VİDADİ MUSTAFAYEV YAZIR:

RƏHBƏR CƏNUBİ AZƏRBAYCANLILARIN YADINA SALIR Kİ, AZADLIĞIN BİR YOLU VAR

Artıq uzun zamandır ki, 29 bəhmən 1356 /18 fevral 1978-сi ildə şah rejiminin fəqərə sütünunu sındıran Təbriz üsyanının ildönümü günü münasibətilə hər il Təbrizdən bir qrup “inqilabçı” Tehrana gəlib Rəhbərlə görüşür, onun Azərbaycan və Təbriz, eləcə də bu diyarın əhalisi haqqında təriflərini eşitmək istəyirlər.

Bu il (2021) korona virus pandemiyası səbəbindən Şərqi Azərbaycanın “partiya və təsərrüfat aktivi” (fəalları) Tehrana gedə bilməmiş, lakin görüş baş tutmuşdur. Zamanın tələbinə uyğun olaraq görüş onlayn formatında keçirilmişdir. Əvvəlcə Rəhbərin Şərqi Azərbaycan ostanında nümayəndəsi, Təbriz imam cüməsi hüccətülislam və eyni zamanda doktor Al Haşım hesabat xarakterli qısa çıxış etmiş, sonra Rəhbər Azərbaycan, Təbriz və onun əhalisi haqqında qiymətli sözlər demişdir. Rəhbər də o cümlədən demişdir:

“Əziz Təbriz və Azərbaycan  xalqı, sizi salamlayıram. Bu şəhər  və bu  region yalnız 29 bəhmənlə fəxr etmir, onların  iftixar etməyə çox əsasları vardır. Bunlardan biri elita yetişdirməsidir. Azərbaycan regionu, xüsusən Təbriz  elm, incəsənət və siyasət sahəsində elita yetişdirən bir bölgədir. Elm sahəsi dedikdə, həm dini, həm də təbiət elmlərini nəzərdə tuturam. Son 150 ildəki dövrü, yəni bundan əvvəlki dövrü mən o qədər də yaxşı araşdırmamışam,

Bu bölgə böyük fəqihlər, böyük alimlər, ilahiyyatçılar, təbiətşünaslar  yetirmiş və həqiqətən də elita yetişdirən  bir bölgədir. Beləliklə, Azərbaycanın elm, incəsənət sahəsində yetişdirdiyi elitanın sırasında Təbriz şairlərinin, Təbriz  sənətkarlarının, müxtəlif  sənətkarlıq nümunəsi olaraq mərhum Şəhriyarın (Allah ona rəhmət eləsin) adını  çəkirlər və mən də onun adını çəkirəm, çünki mən də buna inanıram, amma o yeganə deyildi; Təbrizdə farsca və ya türkcə şeir yazan bir çox şair var idi. Siyasətdə də Azərbaycan keçmişdə və bu gün görkəmli şəxsiyyətlər təqdim edib. Bu səbəbdən bu  bölgənin xüsusiyyətlərindən biri onun elita yetişdirməsidir və onun bu xüsusiyyəti   qorunub saxlanılmalıdır.

Digər bir məqam isə ölkənin tarixi və siyasi inkişafına yol açmaqdır. Son 200 ilə, xüsusilə son 150 ilə nəzər saldıqda, görürük ki, Azərbaycan yeni hərakatların yaradıcısı olmuşdur. Mərhum Mirzə Şirazi təmbəkinin boykot eilməsi barədə fətva verəndə mərhum müctəhid Hacı Mirzə Cavad bu məntəqədə mühüm təsirə malik idi. Mirzə Şirazi Samirada idi. İran ruhaniləri, o cümlədən Mirzə Cavad fəal olmasa idilər, fətva bütün ölkəni əhatə etməz və lazımi nəticəni verməzdi.

Məşrutə inqilabı zamanı da belə idi… Deməli, ölkənin tarixi və siyasi inkişafında bu məntəqə, xüsusən Təbriz şəhəri və bütövlükdə Azərbaycan, yaradıcı/cərəyansaz ruhiyyəyə malik idi.

