21 AZƏR GÜNÜNÜZ MÜBARƏK

BİZ YENİ QƏLƏBƏYƏ ÇATACAYIQ

Əziz həmvətənlər, soydaşlar və dostlar!

Seyid Cəfər Pişəvərinin sədrliyi ilə yaradılmış və Güney Azərbaycanda xalqın milli-demokratik hüquqlar uğrunda mübarizəsinə rəhbərlik edərək, 1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Azərbaycan Milli Məclisinin açılmasına və Azərbaycan Milli Hökumətinin təşkilinə nail olmuş, milli mədəniyyətin, iqtisadiyyatın bütün sahələrində xalqın mənafeyi üçün, onun azadlığı və rifahı üçün böyük və əvəzsiz islahatlara imza atmış Azərbaycan Demokrat Firqəsinin yaranmasından 76 il keçir.

Bu Firqə (partiya) bu gün də diridir, yaşayır, fəaliyyət göstərir, özünün Mərkəzi Komitəsinə və mətbu orqanına, rəsmi İnternet saytına malıkdir.

1945-ci il sentyabr ayının 3-də Təbriz şəhərində yaradılmış Azərbaycan Demokrat Firqəsinin (ADF) siyasi fəaliyyətinin araşdırılması, öyrənilməsi və ortaya qoyulması bu gün də İran xalqlarının, o cümlədən azərbaycanlıların milli-demokratik hərəkatını doğru yola istiqamətləndirmək, düzgün şüarların seçilməsi və hərəkət xəttinin müəyyən edilməsi baxımından çox mühüm və əhəmiyyətlidir. Çünki ADF-ni yaradan siyasi, iqtisadi və sosial şərait İran daxilində indi də mövcuddur.

21 Azər hərəkatı İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və təsdiqlədi, onların milli şüurunu formalaşdırdı, İran kimi çoxmillətli bir ölkədə milli-mədəni və hətta, siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanını təsdiqlədi, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Milli Hökumətin çox qısa bir müddət ərzində həyata keçirdiyi islahat tədbirləri milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, onun qurulması yollarını, formasını göstərdi, azərbaycançılığı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunə etdi.

İran xalqları Azərbaycanda baş verən 21 Azər hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını görürdü, ona özlərinin mübarizə dayağı kimi baxırdılar. Həmin dövrdə İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca, İran azadlıqsevərlərini boğmaq qeyri mümkün olacaqdır”.

Azərbaycan Milli Məclisinin (MM) qəbul etdiyi qanunlar və Azərbaycan Milli Hökumətinin (AMH) islahat tədbirləri barədə qısa arayış:

