AMEA AKADEMİK Z.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ELMİ ŞURASININ QƏRARI İLƏ

“Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” I cildin yeni çapı

1985-ci ildə kiril əlifbası ilə Ş.Ə.Tağıyevanın məsul redaktorluğu ilə Bakıda “Elm” nəşriyyatında çap olunmuş “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” (I cild) kitabı AMEA akademik Z.Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə bu günlərdə latın qrafikası ilə  “Elm” nəşriyyatında S.Z.Bayramzadənin məsul redaktorluğu ilə yenidən nəşr olunmuşdur.

Kitabda göstərilən dövr üzrə Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti, onun Şimalı Azərbaycan ilə iqtisadi-mədəni və inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapmışdır. Kitabın ayrı-ayrı fəsilləri Ş.Ə.Tağıyeva, T.Ə.İbrahimov, Ə.M.Həbibov O.S.Məlikov, N.R.Məmmədzadə, Q.Kəndli, M.İ.Şəmsi və A.Z.Zunuzi kimi tanınmış alimlərimiz tərəfindən yazılmış və bu zaman tədqiqatın daha dərindən və hərtərəfli araşdırılması, dəqiq elmi nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimləri Z.Z.Abdullayev, R.Ə.Seyidov, Ə.M.Agahi və Ə.Əminzadənin təqdim etdikləri müvafiq materiallardan istifadə edilmişdir.

Kitabda qeyd edilir ki, İranda ənənəvi olaraq feodal millətçiliyi olmamış, həm İran, həm də Azərbaycanda ictimai-siyasi fikrin inkişafında milli məsələyə zəif diqqət yetirilmiş, ölkədə məskunlaşmış bütün xalqlar etnik mənsubiyyətindən asılı olmayaraq vahid millət ideyasından çıxış etmişlər.

Oçerkin əhatə etdiyi tarixi dövr (1828-1917) ərzində İranda hakimiyyət türk (Azərbaycan) əsilli Qacar tayfasınının əlində və ordunun əsas hissəsi azərbaycanlılardan təşkil olunmuş olsa da, inzibati-ərazi bölgüsünə görə ölkənin ən böyük əyalətlərindən biri olan Azərbaycanda cəmiyyətin əsas təbəqəsi olan kəndlilər hakim təbəqələr tərəfindən amansızcasına istismar olunurdular.

Kitabda Azərbaycan mədəniyyəti sahəsində baş verən dəyişikliklər, xüsusilə 1905-1911-ci illər İran Məşrutə inqilabı dövründə teatr və mətbuat sahəsində əldə olunmuş uğurlar geniş şəkildə şərh olunur. Qeyd olunur ki, mədəniyyət sahəsində baş verən bu canlanma müvəqqəti xarakter daşısa da, “vətənpərvər azərbaycanlılar içərisində onların ümummilli, mədəni və etnik vəhdəti haqqında fikir yetişir, özünə getdikcə daha geniş yol tapır, cənubi azərbaycanlılar  bir millət kimi təşəkkül etməyə başlayırdılar”.

Kitab demək olar ki, Cənubi Azərbaycan tarixini öyrənmək baxımından ilkin mənbə rolunu oynayır. Əsər səlis dildə, zəngin mənbə və ədəbiyyat əsasında yazılıb.

İnstitutun elmi şurası kitabın yuxarıda qeyd olunan məziyyətlərini, müvafiq sahələr üzrə mütəxəssislərin, alim və tədqiqatçıların tariximizin hələ də tam araşdırılmamış cənub qoluna olan marağını nəzərə alaraq onun yenidən latın əlifbasında çap edilməsinə qərar vermiş oldu. Kitabın elektron nüsxəsinin də geniş oxucu kütləsinin diqqətinə təqdim edilməsi nəzərdə tutulur.

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin əməkdaşları 2020-2022-ci illərin plan işi üzrə “Cənubi Azərbaycan tarixinin oçerki. Ən yeni dövr: 1918-1979” (II cild) adlı çox böyük və əhatəli elmi bir işin icrası ilə məşğuldurlar. Qarşıdakı yaxın illərdə bu əsər də çap edilərək oxucuların ixtiyarına veriləcəkdir.

Qeyd edilməlidir ki, 1976-cı ildən başlayaraq fəaliyyət göstərən “Cənubi Azərbaycan” şöbəsi parçalanmış Vətənimizin cənub hissəsinin çağdaş tarixini kompleks şəkildə öyrənmək, tədqiq etmək və bununla bağlı onlarla elmi-tədqiqat, elmi-publisistik əsərləri ortaya qoymaqla artıq ənənəvi bir məktəbə çevrilmişdir.

Şərhlər bağlıdır.