Digər bir məqam ondan ibarət idi ki, Azərbaycan yadellilərin İrana hücumu qarşısında möhkəm qala idi, biz təcavüzkar qonşuların, yəni istər çar Rusiyası, istər keçmiş Osmanlı, istər Sovet İttifaqı olsun, daim onların hücumları ilə üzləşmişik. Əgər Azərbaycan olmasayadı,Təbriz olmasaydı, əgər müqavimət göstərilməsə idi, canfəşanlıq edilməsə idi, həmin hücumlar ölkənin mərkəzi rayonlarına qədər uzanardı. Azərbaycan möhkəm səd və qala olub daim həmin hücumları geri oturdub, qarşısını almışdır.

Çox mühüm bir cəhət də ondan ibarətdir ki, Təbriz və Azərbaycan regionunun kimliyinin iki sabit və daimi  xüsusiyyəti vardır; biri İslama və İslam dininə  dərin bağlılıq, digəri  İrana münasibətdə  güclü qeyrət  və dəstək hissi. Bu iki xüsusiyyət müxtəlif dövrlərdə Azərbaycanda həmişə olubdur… Azərbaycanlılar dəfələrlə  İranın müxtəlif hissələrini ondan qoparmağa çalışan əcnəbilərin təxribatlarına qarşı, eləcə də bu məntəqədəki separatçılara qarşı durmuşlar və ölkənin  bütövlüyünü qorumuşlar.

Başqa bir cəhət isə şəxsiyyətlərin mühüm rol oynamasıdır. Bu regionda  ölkənin  bütün məsələlərində rol oynyan şəxsiyyətlər çoxdur.

Ərz etdiyim kimi, tənbəki macərasında mərhum  Hacı Mirzə Cavad, Məşrutə  hadisəsinin əvvəllərində  Səttarxan və Bağırxan (Bağır xan mənim atamla bir məhəllədə qalırdı, atam Bağırxanı Xiyaban məhəlləsində görmüşdü), sonra başqa bir zaman kəsiyində ruslar Təbrizə daxil olanda,  orada qalanda, mərhum Siqqətülislam və digər böyük üləmalar  mübarizə apardılar, şəhadətə yetişdilər. Sonrakı başqa bir zamanda Şeyx Məhəmməd Xiyabani və Mirzə İsmayıl Noubəri hərəkatında onlar (azərbaycanlılar nəzərdə tutulur -V.M.) meydana daxil oldular, işlər gördülər və hərəkat Xiyabaninin şəhaditi ilə başa çatdı. İnqilab məsələsində, inqilabın hazırlıq məsələlərindəki ilk günlərdə, əslində elə ilk gündən, yəni 1342/1963-cü ildə hərəkat başlayandan bütün ölkədə həbs olunan üləmalardan 3-ü Təbrizin məşhur üləmalarından idilər. Sonra da inqilabdan əvvəlki   günlər və vaxtlarda baş verən müxtəlif hadisələrdə də mərhum Qazinin  və başqalarının hərəkətləri, sonra inqilab günlərində  şəhid Mədəni və şəhid Qazi, Müqəddəs müdafiədə (İran–İraq müharibəsində) şəhid Bakeri və onun kimilər, onlarla digər görkəmli şəxsiyyətlər mühüm rol oynayan və unudulmaz şəxsiyyətlərdirlər. Mən ərz edirəm ki, bu iftixar dolu tarixin unudulmasına yol vermək olmaz, bu tarixi qorumaq lazımdır.

Şübhəsiz ki, Azərbaycan tarixi barədə düzgün məlumat verilmədən (düzgün yazmadan – təsvir etmədən), İran tarixinə dair hər hansı bir məlumat yarımçıq və natamam olacaq (İran tarixinin təsviri yarımçıq olacaq). Azərbaycan məsələlərinin düzgün rəvayətini bu işin peşəkarları, ona bağlı olanlarmetməlidirlər. Bunlar Azərbaycan və Təbriz haqqında bir neçə qısa cümlə idi.

