə mənbəyi kimi baxışın etnik ostanların inkişafına mane olması;
– Azərbaycanın və bütün türklər yaşayan ərazilərin inkişafının təmin edilməsi;
– Azərbaycan və digər türk rayonlarında idarəetmədə yerli əhalinin iştirakının təmin edilməsi;
Türk dili Akademiyasının yaradılması;
Ana dilinin tədrisi və ana dilində təhsil və tədrisin rəsmən tanınmasına nail olunması;
Türk elitasının ölkənin makroidarəetmə qurumlarında iştirakı.
M.Mehrəlizadə öz qısa çıxışında Azərbaycan və digər türk rayonlarda mövcud olan, demək olar ki, bütün iqtisadi, sosial, milli münasibətlərlə bağlı, həmçinin sırf etno-mədəni problemləri qeyd etmiş və onların aradan qaldırılması yollarını göstərmişdir.
İran siyasi sistemində müxtəlif illərdə müxtəlif sahələrdə ən yüksək vəzifələrdə çalışmış, əsas fəaliyyət sahəsi iqtisadiyyat olan Möhsün Mehrəlizadə hakim elitanin siyasətçi-texnokrat və islahatçı nümayəndəsi kimi İranda siyasi, iqtisadi prosesləri, onların farsların hakim millətçilik məqsədlərinə tabe edilməsi siyasətini daxildən çox yaxşı bilirdi. Ona görə millətçiliyin müxtəlif sahələrdə təzahürləri və Azərbaycan və azərbaycanlılar-türklər üçün verdiyi acı nəticələrini yaranmış fürsətdən istifadə edərək İrana və azərbaycanlılara bəyan etmişdir. Həmin səviyyədə hakimiyyətin hakim, şovinist, millətçilik siyasətinin açıq şəkildə ifşa edilməsi, yəqin ki, birinci dəfə baş verirdi.
İran saytlarında prezidentliyə namizədlərin seçki qabağı təbliğat kampaniyası haqqında məlumat və hesabatlar dərc edilirdi. Aşağıda mövzu baxımından diqqəti çəkən fikirlər qeyd edilir.
Yuxarıda prezidentliyə namizədlərin də qeyd etdiyi kimi, İranın daxili siyasətinin əsas istiqamətlərindən biri etnik birliklər və onların məskun olduqları ostanların mərkəzi hakimiyyət üçün təhdid təşkil etməsi əsasında tənzimlənməsidir.
Mərkəzi hakimiyyət etnik ostanlar və şəhristanlarda inzibati-idarə sistemini gəlmə kadrlarla formalaşdırsa da, Əsas qanun bələdiyyələrə seçkilərə müdaxilə etməsinə imkan vermədiyindən həmin səviyyədə etnik amil ön plana çıxır. Odur ki, hakim millətçilik siyasəti yerlərdə etnik/tayfa/qəbilə millətçiliyinin güclənməsinə şərait yaradır. Bu da özünü prezidentliyə namizədlərin çoxunun da tərəfdarı olduğu tələb, yəni yerli idarəetmə orqanlarında yerli, etnik kadrların iştirakının təmin edilməsi tələbi kimi özünü göstərir.
Eyni zamanda mərkəzi hakimiyyətin prezident seçkilərində etnik amilin təsirini tamamilə neytrallaşdıra bilməsini onun böyük “uğuru” hesab etmək olar.
Bunu ilk növbədə prezidentliyə əsas namizəd İ.Rəisiyə türk dilli ostanlarda göstərilən münasibət də aydın göstərir.
Maraqlıdır ki, prezidentliyə namizədlər koronavirus epidemiyası səbəbindən təbliğat kampaniyası aparmaq üçün cəmi bir-iki ostana səfər etmişlər.
Prezidentliyə əsas namizəd İ.Rəisi Tehran ostanının bəzi şəhristanları nəzərə alınmasa yalnız iki ostana – milli məsələ baxımından həssas hesab edilən Xuzistan və Şərqi Azərbaycan ostanlarına səfər etmişdir.
Qeyri-rəsmi, sosial şəbəkələrdə yayılan məlumatlara görə Xuzistanda İ.Rəisinin seçicilərlə görüşünü pozmağa cəhd olmuşdur, lakin Şərqi Azərbaycanda ona izdihamlı qarşılama və görüş təşkil edilmişdir.
“Anaj” saytı 26.03.1400/16.06.2021-ci il tarixində seçki təbliğatı üçün ayrılmış müddətin sonuncu günü İ.Rəisinin Şərqi Azərbaycana gəlişi haqqında geniş hesabat yaymışdır: Yazı “İ.Rəisi Şərqi Azərbaycanda” rubrikasında: “Ölkəyə etimadı qaytaracağam, aşağı dəhəklər üçün xüsusi mənzil proqramı” adı ilə verilmişdir.
