Son aylar İran mediasının və ictimai şəbəkə istifadəçilərinin diqqət mərkəzində olan və müxtəlif cəhətlərdən müzakirə edilən mövzulardan biri də ölkə prezidenti İbrahim Rəisinin öz çıxışlarında buraxdığı səhvlər məsələsidir. Prezident kimi fəaliyyətdə olduğu cəmi üç ay ərzində Ayətullah Rəisi istər daxili, istərsə də beynəlxalq auditoriya qarşısındakı çıxışlarında, eləcə də telekanallara verdiyi müsahibələrində elə kobud səhvlər buraxıb ki, bunlar onun ümumi savadsızlığına və məhdud dünyagörüşünə dəlalət etməklə, ölkə ictimaiyyətinin gündəminə çevrilib.
İbrahim Rəisinin təhsil səviyyəsi məsələsi hələ bu ilin iyun ayında keçirilən prezident seçkilərində onun rəqibi Möhsün Mehrəlizadə tərəfindən ortaya atılmışdı. Prezidentliyə namizədlərin ilk televiziya debatında və ya münazirəsində Mehrəlizadə Rəisiyə müraciətlə demişdi: “Siz klassik meyarlar baxımından altı sinif savada maliksiniz, bu savadla iqtisadiyyatı idarə etmək olmaz”. Daha sonra o, Rəisinin dini təhsil aldığını xatırladaraq əlavə etmişdi: “Əlbəttə, mən cənabınızın hövzə təhsilinə hörmətlə yanaşıram, amma bu, ölkəni idarə etmək üçün kifayət deyil”.
Mehrəlizadənin bu iddiasına cavab olaraq, həmin vaxt Rəisinin seçki qərargahı onun Şəhid Mütəhhəri Universitetindən aldığı fiqh və xüsusi hüquq sahəsində doktorluq diplomunun şəklini yaydı. Lakin bu fakt bir sıra yeni suallara da yol açdı. Belə ki, doktorantura təhsilini başa vurduğu 2013-cü ildə Rəisi on ilə yaxın idi ki, İran Məhkəmə Hakimiyyəti sədrinin birinci müavini vəzifəsini tuturdu və onun belə mühüm dövlət vəzifəsində çalışmaqla əyani doktoranturada oxumağı necə birləşdirdiyi müəmma olaraq qaldı, çünki fiziki baxımdan bunu edə bilsə də, İran qanunları baxımından bu, mümkünsüz bir işdir. Görünür, bu işdə ya Rəisi öz yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ya da Şəhid Mütəhhəri Universiteti Himayədarlar Şurasının üzvü olan qaynatası Ayətullah Əhməd Ələmolhoda ona yardımçı olmuşdu. Hər halda 19 yaşından etibarən ölkənin məhkəmə-hüquq və ya qəzayi sistemində müxtəlif önəmli postlar tutmuş Rəisinin hövzə və universitet təhsilini necə aldığı barədə müzakirələr səngimək bilmədi. Amma prezident seçildikdən və İran hökumətinin başçısı kimi fəaliyyətə başladıqdan sonra Rəisinin etdiyi çıxışlar onun intellektual və düşüncə səviyyəsini, eləcə də dünyagörüşünü istənilən sənəddən daha aydın nümayiş etdirdi.
Məsələn, jurnalistlərə verdiyi açıqlamada o, “propaqanda”, yəni təbliğat sözünü əcaib bir şəkildə tələffüz edir. Yaxud iki televiziya müsahibəsində “lokomotiv” sözünü “lokomotir” şəklində işlədir. Rəsmi bir iclasda etdiyi çıxışda isə “meqavat” sözünü “meqavamat” kimi söyləyir.
Yaxşı, deyək ki, bu əcnəbi sözlər və terminlər Ayətullahın dilinə yatmır. Amma iş burasındadır ki, o, ana dili olan fars dilinin bəzi sözlərini də yanlış tələffüz edir. Məsələn, İran dövlət televiziyasına müsahibəsində o, fars dilindəki “loknət”, yəni kəkələmək sözünü iki dəfə ardıcıl “leknət” şəklində deyib. Yaxud bu ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində etdiyi çıxışda fars dilində “biotexnologiya” mənasını verən “zistfənnavəri” sözünü “zist-e fənnavəri” kimi tələffüz edərək mənanı təhrif edib, Aralıq dənizini bildirən “Mediterane” sözünü də “Məditərane” kimi dilə gətirib.
Oktyabr ayında Tehranda keçirilən 35-ci Beynəlxalq İslam Vəhdəti Konfransının açılış mərasimindəki çıxışı zamanı İran prezidenti rüsvayçılıq sayıla biləcək daha kobud bir səhvə yol verdi. O, 2013-cü ildə Dəməşqdə terror hücumu nəticəsində həlak olmuş məşhur ilahiyyatçı Şeyx Butinin adını “Şeyx Tuti” kimi dilə gətirdi, “Tuti” isə, məlum olduğu kimi, fars dilində tutuquşu deməkdir. Rəisinin bu səhvi mediada və ictimai şəbəkələrdə geniş reaksiyalar doğurdu.