  1. 08.04.1946 – mədənlərin, bütün yeraltı sərvətlərin, təbii meşələrin milliləşdirilməsi və onların dövlət inhisarında olması haqda qanun;
  2. Məclisin 08.05.1946-cı il tarixli qanununda deyilirdi: “Bütün hökumət işçiləri Vətən parçası geyməlidir”;
  3. 120 iri, orta və xırda sənaye müəssisəsi bərpa edildi, tikildi və işə salındı;
  4. Milli Məclis zəhmətkeşlərin və sənətkarların vəziyyətlərinin yaxşılaşması və iş şəraitinin kökündən dəyişdirilib qaydaya salınması haqqında 52 maddədən ibarət qanun qəbul etdi;
  5. Tarixdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquq verildi;
  6. AMH radikal torpaq islahatı etdi. Xalq düşmənlərinin 437 parça torpaq sahəsi (Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) müsadirə edilib dövlətə aid 373 parça kənd torpaqları (torpaq fondunun 4%-i) ilə birlikdə 1 milyon nəfər kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü;
  7. 22 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunu” verildi, icma torpaqlarından həmin ərazidə yaşayan bütün kəndlilərin bərabər surətdə istifadə etməyə tam haqlı olduqları qeyd edildi, kəndli su haqqı, otlaq haqqı, çöldən yanacaq yığmaq haqqı və sairə bu kimi rüsumlardan həmişəlik azad edildi, kəndlilərin mülkədarlara, dövlətə, sələmçiyə və başqalarına olan borcları ləğv edildi, kəndlinin bütün biyar növlərindən azad edilməsi və s. bu kimi mükəlləfiyyətlər qanun çərçivəsində qadağan olundu;
  8. “Kənd təsərrüfatı bankı” yaradıldı:
  9. Kəndlinin bağ yeri, xırman sahəsi və evinin yeri ilə birlikdə sahib olduğu bütün təsərrüfat sahələrinin yeri əvəzsiz olaraq kəndliyə verildi;
  10. Pula olan ehtiyacı ödəmək məqsədilə arxasında möhkəm dövlət əmlakı dayanan 1 (bir) milyon tümənlik müvəqqəti xəzinə qəbzi nəşr edildi;
  11. AMH Azərbaycanda Milli Bankın 19 şöbəsini yaratdı;
  12. “Kənd Təsərrüfatı Bankı”nın ixtiyarına 5 mln. tümən verildi;
  13. Azərbaycandan ixrac edilən və Azərbaycana idxal edilən malların hamısına nəzarət edilməsi haqqında qanun verildi. Lakin AMH-in hələlik xariclə ticarət etmək imkanı yox idi;
  14. Xalqın yaxından iştirakı ilə zəruri yerlərə şosse yolları çəkildi, körpülər salındı, məktəblər, xəstəxanalar, apteklər, doğum evləri, körpələr evi, uşaq bağçası və müxtəlif uşaq evləri, klublar və başqa ictimai müəssisələr tikildi və yaxud köhnə binalar təmir edilib abadlaşdırıldı, asfalt salındı, elektrik stansiyaları yaradıldı, radio şəbəkələri çəkildi, idarə və müxtəlif müəssisələr tikildi və ya genişləndirildi, su xətləri çəkildi və digər su kəmərləri təmir edildi, çayların qabağında sədlər çəkilməsi və beləliklə vaxtaşırı daşqınların qarşısının alınması və sairə bir çox bu kimi çox mühüm abadlıq işlərinə də başlanıldı;
  15. Azərbaycab Milli Hökumətinin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olunmuş, idarələr, danışıq və yazışma, bütün məktəblərdə tədris Azərbaycan dilində aparılmışdır (ibtidai məktəblərdə dərslər yalnız ana dilində aparılmalı idi, ondan sonra isə ana dili ilə yanaşı fars dilinin də işlənməsinə icazə verilirdi). Eləcə də rəsmi elanlar, qanun layihələrinin yazılması, hökumət idarələri, ticarət mərkəzləri, xalq qoşunları haqqında verilən fərmanlar, məhkəmə işlərinin, rəsmi yığıncaqların Azərbaycan dilində aparılması Milli Məclisin təsdiqi ilə qanuni şəkil almışdır;
  16. Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı;
  17. Milli hökumət tətəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı;
  18. Təhsilin pulsuz olması haqqında AMH tərəfindən qərar qəbul edildi;
  19. Milli Məclisin 12 yanvar 1946-cı il tarixli iclasında yetim və sahibsiz uşaqların Milli Hökumət hesabına saxlanması, oxumaları və tərbiyə olunmaları haqqında qanun qəbul edildi;
  20. 1946-cı il mart ayının 7-də Təbriz şəhərində dəmir yol mütəxəssisləri hazırlamaq üçün 4 şöbədən (mexanik, sürücülük, dəmir yolları çəkmək və rabitə) ibarət 3 illik texnikum açıldı;
  21. Kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün Təbriz şəhərində 4 aylıq kurs təşkil olundu;
  22. Firqə və hökumət kadrları yaratmaq məqsədilə Təbriz şəhərində 3 aylıq siyasi kurslar, hüquq məktəbi açılmış və burada Azərbaycanın siyasi, ədliyyə və idarəçilik üzrə kadrlarının hazırlanmasına başlanmışdı;
  23. Qısa müddətli tibb işçiləri məktəbi, 3 illik feldşerlik məktəbi, 3 illik mamalıq məktəbi açılmışdı;
  24. Milli Məclisin 21 dekabr 1945-ci il tarixli iclasında Xalq Qoşunlarinin (əslində Xalq Qoşunları Nazirliyinin) təşkili haqqında qanun qəbul edildi;
  25. 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı;
  26. 1946-cı il fevral ayının 28-də polis işçiləri hazırlamaq üçün Təbriz şəhərində daxili işlər idarəsinin nəzdində xüsusi kurslar açıldı;
  27. 12.06.1946-cı il tarixində Azərbaycanda 3 fakültədən – tibb, kənd təsərrüfatı və pedaqoji (fizika, kimya, tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat və təbiət şöbələri) fakültələrdən ibarət “Azərbaycan” universiteti açıldı;
  28. Təkcə bir il içərisində 50-yə qədər qəzet və jurnal, çoxlu dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap edildi, Azərbaycan dilində “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, “Qələbə”, “Cövdət”, “Urmiya”, “Cavanlar”, “Azər” və sairə qəzetlər, “Azərbaycan ulduzu”, “Şairlər məclisi”, “Maarif”, “Vətən”, “Fədai”, “Demokrat”, “Günəş” adlı məcmuələr nəşr edildi;
  29. Təbriz şəhərində “Behzad” adına incəsənət muzeyi və ali incəsənət məktəbi açıldı. Həmin məktəb rəssamlıq, heykəltəraşlıq, döymə və musiqi şöbələrindən ibarət idi və burada 300 nəfər gənc təhsil alırdı;
  30. Azərbaycan radio stansiyası açıldı, radio məlumat komitəsi yaradıldı;
  31. Sərdari-milli Səttarxana və salari-milli Bağırxana heykəllər, Şeyx Məhəmməd Xiyabaniyə abidə qoyuldu;
  32. Yeni kino-teatrların açılması ilə yanaşı köhnələrinin bərpası, teatr binalarının, eləcə də qədim abidələrin təmir edilməsi kimi mədəni işlərin görülməsi üçün AMH 1946-cı il 24 may tarixli iclasının qərarı ilə büdcədən 14 milyon 22 min 300 tümən pul ayrılmasını təsdiq etdi (ümumi büdcə vəsaiti 64 mln.tümən idi);
  33. AMH özünün 6 fevral 1946-cı il tarixli iclasında milli-demokratik hərəkatda iştirak edən 20 min nəfər mübarizin “21 Azər” medalı ilə təltif edilməsi barədə qərar verdi;

AMH tərəfindən həyata keçirilən yuxarıdakı mühüm islahat tədbirləri geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyindən tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində öz əksini tapdı. 21 Azər hərəkatı xalqımızın mübarizə tarixində inqilabi hərəkatın ən yüksək zirvələrindən birini təşkil etdiyi kimi onun təsir dairəsi də olduqca geniş oldu.

Yaşasın Azərbaycan!

Var olsun birlik, mübarizə, zəfər!

21 Azər bayramınız mübarək olsun!

 21 Azər 1400/12 dekabr 2021

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.