Təbrizdə 29 bəhmən hadisəsindən sonra İmam müraciət etdi. İmam həmin müraciətində əziz Azərbaycan xalqının üç özəlliyini qeyd etdi. ”Əziz” sözü də İmamın öz sözüdür. O demişdi, “əziz Azərbaycan xalqı”. Onun qeyd etdiyi 3 özəllik – “cəsarət”,  “qeyrət” və “dindarlıq” idi. Həqiqətən bu üç özəllik  hər hansı bir insan toplumunu qiymətləndirmək üçün və həmin toplumun göstərdiyi  fəaliyyət və səylərini dəyərləndirmək üçün mühüm göstəricilərdir. Yəni şücaət öz yerində, qeyrət öz yerində, dindarlıq da həmçinin.

29 Bəhmən qiyamı vacib bir məqamdır və mənim fikrimcə, ona diqqət etmək gərəkdir. İnsanlar 19 dey (9 yanvar 1978) Qum hadisələrini görmüşdülər, yəni bilirdilər ki, rejim hansı  vəhşilikə meydana daxil olacaq və insanları qətliam edəcək. Bunu görmüşdülər, rejim də fikirləşirdi ki, Qum hadisəsindən sonra artıq İran xalqının gözünün odunu almışdır, artıq heç kim meydana çıxmağa cürət etməyəcəkdir. Belə bir şəraitdə Təbriz xalqı Qumdakı toplumdan  bir neçə dəfə çox sayla meydana çıxdılar və bununla da 40 mərasimi keçirmək  təşəbbüsü ilə çıxış etdilər. Bundan sonra 40 mərasimləri silsiləsi başlandı və o, böyük hərəkatla başa çatdı. Bütün bunların təşəbbüskarı Təbriz idi. Yəni Təbriz əhalisi 40 mərasimi keçirməyin təşəbbüskarı idi. Bundan əvvəl şəhid olanların 40 mərasimini keçirdilər. Bu, onların şücaəti/cəsarəti idi, qeyrəti idi, imanları idi ki, onları meydana gətirdi və bu böyük hadisə baş verdi. Mən inanıram ki, əgər 29 Bəhməndə təbrizlilərin əfsanəvi hərəkatı baş verməsəydi, Qum əhalisinin 19 dey (9 yanvar) qanlı hadisəsi tək qalardı və tədricən unudula bilərdi, həmin zamanlar tədricən unudulmaqda olan 1342-ci ilin 15 xordad (5 iyun 1963-cü il) hadisəsi kimi. Əlbəttə, inqiabdan sonra bu hadisə dirildildi/xatırlandı, amma inqialbdan əvvəl yavaş-yavaş xalqın yaddaşından çıxırdı, xalq artıq unutmuşdu ki,  1342-ci ilin 15 xordad (1963-cü ilin 5 iyun) günündə Tehranda, Qumda, Vəramində və başqa yerlərdə  nə baş vermişdi. Əgər təbrizlilər meydana çıxmasaydılar, 19 dey (9 yanvar) Qum hadisəlıri də həmin taleyi yaşaya bilərdi. Xalq gəldi və 29 Bəhmən dastanını yaratdı,  Qum dastanını  diriltdi və hərəkatın  damarlarında qanı hərəkətə gətirdi.

Həmin o üç xüsusiyyət, yəni CƏSARƏT, QEYRƏT  və DİNDARLIQ həm inqilab günləri, həm də ondan sonra özünü göstərdi. İnqilabın əvvəllərində yad əllər separatizm arxasınca gedəndə Təbriz əhalisi həm meydana daxil oldu, həm müqəddəs müdafiə  (İran-İraq müharibəsi V.M.) zamanı Aşura qoşunu (təbrizlilərdən ibarət qoşun nəzərdə tutulur – V.M.) həmin gün düşmənlə təmas xəttini yaran   şücaətli qoşunlardan biri idi. Unudulmaz şəxsiyyət olan şəhid Bakeri heç vaxt xatirələrdən silinməyəcək, onunla birlikdə olan dostları (mən də onu dəfələrlə görmüşdüm), onu tanıyanlar, onunla bir yerdə olanlar onun nuraniliyindən, mənəviyyatından, saflığından elə danışırlar ki, insan həqiqətən ona qibtə edir. Sonra “Xəlqe müsəlman” fitnəsində təbrizlilər özləri meydanda idilər, yəni həmin “Xəlqe müsəlman” fitnəsini törədənlər elə fikirləşirdilər ki, Təbriz və Azərbaycan üçün bir iş görmək istəyirlər. Fitnənin qarşısında duranlar da təbrizlilərin özlər idilər və onlar bu işə yol vermədilər. İmam bunu o zaman dedi, dedi ki, heç kim müdaxilə etmək istəmir, Təbriz əhalisinin  özü onların cavabını verəcək. Həmçinin sonrakı illərdə, 1388/2009-cu il  fitnəsində də təbrizlilər Tehrandan və bütün ölkədən bir gün tez meydana daxil oldular və həmin fitnəni neytrallaşdırdılar.

