CLUBHOUSDA İLİN İLK KONFRANSI – ADF-NİN SƏDRİ RƏHİM HÜSEYNZADƏNİN ÇIXIŞI

20 YANVAR FACİƏSİ, QAZAXSTANIN İŞĞALI VƏ TÜRK DÖVLƏTLƏR TƏŞKİLATI

Yanvarın 16-da Clubhousda, Azərbaycan Demokrat Firqəsinin cari ildə ilk konfranı keçirilib. Otağa toplaşanlar bu  mövzunu müzakirə ediblər: “20 Yanvar faciəsi, Qazaxstanın işğalı və Türk dövlətlər təşkilatı”.

Tədbir Təbriz vaxtı ilə saat 19:30 dəqiqədə (Bakı vaxtı ilə 20:00)  baş tutdu.

Konfransa Rəhim Şahbazi adminlik edirdi. Məruzəçi Türk Cumhuriyyətlər uzmanı, akademik, jurnalist, araşdırıcı, milli egitim üzərində mütəxəssis Mətin bəy İldırım idi.

Öncə Azərbaycan Demokrat Firqəsinin dövlət himni səsləndi. İnqilabi musiqilərin canlı ifaçısı İsmayıl müəllim bu himni də şövqlə oxudu.

Azərbaycan Demokrat Firqəsinin beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşimi Cavanşir konfransın gündəmini otaq iştirakçılarının nəzərinə çatdırdı. O, mövzu ətrafında müəyyən arayış verdi. Sonra Mətin bəy İldırım zəngin və faktlarla dolu 20 Yanvar facisəsinin səbəbləri, amilləri və nəticələri barədə danışdı. Bildirdi ki, Rusiya imperiyasının təcavüzkar xarakterindən irəli gələn, 2 yanvar 2022-ci ildə Qazaxstanın işğalını həyata keçirən və qazax xalqının suverinliyini pozan, təcavüzkar tələbləri ilə çıxış edən Rusiyanın dəsti-xətti barədə geniş məlumat verdi.

Mətin bəy İldırım söhbətlərinin davamında türk dövlətlər təşkilatının bu barədə mövqeyini açıqlayaraq qeyd etdi ki, imperiya ambisiyaları ilə yaşayan dövlətlərin zamanı çoxdan keçib. Məruzəçi qeyd etdi ki,  Sayın Ərdoğan demişkən, dünya beşdən böyükdür. Sülh, əməkdaşlıq, istiqlal və bərabər hüquq üzrə mütləq ciddi çalışmaların vaxtı gəlib çatmışdır. Hər cürə torpaq işğalına, dövlətlərin suverinliyinə təcavüz basqılarının vaxtı  çoxdan keçmişdir.

Otaq iştirakçıları Mətin bəy İldırımın çıxışını diqətlə izləyərkən bir çox maraqlı suallarla tədbirin müddətini 4 saata qədər uzatmışlar.

Konfransın sonunda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə çıxış edərək, 20 Yanvar faciəsinin qurbanlarının ailələrinə başsalığı, qazilərinə cansağlığı, törədənlərinə üzüqaralıq arzulayaraq, Azərbaycanın Güneyi və Quzeyində milli azadlıq uğrunda gedən mübarizəni əngənləyən qüvvələri pisləmiş, otaq iştirakçılarına və firqə üzvlərinə öz təşəkkürünü, salam və sayğılarını bildirmişdir.

O, söhbətinin davamında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycanın suverinliyinin qarantı olduğunu qeyd edərək, “HƏR GÜN 21 AZƏRDİR, HƏR GÜN İNQİLABDIR” şüarının bu gün də gündəmdə olduğunu dedi. Güney və Quzeyin biri-birinə dəstək olduğunu xatırlatdı.

Konfrans Abdulla Cavanşir və Mətin bəy İldırımın yekun sözü ilə bitmişdir.

Konfrans barədə məlumatı hazırladı: Beyrək 

 

Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadənin çıxışının mətnini sizlərə təqdim edirik:

Hörmətli Azərbaycan Demokrat Firqəsinin üzvləri, əziz xanımlar və bəylər, Sizləri yeni ildə xoş gördük!

