Qarabağ müharibəsindən sonra iki ölkə arasında kəskinləşən münasibətlər əsasən İran rəsmilərinin Azərbaycanı İsrail əsgərlərini öz ərazisində yerləşdirməkdə günahlandırması ilə başlayaraq, Azərbaycanın Ermənistandakı Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində iranlı sürücülərdən gömrük rüsumu alması hadiəsi ilə davam edib.
Xatırladaq ki, o zaman yayılan xəbərlərə görə həmin bu “TIR”larda Ermənistana İran tərəfindən silah daşınması iddia olunurdu.
Daha sonra Azərbaycan İrandan Qarabağa yük daşınmasını dayandırmasını tələb edib, lakin bunun nəticəsi olmadığı üçün Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində nəzarətini bərpa etməli olub.
Nəticədə bir çox dövlətlər kimi İran da regionda müharibədən sonra Azərbaycanın gücünü, iqtisadi, siyasi nüfuzunu qəbul etmək məcburiyyətində qalaraq, münasibətlərin normallaşması üçün xüsusi təşəbbüs göstərib.
Bu yaxınlarda isə regionda gedən proseslərdə, Qarabağ iqtisadi zonasında quruculuq işlərində və biznes layihələrində iştirak etmək üçün İran bütün sahələrdə münasibətləri daha da genişləndirmək üçün daha bir addım atıb. İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında qeyd edib ki, İran və Azərbaycan arasında əlaqələrdə önəmli hadisələr gözlənilir.
Məsələnin siyasi tərəfini politoloq Sədrəddin Soltanlı ilə müzakirə etdik.
Siyasi analitik Ednews-a açıqlaması zamanı bildirib ki, İran-Azərbaycan əlaqələrində baş verəcək yeni proseslər o qədər də önəmli xarakter daşımır.
“Azərbaycan üçün adi olan bir məsələ İran üçün qeyri-adi ola bilər. İkitərəfli əlaqələrdə İran üçün nə gözlənilməz ola bilər? İranın tikinti şirkətləri işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri apara bilər. Məsələn, İran Ağdam şəhərində məscidi bərpa edə bilər, yaxud Füzuli rayonunda yeni məscidlər tikə bilər. İranda bəzi enerji şirkətləri Xudafərin Su Elektrik Stansiyasının tikintisi ilə bağlı layihələr həyata keçirə bilər. Zəngilan və Qubadlıda böyük komplekslərin tikintisi üçün geniş imkanlara malik ola bilər. Bütün bu proseslər İran üçün qeyri-adi ola bilər”.
Politoloq İran və Azərbaycan arasında karbohidrogen daşıyıcıları sahəsində əməkdaşlıq potensialına da münasibət bildirib.
O, qeyd edib ki, hər iki dövlət karbohidrogen daşıyıcıları üzrə bir sıra sazişlər bağlayıblar.
“Türkmənistan qazının İran üzərindən Azərbaycana ötürülməsi ilə bağlı üçtərəfli saziş imzalanıb. Hətta, növbəti görüşlərdə Bakı və Tehran enerji sahələrində əlaqələri gücləndirmək üçün yeni müqavilələr imzalaya bilərlər. Bundan başqa, İran Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməklə bərabər, Zəngəzur dəhlizi istiqamətində də fəaliyyətini genişləndirə bilər”.
Yunis Abdullayev
Şərhlər bağlıdır.