Düşmən qarşısnnda  millət öz kimliyini möhkəmləndirməlidir. Öz milli şəxsiyyətini, kimliyini və kimliyi təşkil edən ünsürləri möhkəmləndirməlidir, daxili gücünü artırmalıdır. Bu, qəti bir ehtiyacdır. Hər hansı bir hərəkata və millətə kimlik bəxş edən, güc verən nədir? Əvvəla güclü bir intellectual bazaya/təmələ malik olmaq… İnqilabdan sonra, müəyyən vaxtdan sonra yenidən əvvəlki qaydalara qayıdışın səbəbi möhkəm intellektual təməlin olmamasındadır. Xaricdə və daxildə də bəziləri onları təqlid edərək ideologiyasızlaşdırmadan danışırlar. Bunun mənası odur ki, hegemonluq etmək istəyən qüvvələrin  əsas düşməni  İslamın əsası/fundamenti  olan həmin güclü intellectual bazadır. Həmin təməl İslamdan götürülüb.

Bunlar ideloji, intellektual sahəyə aid idi, lakin əməldə da bəzi işləri görmək lazımdır. Təkcə ideoloji baza kafi deyildir. Əməldə nə lazımdır? Əməldədə bunlar vacibdir: qorxmamaq, yorulmamaq, ümidsizliyə qapılmamaq, tənbəllik etməmək, bilməyərəkdən düşmənin alətinə çevrilməmək, ona kömək etməmək, lazım gələndə fədakarlığa hazır olmaq. Elə vəziyyət yarana bilər ki, hər şeyə hazır olmalı.

Canı fəda etmək bir ölkəni qara günün damğasından, rüsvayçılıqdan, rəzalətdən  qurtarır. Bir həyatı qurban vermək bir ölkəni rüsvayçılıqdan xilas edir. Müəyyən vaxtlarda  bəzən  fədəkarlıq, özünü qurban vermək lazım olur, lakin yuxarıda dediklərimi – Qorxmamaq, Yorulmamaq, Ümidsizliyə Qapılmamaq, Tənbəllik etməmək, düşmənin alətinə çevrilməmək, ona kömək etməmək,  bekarçılq və  fəaliyyətsizliyi həyatımızdan uzaq tutmalıyıq.

Tehranda və bir çox başqa şəhərlərdə  Bəhmən ayının 22-nə (11 fevral 1979)  qədərki  günlərdə belə idi; həqiqətən də camaatın qarşısında hərəkət edən İmam (Allah ona rəhmət etsin) var idi. İmam cəsur olmasaydı, imam qorxsaydı, imam məyus olsaydı, imam yorğun olsaydı, imam tənbəl olsaydı, belə əzəmətli  hadisə  baş verməzdi.  Nə vaxt mübarizə olsa, ilahi hidayəti də var. Yəni bu mübarizə baş verəndə, fədakarlıqdan yarananda, Uca Allah ondan ayrılmır

Bu yolda israr etsəniz, inadkar olsanız – inadkarlıq sapmamaq deməkdir – düzgün istiqamətdə hərəkət etsəniz, eyni düz yolda hərəkət etsəniz, şübhəsiz ki, həyat problemləri həll ediləcək, çətinliklər aradan qaldırılacaq, zəifliklər aradan qaldırılacaq”.

