İRAN İSLAM RESPUBLİKASI PREZİDENTİ İBRAHİM RƏİSİNİN RUSİYAYA PLANLAŞDIRILMIŞ SƏFƏRİ BİR TƏLƏDİR, YOXSA…?

Bu günlərdə İbrahim Rəisi dövlətinin sözçüsü ölkə prezidentinin Rusiya ilə 20 illik müqavilə imzalamaq üçün tezliklə Moskvaya gedəcəyini açıqlamışdır.

Görəsən, İran prezidenti Rəisinin Rusiyaya planlaşdırılmış qarşıdakı səfəri bir tələdir, yoxsa İran hökumətinin Rusiya ilə sövdələşmədə böyük strateji qələbəsi nəzərdə tutulur?

Rəisi dövlətinin sözçüsü Əli Bahaduri çərşənbə axşamı günü, 2021-ci ilin 28 dekabr tarixində bildirib ki, prezident İbrahim Rəisi rusiyalı həmkarının dəvəti ilə yaxın günlərdə Rusiyaya səfər edəcəkdir.

Bahadurinin açıqlaması ilə eyni vaxtda Rusiya mətbuatı da bu səfər zamanı Tehran və Moskva arasında 20 illik əməkdaşlıq sənədinin imzalanması barədə xəbər yaymışdır. Rusiya mətbuatı eyni zamanda onu da qeyd edir ki, Rusiya ilə İran hökuməti arasında 20 illik əməkdaşlıq barədə sənədi (saziş) artıq yekunlaşıb və tərəflər arasında imza üçün hazırdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə 2021-ci ilin dekabr ayının 11-də xəbəri təsdiqləyərək bildirib ki, bu sənəd Çinlə 25 illik əməkdaşlıq sənədinə bənzəyir. Qeyd edək ki, 2021-ci ilin mart ayının 27-də İran və Çin hökumətləri arasında 25 illik müqavilə imzalanıb.

İran hökumətinə aid kütləvi informasiya vasitələri (KİV) də sözügedən 20 illik müqavilə barədə xəbəri istisna bir hal kimi qeyd etmədən bəzi mühüm memorandumların və sazişlərin imzalanması barədəkı məlumat sırasında yayıb.

Bundan öncə də ayrı-ayrı KİV-lərdə İran hökumətinin Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən hərbi silahlar və s. sahələrdə əməkdaşlıq edəcəyi ilə bağlı xəbərlər dərc olunmuşdu.

Ən çox diqqət çəkən məsələ Putinin bu yaxınlarda Moskvada səfərdə olan İran parlamentinin sədri Qalibafla görüşdən imtina etdiyi bir halda həmin ölkənin prezidenti İbrahim Rəisini  tələsik və rəsmi şəkildə Rusiyaya dəvət etməsidir.

Bu arada İran hökumətinin Qərb dövlətləri, xüsusilə də ABŞ ilə maraqlarının toqquşması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, ABŞ ilə qarşıdurma və davam edən sanksiyalar Xamneyi və Rəisi üçün İran xalqının sərvətni hərraca qoymaq hesabına Rusiya və ya Çinə doğru yaxınlaşmaqdan savayı bir seçim qoymamışdır.

Rusiya gömrüyündən əldə edilən son 10 ayın statistikası göstərir ki, Rusiyanın İrana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə (250%), İrandan idxalı isə cəmi 22% artmışdır!

Bu arada Rusiya İran hökumətinin Şanxay sazişinə daxil olması üçün də lazım olan şəraiti yaratdı. Nüvə danışıqları zamanı masa arxasında dünya gücləri İran hökuməti ilə oynadıqları bir zamanda da Rusiyanın bu danışıqlardakı nümayəndəsi dəfələrlə İran hökumətinin xeyrinə yaşıl işıq yandırıb. Ulyanov həmçinin son günlərdə elan edib ki, o, İran hökumətini razılaşmaya dair maksimum tələblərinin bəzilərindən tezliklə geri çəkilməyə də razı salıb.

Heç kimə sirr deyil ki, rusların İran hökuməti ilə qarşılıqlı əlaqədə strateji maraqları var və Qərblə qarşıdurmada özləri üçün İranda möhkəm dayaq yaratmağa çalışırlar.

Digər tərəfdən, ruslar ABŞ və İran hökuməti arasında yekun razılığın əldə edilməsinə həvəsli görünmürlər. Çünki İran hökuməti Rusiya və Çinlə münasibətlərini azaltmaq hesabsına ABŞ-la münasibətlərini artıra bilər, 2015-ci ildə Birgə Kompleks Fəaliyyət Planından (Joint Comprehensive Plan of Action)  çıxdığı kimi.

Bir müddət əvvəl parlament sədrinin müavini Məhəmməd Hüseyni belə bir məsələni bəyan etmişdir ki, artıq İran hökuməti nüvə danışıqlarında Şərqə münasibətdə (Rusiya və Çin nəzərdə tutulur) “B Planı”nı ortaya qoymuşdur.

25 illik müqaviləyə əsasən, ölkə sərvətinin bir hissəsi sanksiyalardan yan keçmək bəhanəsi ilə Çinin boğazına töküldü və indi də deyəsən Putin Rəisini rus pendiri ilə tələyə salmaq niyyətindədir ki, ondan çıxmaq görünür, çox çətin olacaq. Başqa sözlə, İran hökumətinin şərqlilər adlandırdığı Çin və Rusiya İran xalqına üz tutmağın vacibliyini hiss etdikdə bu məsələdən daha çox milli sərvətlərini qoparmaq üçün istifadə ediblər.

Görünən odur ki, Rəisi və Xamenei hökumətinin indiki mərhələdə sanksiyaların kölgəsində belə öz işlərini idarə etmək üçün bu iki ölkəyə sığınmaqdan başqa çarəsi yoxdur, hətta İranı Rusiya və Çinə satmaq bahasına başa gəlsə belə.

Onlar üçün vacib olan məsələ İran xalqının istəkləri, xüsusilə son illərin etirazlarında ortaya qoyduqları tələblər deyil, Vilayəti-fəqih hökumətin yaşamasıdır.

Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Şərhlər bağlıdır.