Amma məsələ bununla da bitmədi. Bir neçə gün əvvəl Ərdəbil əyalətinə səfəri zamanı İbrahim Rəisi onun dini savadını da ciddi şübhə altına alan bir səhvə yol verdi. Əyalət ictimaiyyəti qarşısında çıxışı zamanı o, Ərdəbildən çıxmış böyük və insanlara nümunə olan şəxsiyyətlər kimi Mühəqqiq Ərdəbili və Müqəddəs Ərdəbilinin adını çəkdi və əslində bir adamı iki fərqli adam kimi təqdim etmiş oldu. Tarixdən az-çox xəbəri olan bilir ki, Mühəqqiq Ərdəbili və ya Müqəddəs Ərdəbili dedikdə, XVI əsrdə yaşamış və Nəcəfdə dəfn olunmuş məşhur şiə mərcəsi Ayətullahül-üzma Əhməd ibn Məhəmməd Ərdəbili nəzərdə tutulur, yəni bu iki ad zamanında böyük nüfuz sahibi olmuş ruhaninin ləqəbləridir və hazırda Ayətullah titulu daşıyan İbrahim Rəisinin önəmli bir müctəhid haqqında dürüst biliyə sahib olmaması, doğrudan da, heyrətamizdir və bağışlanmaz bir səhvdir.
Elə buna görə də İran mətbuatı bu məsələyə geniş reaksiya verdi. Məsələn, nüfuzlu “Əlef” və “Əsr-İran” saytları birmənalı olaraq prezidentin Ərdəbildə səhvə yol verdiyini yazdılar. Belə olduqda, Rəisi ilə görüşdə iştirak edən Ərdəbilin imam-cüməsi, Ayətullah Seyid Həsən Amili, necə deyərlər, məsələni malalamağa və prezidentin nüfuzunu xilas etməyə çalışdı. O, bəyan etdi ki, Rəisi öz çıxışında Mühəqqiq Ərdəbili dedikdə, başqa bir şəxsi – “Came ər-rovat” əsəri ilə məşhur olan XVII əsrdə yaşamış mühəddis Məhəmməd ibn Əli Ərdəbilini nəzərdə tutub. Amili əlavə edib ki, Ərdəbildə hazırda fəaliyyət göstərən Mühəqqiq Ərdəbili Universiteti də bu şəxsin adını daşıyır. Rəsmi İRNA agentliyi, eləcə də hazırkı hökumətə yaxın “Təsnim” xəbər agentliyi Ərdəbilin imam-cüməsinin bu açıqlamasını həqiqət kimi yaydılar. Amma hər kəs də bilir ki, Ayətullah Amili bu hərəkəti ilə növbəti saxtakarlıq edib, çünki onun haqqında danışdığı şəxs bu ləqəbi daşımayıb və 1978-ci ildə əsası qoyulmuş Ərdəbildəki universitet də onun şərəfinə adlandırılmayıb. Təsadüfi deyil ki, tezliklə bu saxtakarlığa etiraz edənlər meydana çıxdı. Tanınmış İran siyasətçi və ruhanisi Rəhmətullah Bigdeli Zəncandan Ərdəbil imam-cüməsinə iki açıq məktub yazaraq, ona etirazını bildirdi. Öz məktubuna o, “Came ər-rovat” əsərinin bütün nəşrlərinin şəklini əlavə edərək, heç yerdə onun müəllifinin Mühəqqiq ləqəbi ilə qeyd olunmadığını vurğuladı. Rəhmətullah Bigdeli öz məktubunda Amiliyə müraciətlə yazır: “Siz yaxşı bilirsiniz ki, cənab İbrahim Rəisi o möhtərəm şəxsiyyəti tanımadığına görə böyük səhvə yol verib ki, bu da onun hövzə savadının azlığından xəbər verir”.
Beləliklə, aydın olur ki, İbrahim Rəisi nə dünyəvi, nə də dini elmlər sahəsində elə bir savada və dünyagörüşünə malik deyil. Görünür, onun yaxşı bildiyi yalnız “edam elmidir” ki, bu da onun karyera yüksəlişini təmin edib. İranın ali rəhbəri Əli Xameneyi də ölkədəki kütləvi narazılıq şəraitində hökumətin başında məhz belə bir adamın durmasını lazım bilib. Amma o da aydındır ki, Rəisini prezident postuna gətirməkdə onun gələcəyə yönəlik niyyəti də var – həm savad, həm də imic baxımından pis durumda və zəif mövqedə olan bu şəxs deyiləni edəcək və hakimiyyətin ötürülməsi ilə bağlı Xameneyinin qurduğu planın gerçəkləşməsinə ləbbeyk deyəcək.
Şərhlər bağlıdır.