TÜRK DÜNYASININ MƏŞHURLARI

MİNBİR MƏŞƏQQƏTLƏR İÇƏRİSİNDƏ YAŞASA DA ƏQİDƏSİNDƏN DÖNMƏYƏN MÜBARİZ ŞAİRİMİZ HƏBİB SAHİR...

Türk dünyasına onlarla dahi, sənət adamı, dövlət xadimi, sərkərdə bəxş edən Təbriz 19-20-ci yüzillərdə ağır günlərini keçirirdi. Belə çətin vaxtlarda, 1903-cü ildə Təbrizdə Həbib Sahir kimi istedadlı bir şair dünyaya gəldi.

Kiçik Həbib gözünü açıb dünyanı dərk etmək istəyəndə doğma yurdunu döyüş meydanı kimi gördü. Konstitusiya uğrunda mübarizə gedirdi. Xalq ayağa qalxmışdı. Monarxiyaya qarşı baş qaldırmış etiraz hərəkatına Səttərxan, Bağırxan və onların məsləkdaşları rəhbərlik edirdi. Şəhərin küçələri döyüş meydanını xatırladırdı. 5 yaşlı Həbibin gözü qarşısında Səttərxan kiçik dəstəsiylə evlərin üzərindəki təslimçilik əlaməti olan ağ bayraqları vurub yerə sərirdi. 9 yaşında isə Tehranda Təbriz mücahidlərinə divan tutulduğunu eşidirdi. Mücahidlər arasında Həbibin qohumları və yaxınları da vardı. Xalqın Sərdarimilli adlandırdığı Səttərxanın yaralanması və iki il sonra haqqa qovuşması bütün təbrizlilər kimi balaca Həbibi də sarsıdır.

Atasını çox erkən itirən Həbib ilk təhsilini mollaxanada alır. Təhsildə yaşıdlarından fərqlənir. Ədəbiyyata daha çox maraq göstərir. 17 yaşında isə o, Təbrizdə Şeyx Məhəmməd Xiyabanının qurduğu qısa ömürlü Azadıstan hökumətinin qan içində boğulmasının şahidi olur. Başa düşür ki, azadlıq mübarizəsi yalnız silahlı müqavimətlə uğur qazana bilməz. Bunun üçün xalqın savadlanması, dünyagörüşünün formalaşması da vacibdir. Odur ki, özünün savadlanması qayğısına qalmaqla yanaşı xalqının maariflənməsi üçün də əlindən gələni əsirgəmir.

Həbib Sahir Təbrizdə mədrəsə təhsilini başa vurub Türkiyəyə gedir. İstanbul Universitetinin tarix və coğrafiya fakültəsində oxuyur. Orada çağdaş Türk və Fransız şerilə yaxından tanış olur. Ali təhsilini başa vurduqdan sonra boya-başa çatdığı şəhərə qayıdır. Ədəbiyyatı yeniləşdirmə hərəkatının öncüllərindən Tağı Rüfətlə yaxından tanış olur. Tağı Rüfət Fransada təhsil almış və fransız şerini örnək götürərək, şerdə yeniliyi, çağdaşlığı və sərbəstliyi müdafiə edir və fars dilində sərbəst şerlər yazır. Çağdaş və sərbəst fars poeziyasının atası və yaradıcısı sayılan Nima Yüşic (Əli İsfəndiyari) Tağı Rüfətdən bir neçə il sonra sərbəst şer yazmağa başlayır.

Fransız poeziyasına dayanaraq, İranda sərbəst şeirin əsaslarını qoyan, ədəbiyyata Avropa metodlarını gətirən Tağı Rüfət ilə dostluq Həbib Sahiri yenilikçi hərəkatın öncüllərindən birinə çevrir. O, Lamartinin məşhur “Göl” poemasını Azərbaycan Türkcəsinə çevirir.

Özünü Tağı Rüfətin şagirdi sayan gənc Həbib sərbəst şeri əvvəllər ustadı kimi farsca yazmağa başlayır. Amma bu çox da uzun sürmür. Tağı Rüfət millətimizə qarşı edilən zülmlərə, ədalətsizliyə və həqarətə dözməyərək intihar edir. Həbib Sahir bundan sonra farsca yazmağı tərgidir.

S.C.Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətinin apardığı islahatlar və həyata keçirdiyi tədbirlər Həbib Sahirə güclü təsir göstərir. O, bütün gücü ilə ana dilində yazıb-yaratmaqla yanaşı, yad dildə yazanlara qarşı mübarizəyə başlayır. Ona görə də farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edərək deyir:

Yada qul ol

Dərdə alış

Farsca danış…

Əsirliyi, dərvişliyi

Təlqin elə uşaqlara

İnansınlar türrahata…

Milli hökumət Tehran ağalarının qanlı əlləri ilə süquta yetirildikdən sonra o, müəllim işlədiyi məktəbdən qovularaq sürgünə göndərilir. Ustadın sürgünə həsr olunan poemasından bir parça:

Hava soyuq

axşamüstü bir qafilə yola düşdü.

Öz yurdundan qovulanlar,

Dar dibindən qurtulanlar,

Öz dilində qəzəl yazan,

Özün azad insan sanan

Qoşuldular o karvana…

Azərbaycan Milli Hökuməti devriləndən sonra şah rejiminə qulluq edən Azərbaycan Türkləri haqqında yazır:

Xarabazar eylədi

Od diyarını, əfsus,

Quru və isti diyardan

Axıb gələn ordu

Elim əsir olaraq oymağım köçüb – getdi.