[Sonda Rəhbər dua edir ki, Allah yar və  yardımçınız olsun və Allahdan Azərbaycana da  nemət, lütf, inayət istəyir, Azərbaycanın  paniranizm və panfarsizm ruhunda yeni sərhədini cızır, Zəncan ostanını ondan ayırır; “Təbriz əhaisi, Azərbaycan əhalisi – Şərqi, Qərbi Azərbaycan, Ərdəbil”] (Bax: https://farsi.khamenei.ir/speech-content?id=47366).

Göründüyü kimi, İran lideri Azərbaycan xalqının əsas ictimai, siyasi, etnopsixoloği keyfiyyətlərini, İranın son iki əsrlik tarixində oynadığı rəhbər, qabaqcıl və qətiyyətli rolunu ümumi, lakin  mövcud sistemin tələblərinə uyğun bir şəkildə təsviri və konseptual baxımdan  (İran və dindarlığa vurğu edilməklə) əsasən düzgün əks etdirmişdir.

Rəhbərin Azərbaycan və azərbaycanlılar,  həmçinin hər hansı bir ictimai hərəkatın uğur qazanmasının şərtləri haqqında dediyi doğru söz və fikirər, həmçinin konseptual mülahizələri diqqətlə nəzərdən keçirib Azərbaycan milli hərəkatına tətbiq etdikdə  milli hərəkatın  hazırki durumu haqqında  müəyyən mülahizələr irəli sürmək olar.

  1. Azərbaycan xalqının milli xarakterinin tarixən formalaşmış CƏSARƏT, MİLLİ QEYRƏT, MÜSTƏQİLLİK, həmçinin yenilikçilik, müasirlik məsələsində yorulmamazlıq komponentlərinə malik olması;
  2. Azərbaycan xalqının əsas ünsürləri kimi Azərbaycan və türk anlayışları olan tam formalaşmış milli kimliyə malik olması; başqa sözlə, öz kimliyini dərk edən və öz milli kimliyini daha yüksək səviyyədə təsbit etməyə hazır olan cəsur, qeyrətli, igid xalq mövcuddur.
  3. İstənilən ictimai hərəkat hamı tərəfindən qəbul olunmuş əsas ideya və ideologiyanın həyata keçirilməsi istiqamətində hərəkətlərdən ibarətdir. Bu cəhətdən Cənubi Azərbaycan milli hərəkatının  əsas nöqsanı ideya və ideologiyaların yoxluğu deyil, çoxluğudur. Bu da öz milli hüquqları uğrunda  mübarizə aparan qüvvələrin  parçalanmasına səbəb olur.
  4. Lider hər hansı bir xalqın, sosial birliyin tarixinin dönüş nöqtələrində meydana çıxan və şəraiti düzgün təhlil edən, qarşıda duran əsas məqsədi düzgün müəyyən edən, geniş kütləni öz arxasınca aparmağa qadir olan şəxsiyyətdir. Bütün böyük ictimai hərəkatlar, inqilablar yalnız  ideya və ideologiyaların  deyil, ilk növbədə liderin sayəsində qalib gəlmişdir. Deməli, istənilən ictimai hərəkatların uğuru birbaşa liderdən asılıdır. Həmin baxımdan milli  hərəkata nəzər salanda məlum olur ki, onun ən zəif nöqtəsi həmin liderin olmamasıdır. Liderin meydana gəlməsi üçün bütün milli  qüvvələr öz ideya və ideologiyalarına uyğun olaraq milli hüquqlar uğrunda  davamlı  mübarizə aparmalıdırlar.

Başqa sözlə, Cənubi  Azərbaycanın  milli elitası  hələlik xalqa  rəhbərlik edə biləcək vahid ideya və vahid lider yarada bilməmişdir. Deməli, əsas məsələ xalqın layiq olduğu statusu əldə etmək üçün apardığı mübarizənin istiqamət və hədəflərini göstərən kompleks ideya və ideyanın, həmçinin həmin ideyanın  həyata keçirməsinə rəhbərlik etməyə  qadir olan Liderin formalaşmasıdır. Bütün ilkin şərtlər mövcud olduğundan sonuncu məsələnin tezliklə həllinə ümid etmək olar.

Tərcümə, kursiv və əlavələr Vidadi Mustafayevindir.

20 oktyabr 2021/28 mehr 1400

Şərhlər bağlıdır.