Aşağıda saytın hazırladığı hesabatdan bəzi parçaların tərcüməsi verilir.
Rəisi: “Salam Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və bütün türkdillilər”
Salam Azərbaycan şəhidləri, ayətullah Mədəni, Qazi, elm və mərifət böyüklərinə salam, Səttar və Bağır xana salam, Azərbaycanın mübariz qadınlarına salam, Aşura sepahının şəhidləri və döyüşçülərinə salam. Rəhbər deyib “Azərbaycan İranın başıdır”.
“Azərbaycanın qiymətli mirası – Azərbaycan incəsənəti, dili və mədəniyyəti qorunmalıdır, siz baxın, Azərbaycan ədəbiyyatı əhli-beyti tərif etməkdə nələr edib, belə ki, bütün FARSLAR və bütün əqvam eşitsələr ki, haradasa azərbaycanlıların məclisi var, ola bilər ki, dili yaxşı başa düşməsinlər, orada iştirak edəcəklər”.
Rəisinin çıxışına Şərqi Azərbaycanın cavabı isə belə oldu.
“Azərbaycan bir kəlam-Rəisi vəssalam”!
Şərqi Azərbaycan bütün Azərbaycan adından prezidentliyə əsas namizəd olan mühafizəkar İ.Rəisiyə dəstək elan etdi.
Burada diqqəti cəlb edən cəhət prezidentliyə namizədin Azərbaycan dili və mədəniyyətinin vəziyyətinin son dərəcə acınacaqlı olmasını vurğulamasıdır. Yəni Azərbaycan dili və mədəniyyəti bir çox azsaylı etnosların dili kimi məhv olmaq vəziyyətindədir və qorunmasına ehtiyac var.
Prezidentliyə namizədin həmin fikri ifadə etməsi milli münasibətlər sahəsində fars hakim millətçi siyasətin Azərbaycan xalqına qarşı yeritdiyi etnosid tədbirlərinin verdiyi nəticələrin etiraf edilməsi hesab olunmalıdır. İndi, prezidentliyə namizədin fikrincə, söhbət Azərbaycan dilinin funksiyalarının bərpası, genişləndirilməsi və yüksəldilməsindən yox, məhv olmaqdan qorunmasından gedə bilər. Prezidentliyə namizəd Azərbaycan dili və mədəniyyətinin qorunması sahəsində hansı tədbirlərin görülməsi haqqında heç nə deməmişdir.
Göründüyü kimi, Milli məsələ prezidentliyə namizədlərin öz proqramlarını şərh etdikləri teledebat zamanı, bəzi istisnalar nəzərə alınmasa, demək olar ki, yada düşməmişdir. Həmin məsələ azərbaycanlı, islahatçı namizədlər Ə.N.Himməti (Şərqi Azərbaycan) və M.Mehrəlizadənin (Qərbi və Şərqi Azərbaycan) ostan telekanallarında çıxışları zamanı bu və ya digər şəkildə öz əksini tapmışdır. İslahatçı namizədlər ümumiyyətlə milli məsələdən deyil, Azərbaycan və azərbaycanlılar-türklər məsələsindən danışmışlar. Bu baxımdan M.Mehrəlizadənin yuxarıda tam mətni verilmiş çıxışı xüsusi diqqətə layiqdir.
M.Mehrəlizadənin çıxışında Azərbaycan və azərbaycanlılara/türklərə qarşı yeridilmiş hakim millətçilik siyasətinin bütün sahələrdə mənfi nəticələri və onların islah edilməsinin bir sıra vacib üsulları öz əksini tapmışdır.
M.Mehrəlizadənin Azərbaycan məsələsindən danışması ilk baxışda naqis, yarımçıq və təəssübkeşlik kimi qiymətləndirilə bilər. Lakin daha dəqiq yanaşılsa, görmək olar ki, hakim elitanın bəzi azərbaycanlı islahatçı nümayəndələri İranda Azərbaycan məsələsinin mövcudluğunu vurğulasa da, elitanın əksəriyyəti, xüsusən də mühafizəkar hissəsi üçün İranda milli məsələ adlı siyasi, xüsusən də etnik-mədəni bir məsələ yoxdur.
Başqa sözlə, İranda mövcud olan digər milli/etnik və etnik/dini azlıqlar, yəni az saylı sünni türkmənlər, bəluclar, kürdlər və ərəblər ölkənin ictimai-siyasi həyatında elə bir ciddi rol oynamadığından onların milli tələblərinə əhəmiyyət verməmək olar. İrandilli bəzi etnik birliklərin, o cümlədən əsasən lorların və şiə kürdlərin, milli məsələdən danışması isə, xüsusən etnik-mədəni baxımdan, ciddi təsir bağışlamırdı və bağışlamır. Onlar daha çox regionun iqtisadi vəziyyətindən müəyyən narazılıq ifadə edirlər.