Və farslaşan ağalar satdılar gözəl yurdumu.

Ustad Həbib Sahir “Mən əsir ellərimin şairiyəm” şerində Güney Azərbaycan ziyalısının faciəsindən yazır, Azərbaycan türklərinin bir millət kimi alın yazısına etiraz edir:

Binəhayət bu göyün altında

Bizə bir qübbeyi-füruzə də yox.

Yanar əflakda minlərlə çıraq

Bizə bir şam, bir avizə də yox.

Bu qədər ulduz arasında bizə

Yeddi göylərdə bir ulduz yoxumuş.

Öldülər quşları aləmdə məgər,

Bizə çatdı o ağlar Bayquş

Qovalarkən məni hər gün möhlət

Qapımı döymədədi hər gecə qəm

Hamı azadə elin şairi var

Mən əsir ellərimin şairiyəm…

Ustad Sahir “Səhər işıqlanır” kitabında yazırdı ki, o qanlı və yaslı payızdan, yəni Milli Hökumətin süqutundan ötən dövrdən artıq 32 payız keçib, amma hələ yaralar sağalmayıb… Bununla belə soyuq güllər altında közlər qaldı… Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır.

Bizim Türkü şirin dildir

Ana güldür, bir gün solar,

Ana dili şirin olar.

Bizim Türkü şirin dildir,

Xoş sədalı, zəngin dildir.

Dil günəşdir, ışıq saçar,

Azadlığa qapı açar.

Yadın dili boyunduruq,

Bir geçiddir buruq-buruq.

Boyunduruq xalqı boğar,

Geçidlərdə quldur soyar.

Qoy yadlaşsın senatorlar,

Xalqı soyan tacir tüccar.

Yaltaq şair yolun azsın,

Təkcə Farsı qəzəl yazsın.

Ustad Həbib Sahir şah və İslam rejimlə mübarizə aparmaqla yanaşı, geriçiliyə, xurafat, ehkamçılıq, dərvişçiliyə qarşı da çıxış edərək xalqını azad, sərbəst və çağdaş bir millət olmağa çağırırdı.

Ədəbiyyatşünaslar onu Güney Azərbaycan şerinin qocaman, qərib və tanınmayan ustadı, habelə Azərbaycanın “Viktor Hüqo”su kimi dəyərləndirirlər. Ustad Həbib Sahir bütün varlığını Azərbaycan şeri və milləti yolunda sərf etməsinə baxmayaraq, təəssüflər olsun ki, o taylı-bu taylı yurddaşlarımız bu görkəmli mübariz şairlə çox az tanışdırlar.

Həbib Sahir 1979-cu il inqilabının Azərbaycana köklü dəyişiklik gətirməyəcəyini elə ilk aylardanca sezmişdi. O yazırdı:

Mənim içərimdə inləyən bu saz

Yalnız türkçülükdən söyləyir avaz.

Elə vurulmuşam bu avaza mən,

Bu səslə bağlandım sənə, ey Vətən.

O bütün şüurlu həyatını şahlıq üsul-idarəsinə və onu əvəz edən indiki rejimə qarşı kəskin və barışmaz mübarizəyə həsr etmişdi, Azərbaycan türklərinin haqlı məsələsində bir addım da geri çəkilməmişdi. Necə deyərlər, ustad Sahir yalqız yaşayıb, yalqızca da dünyasını dəyişdi. Onun əhval-ruhiyyəsini təsvir edən bir şerində oxuyuruq:

İstəməm nəxşü-nigarım qala, şerim oxuna,

İstərəm bir gizli həsrət tək ürəklərdə qalam.

Unudarsa məni el, çəkməsə tarix adımı,

İstərəm Aytək, yurd üstə gecə şövq salam.

Ustad şair mübarizəyə qoşulmazdan öncə romantik bir şair idi. Onun poeziyasında təbiətin gözəlliyi, varlığın sirri, qəribəliyi, anlaşılmazlığı ana motiv kimi özünü qabarıq şəkildə göstərirdi. Zaman keçdikcə yavaş-yavaş ictimai romantizmə yönələrək bu dövrdən başlayaraq yeni bir fəza qazanır. Azərbaycan təbiətinin gözəlliyi və insanın belə bir gözəl təbiətdə, mühitdə yazıqcasına yaşaması onun şerlərinin əsas mövzusuna çevrilir. Dünyanı qara romantik gözlə görən ustad millətinin, Azərbaycan türklərinin, ölkəsi Güney Azərbaycanın dərdini öz dərdi bilirdi. Onun poeziyasında bu günə kimi görünməyən bir işıq parlamağa başlayır. Ustad şair öz ölkəsi ilə dərdləşərək belə deyir:

Ey mənim şanlı elim,

Hürr Vətənim, al Günəşim!

Ayna tək parla üfüq

Dərya tək çərxi əsir.

Ay qadınlar, analar,

Bircə açın pəncərəni

Sübh açılmaqdadır

Sübhün yeri danlardan əsir…

Ustad Həbib Sahir də İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək ömrünü Tağı Rüfət kimi başa vurur. 85 yaşında Tehran yaxınlığındaki Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asır.

Əli Şamil

Şərhlər bağlıdır.