İRANDA MÜƏLLİMLƏRİN BUGÜNKÜ ETİRAZ HƏRƏKATLARI BARƏDƏ

Bazar ertəsi günü, 2021-ci ilin dekabr ayının 13-də, iki günlük tətillərdən sonra İranın 80-dən çox şəhərində minlərlə müəllim küçələrə çıxaraq “ixtisas dərəcəsi” layihəsinin həyata keçirilməməsinə qarşı etiraz ediblər. Onlar dekabrın 23-də də bu kütləvi etirazı təkrarladılar.

On ildən artıqdır ki, müəllimlər “ixtisas dərəcəsi” layihəsinin həyata keçirilməsi üçün mübarizə aparırlar ki, bu da onların əmək haqqı bazasının və yaşayış şəraitinin artırılması ilə birbaşa bağlıdır. Müəllimlər ümumilikdə ədalətli əmək haqqı, müxtəlif dövlət idarələrində çalışan işçilərin maaşlarının verilməsində ayrı-seçkiliyə yol verilməməsini, işlə təmin edilmələrini, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını tələb edirlər. Təhsil sistemi strukturunda ayrı-seçkiliyin aradan qaldırılması, təhsilin əmtəələşməsi prosesinin dayandırılması və hər kəsin pulsuz təhsil alma hüququ kimi tələblər müəllimlərin səsləndirdikləri əsas şüarlar sırasındadır.

Müəllimlərin son illərdəki etirazları geniş vüsət almaqdadır. 2018-ci ilin may ayından bu günə qədər onlar bütün ölkə üzrə bir neçə dəfə tətillər və oturaq aksiyalar təşkil etmişlər. Müəllimlərin dekabrın 13-də keçirilən etiraz mitinqləri sözügedən həmin hərəkatların davamı olaraq baş versə də, izdihamlı olması baxımından misilsiz bir hərəkat idi.

Bu tarixi etiraz hərəkatından iki gün sonar, dekabrın 15-də, İran İslam Şura Məclisi (Parlamenti) “Müəllimlərin ixtisas dərəcələri haqqında qanun layihəsi”ni təsdiq etdi. Müəllimlərin Həmkarlar İttifaqı fəalları isə İran parlamentdə qəbul edilən bu qanun layihəsini “başdansovdu qanun layihəsi” adlandırırlar.

Müəllimlərin bu gün İranda baş verən etirazlarının hansı sonluqla qurtaracağı, nəticədə onların nələrə nail olacaqları, “Müəllimlərin ixtisas dərəcələri haqqında qanun layihəsi”nə münasibətdə etirazların miqyas dinamikasının necə olacağı, müəllimlərin ixtisas dərəcələrinə görə bu gün təyin edilmiş maaşlar onların yaşayış xərclərini qarşılaya biləcəkmi kimi suallar, bununla bağlı təhsil sisteminin, xüsusilə məktəbyaşlı uşaqların gələcək taleyi İran cəmiyyətini düşündürməkdədir.

Bu suallara cəmiyyəti qane edə biləcək cavablar verilə bilməzsə, Vilayəti-fəqih rejimini daha acı tale gözləyəcəkdir. Belə ki, təhsil dövlətin təməl prinsiplərini formalaşdıran, onu qoruyub saxlayan ziyalılar ordusunu yetişdirən çox ciddi bir sistemdir. 

Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.