Məsəl var deyərlər ki, haqqı, ədaləti müdafiə etməyən, onun naminə hər cürə fədakarlığa hazır olmayan xalqın azadlıq, müstəqillik və suverenlik kimi nemətlərə əli çatmaz.

Biz azərbaycanlılar Arazımız sağa-sola bölünəndən mübarizə meydanlarındayıq. Şükürlər olsun Şimali Azərbaycan müstəqildir, Güneyimiz isə 1945-1946-cı illərin Milli Hökumətini qəlb yaddaşında saxlayır.

70 il Sovet İttifaqının tərkibində fəaliyyət göstərdikdən,  20 Yanvardan sonra bir xalq olaraq mütəşəkkil qüvvə kimi birləşməyi, qələbə ünvanına qovuşmağı bacardıq. Suverenliyin yolu çox ağır sınaqlardan keçdi. Amma sevinirik ki, müstəqil dövlət kimi formalaşan, dünyanın siyasi sistemində sanballı çəkisi olan Azərbaycan Respublikası son bir ildə özünün hazırkı sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib.

İndi Prezident İlham Əliyev qalib kimi şərtlərini qəbul etdirir. Ermənistanın başqa çıxış yolu da yoxdur. Əgər o sağlam bir dövlət kimi dinc yanaşı yaşamaq, inkişaf etmək istəyirsə bu şərtləri könüllü qəbul etməlidir.

Əziz firqə üzvləri, möhtərəm tərəfdaşlar! Tarixi proseslər elə gətirib ki, Güneyimizdəki inqilabların demək olar tam əksəriyyəti Quzeydən qaynaqlanıb. Onlar lazım gələndə qardaş kimi dəstək veriblər. Səttərxanı, Şeyx Məhəmməd Xiyabanini, Seyid Cəfər Pişəvərini Neft Bakısı, deyildiyi kimi İnqilab Qazanında bişirib. Güneydə onlara inam, qüvvət verib. Belə desək, Neft Bakısı inqilab məktəbi olub, mübarizə məktəbi olub. Burada daim inqilab qoxusunu sinəsinə çəkənlər bu havanı özləri ilə ölkələrinə aparıblar.

İndi biz deyirik: “Hər Gün 21 Azərdir, Hər Gün İnqilabdır”. 76 ildir ki, İranda inqilabın bayraqdarı Azərbaycandır.

Pəhləvilərdən sonra baş verən 22 Bəhmən inqilabı bütün xalqımızın ümumi xətasıdır. Nəticədə 1979-cu ildən bəri 22 Bəhmən inqilabından sonra axıdılan qanlar birə-beş artıb. Daha azğın, simasız Vilayəti-Fəqiq rejimindən hər hansı humanizm, insanpərvərlik gözləmək baş aldatmaqdan başqa heç nə deyildir. Ona görə də hələ məqsədinə çatmamış inqilab hərakatımız bu şüarı yenə gündəmdə saxlayır: “Hər gün 21 Azərdir, Hər Gün İnqilabdır”.

Mən Klubumuzun iştirakçılarına baxarkən ürəyim dağa dönür. Maşallah, say-seçmə mübarizlərimiz sıramızdadır. Deməli, biz getdikcə daha gəncləşir, güclənir və qələbə ərzmimiz artır.

Dünya partlayışlar ərəfəsindədir. İndi xalqlar canlarından, qanlarından keçərək suverenliklərini qoruyurlar.

Qazaxıstan hadisələri göstərdi ki, bu xalqa ikrah hissi ilə baxanları Qazax xalqı heç vaxt qəbul etməyəcək. O, azaddır, müstəqildir və bunu heç kəsə pay-püşk etmək niyyətində deyil. Azərbaycan Demokrat Firqəsi də bu xalqın haqq işini bəyənir, müdafiə edir və keçmiş imperiya iddiaları ilə yaşayanların qarşısında kəsərli silah, zərbə sayır.

Mən əminəm ki, bu günkü Klubumuzda həmin məsələlər ətrafında geniş söhbətlər gedəcək, yenə ortaq məxrəclərlə oranı nikbin əhval-ruhiyyə ilə tərk edəcəyik.

Şərhlər bağlıdır.