Ötən günlərdə ABŞ səfiri Örl Litzenberqer, Böyük Britaniya səfiri Ceyms Şarp və Fransanın Azərbaycandakı səfiri Zakari Qross Ağdamda səfərdə olublar.
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, həmçinin Tərtərin Səhlabad və Əskipara kəndlərinə, Zəngilana da gedib.
Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, ABŞ, Rusiya və Fransa səfirləri Azərbaycan hökumətinin diplomatik korpusla birgə İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş Şuşa şəhərinə dəvətindən imtina etmişdilər. Bununla da ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin mövqeyi Azərbaycanda ictimai etiraza səbəb olmuşdu.
Bəs onların indiki halda işğaldan azad edilən ərazilərə səfər etməsi nə ilə bağlıdır?
Azerbaycan-ruznamesi.org siyasi ekspert Fikrət Sadıqovun modern.az-a verdiyi açıqlamasında bildirib ki, artıq hər kəs reallıqla barışıb: “İlk vaxtlar bu ölkələrin səfirləri səfərlərdən yayınırdılar. Səbəb sadə idi. Onlar hesab edirdilər ki, bu kampaniya xarakteri daşıyan səfərlərdir və bir neçə müddətdən sonra bitəcək. Sonradan başa düşdülər ki, onlar yanılırlar. Ölkəmizin bir çox işğal altında qalan əraziləri vandalizm nəticəsində məhv edilib. Dağıntılar elə dərəcəyə gəlib çatıb ki, xarici jurnalistlər və qonaqlar o dağıntıları görüb dəhşətə gəlirlər. Elə səbəblərdən biri bu ola bilər.
Eyni zamanda, ABŞ və Böyük Britaniya başa düşürlər ki, Azərbaycan öz ərazilərini azad edib. Uzun illər ABŞ və Fransa ATƏT-in Minsk qrupunda həmsədr olsalar da, münaqişədə heç bir nəticə əldə etməmişdilər. Onlar başa düşdülər ki, Azərbaycan özü bunu edibsə, bundan imtina etmək, görməmək ikiqat siyasi səhvdir. Bu səbəblər onları Ağdama getməyə vadar edən səbəblərdir”.
“Digər tərəfdən də, nəzərə almaq lazımdır ki, üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu digər ərazilərimizdən fərqli olaraq, heç bir döyüş aparılmadan düşmən tapdağından azad edilib. Eyni ilə Kəlbəcər, Laçın rayonu da müharibə olmadan Azərbaycana, yəni öz sahiblərinə geri qaytarıldı. Şübhəsiz ki, bu rayonların azad edilməsi prosesində, bütün bu amillər də onlar tərəfindən nəzərə alınıb. Amma biz deyə bilərik ki, həmin ölkələrin səfirlərinin işğaldan azad olunmuş ərazilərimizə səfəri bu deməkdir ki, Azərbaycanın qələbəsini artıq Qərb də qəbul edir”.
Şərhlər bağlıdır.