Məhz buna görə hakimiyyət əsas diqqətini Cənubi Azərbaycana yönəldərək, azərbaycanlıların şiə məzhəbinə mənsub olmasından istifadə edərək, onların milli/etnik hüquqlar uğrunda mübarizəsinin əsas amili olan ana dilinə-Azərbaycan/türk dilinə qarşı hərtərəfli təzyiq göstərərək, etnosid və linqvosid siyasəti yeridirlər. Qeyd edilməlidir ki, son yüz ildə həmin sahədə müəyyən “naliyyətlər”ə – savadlı təbəqənin ikidilliliyinə nail olunmuşdur.
Milli məsələnin mövcud sistem daxilində bu və ya digər şəkildə həlli islahatçılıqla birbaşa əlaqədədir. İslahat cəbhəsinin İcra hakimiyyətinə başçılıq etdiyi illərdə azərbaycanlıların milli/etnik-mədəni həyatının canlanması üçün müəyyən şərait yaranırdı. İslahatçılıqdan uzaqlaşmaq milli məsələnin həllinə biganəliklə düz mütənasibdir.
Deyilənləri Azərbaycan ostanlarında səsvermənin nəticələri aydın şəkildə təsdiq edirdi.
- PREZİDENT SEÇKİSİ ZAMANI AZƏRBAYCANLI SEÇİCİLƏRİN SƏSVERMƏ DAVRANIŞI
Səsvermə günündən əvvəl, İslahat cəbhəsinin müdafiə etmədiyi azərbaycanlı islahatçı namizədlər seçicilərin səslərinin namizədlər arasında bölünməsinə yol verməmək üçün artıq bir dəfə prezident seçkilərində uğursuzluğa düçar olmuş M.Mehrəlizadə öz namizədliyini Ə.M.Himmətinin xeyrinə geri götürdü. Ona görə seçkidə dörd mühafizəkara qarşı bir islahatçı – Ə.M.Himməti mübarizəni davam etdirməli oldu.
Aşağıda Azərbaycan ostanları (Şərqi, Qərbi, Ərdəbil və Zəncan), həmçinin Azərbaycan hesab edilən digər ostanlarda Həmədandan olan prezidentliyə azərbaycanlı, islahatçı namizəd olan Əbdül Nasir Himmətiyə verilən səslərin miqdarı öz əksini tapmışdır.
Həmin səsləri həm islahatçılığın, həm də milli təəssübkeşliyin göstəricisi kimi dəyərləndirmək olar.
1.Şərqi Azərbaycan
– səs verənlərin sayı – 1338000 nəfər
– səsvermə hüququ olanların iştirakı – 44%
– Himmətiyə səs verənlərin sayı -173653 nəfər
– səs verənlərin sayına nisbəti faizlə – 12%.
Prezidentliyə lor etnosundan olan mühafizəkar namizəd M. Rezaiyə say etibarı ilə Ə.N.Himmətidən cəmi 20 min az səs verilmişdir -153708 nəfər
Prezidentliyə əsas namizəd İ.Rəisi nəzərə alınmasa, demək olar ki, Şərqi Azərbaycanda prezidentliyə namizədin nə siyasi mənsubiyyəti, nə də Azərbaycan etnosunu təmsil etməsinin heç bir əhəmiyyəti olmamışdı.
- Qərbi Azərbaycan : 1122652 səs – 46.3%
II yerdə Ə.N. HİMMƏTİ:187872 səs – 16%
Qərbi Azərbaycanda Şərqi Azərbaycana nisbətən səsvermə hüququ olan şəxslərin sayı (əhali sayına uyğun olaraq) az olmasına baxmayaraq Ə.M.Himmətiyə daha çox seçici səs verilmişdi.
Fərq az osa da (15min səs) Qərbi azərbaycanlıların daha islahatçı və milli təəssübkeş olduğunu göstərir.
3.Ərdəbil: 542926 səs – 54.3%
II HİMMƏTİ: 88198 səs – 16%
Rezai: 54152 nəfər, Qazızadə: 20300 səs
Nisbət (%) nəzərə alınarsa, Ərdəbil ostanı Ə.M. Himmətiyə səsvermədə
Qərbi Azərbaycanla bir sırada duraraq Şərqi Azərbaycanı üstəliyir.
4.Zəncan: 430059 səs – 54%
III yer Ə.M. Himməti: 38391 səs – 9%-ə qədər
II yer M.Rezai – 45671 səs.
Əgər Ə.N.Himmətiyə verilən səslərin sayından çıxış etsək, deyə bilərik ki, mühafizəkarlıq, xüsusən də dindarlığı ilə nəinki İranda, hətta regionda və bəlkə də bütün dünyada məşhur olan Zəncanın islahatçılıqdan uzaq qalması təbii görünür. Milli təəssübkeşlikdən məhrum olması isə təəccüb doğurur və bu barədə düşünməyi tələb edir.
Beləlilklə, Azərbaycan ostanlarında islahatçılıq və milli təəssübkeşliyin son dərəcə zəif olduğunu vurğulamaq olar. Belə olan halda Azərbaycan hesab edilən digər ostanlardan nə gözləmək olar.
Azərbaycan ostanlarında Ə.M.Himmətiyə islahatçılıq və ya milli kimlik əsasnda səs verildiyi haqqında fikir söyləmək çətin olsa da, Zəncanın nümunəsi göstərir ki, əsas meyar islahatçılıq olmuşdur. Bunu Ə.N.Himmətinin doğma ostanı olan Həmədan ostanı seçicilərinin davranışı da təsdiq edir.
5.Həmədan: 650420 səs – 45.6%
II HİMMƏTİ-62939 səs,10%-dən az
III Rezai-53000 səs
Himməti ilə üçüncü yerdə qərar tutmuş mühafizəkar namizəd olan Rezai arasında fərq cəmi 9 min təşkil edir.
Həmədanda əhalinin yarısından çoxunu türklər təşkil etdiyindən onların davranışı haqqında dəqiq fikir söyləmək çətin olsa da, bir şeyi dəqiq demək olar ki, həmin ostanda nəinki milli təəssübkeşlikdən, hətta yerliçilikdən belə əsər əlamət görünməmişdir. Ona görə Həmədanda Rəisinin qələbəsinin BAYRAM edildiyi xəbəri təəccüb doğurmamalıdır.
Yalnız iki Azərbaycan ostanında Ə.N.Himmətiyə 100 mindən çox səs verilmişdir. Daha beş, lakin qeyri türk ostanı, adı çəkilən namizədə 100 mindən çox səs vermişdir.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Ə.N.Himmətiyə əsasən islahatçı təbəqənin cüzi bir hissəsi səs vermişdir. Bu da İslahat cəbhəsinin İran İslam Respublikası siyasi sisteminin ayrılmaz tərkib hissəsi olması, onun yazılmamış qaydaya əməl edərək icra hakimiyyətini növbədə gözləyən mühafizəkar cəbhəyə ötürməsi və dövlətdə və cəmiyyətdə gərginlik yaratmamaqla öz varlığı və mövqeyini qorumaq və öz növbəsini gözləmək ənənəsi ilə izah edilə bilərdi.
Səsvermənin nəticələri onu da aydın şəkildə göstərdi ki, İranda seçicilərin cüzi bir hissəsini islahatçılar təşkil edir. Həmin seçicilər “təşkil olunmadan”, şəraitə görə oriyentasiyasını dəyişməyən, konyukturanın təsirinə düşməyən, xarizmatik lider arxasınca getməyən, necə deyərlər, başdan –ayağa, həqiqi islahatçılardır.
Ölkədə həqiqi mühafizəkarlar da yəqin ki, kəmiyyət baxımından həqiqi islahatçılardan o qədər də üstün olmamalıdırlar. Onların sayının hər dəfə prezident seçkilərində kəskin nisbət fərqi əsas kütlə olan orta təbəqələrin qeyri-sabit iqtisadi və sosial durumundan irəli gələn mənəvi keyfiyyətləri və ideoloji mövqeləri ilə bağlıdır. Yəni iqtisadi vəziyyətin pisləşməsi nəticəsində sosial vəziyyəti ağırlaşan orta təbəqə mühafizəkarlıq, iqtisadi vəziyyətin düzəlməsi nəticəsində sosial vəziyyəti yaxşılaşan orta təbəqə islahatçılıq mövqeyndə durur. Həsən Ruhaninin 2013-cü ildə İranın son dərəcə ağır beynəlxalq vəziyyəti şəraitinədə prezident seçilməsi nəzərə alınmasa bir qayda olaraq mühafizəkarlar sosial-iqtisadi vəziyyət ağırlaşanda, islahatçılar isə yaxşılaşanda parlament və prezident seçkilərində qalib gəlirlər.
Deyilənlər Cənubi Azərbaycan və cənubi azərbaycanlıların seçki davranışı üçün də doğrudur.
Davamı növbəti sayda
Vidadi Mustafayev,
24 sentyabr 2021
Şərhlər bağlıdır.